"Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” imzalanmış fərman Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi aqrar islahatların mühüm tərkib hissəsidir.
Shafaqadogru.com xəbər verir ki, bunu bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov verib.
Onun sözlərinə görə, ötən 14 il ərzində "Aqrolizinq” vasitəsilə ölkədə kənd təsərrüfatı texnika və damazlıq heyvan bazasının formalaşması və təkmilləşməsi fəaliyyəti həyata keçirilib:"Bu müddət ərzində 44 minə yaxın kənd təsərrüfatı texnikası idxal olunaraq 40 faiz güzəştlə satılıb; 35 mindən artıq damazlıq heyvan idxal olunaraq 40 faiz güzəştlə lizinqə verilib; 795 min ton gübrə və 300 min litr pestisidin güzəştli satışı təşkil edilib; 55 aqroservis formalaşdırılaraq texniki servis xidməti göstərilib".
V.Hüseynov bildirib ki, hazırda isə istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranıb.
Fərmana əsasən, bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Texnika və damazlıq heyvan satışı "Aqrolizinq” tərəfindən deyil, təchizatçı şirkətlər tərəfindən həyata keçiriləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarında rəqabət güclənəcək, qiymətlərdə azalma müşahidə olunacaq.
"Aqrolizinq”in portfeli, texnika və damazlıq heyvanlara güzəştlərin tətbiqi funksiyaları Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüləcək. "Aqrolizinq” hələlik digər funksiyalarını davam etdirəcək.
"Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışında iştirak etməyəcək, yalnız gübrə və pestisidlərin satışını həyata keçirən bazar iştirakçılarından biri olacaq.
Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq "Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək.
Kənd təsərrüfatı texnikasının lizinqi zamanı dövlət texnikanın ilkin dəyərinin 40%-ni subsidiya şəklində ödəyəcək. Fermer 20% ilkin ödəniş edəcək, qalan 40% isə fermerə müvəkkil bank tərəfindən kredit şəklində veriləcək. Müvəkkil banklar tərəfindən tətbiq olunan maksimum 7% olan kredit faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq.
Damazlıq heyvanlarda isə dövlətin tətbiq etdiyi subsidiya 10% artırılaraq 50%-dən 60%-ə qaldırılacaq. Vətəndaş qalan məbləğin 25 faizini ilkin ödəniş edəcək, 15 faizini isə banklar kredit şəklində rəsmiləşdirəcək”.
Aparılan islahatlar nəticəsində kənd təsərrüfatı texnikası və damazlıq heyvan bazası artmış olacaq və daim yenilənəcək.
Fərmana əsasən, "Aqrolizinq”in tabeliyində olan aqrotexniki servis xidmətləri mərhələli şəkildə özəlləşdiriləcək. Özəlləşdirmə aqrotexniki xidmətlərin keyfiyyətinin artmasına müsbət təsir göstərəcək.
Kənd təsərrüfatı texnikası ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad olunması da nəzərdə tutulur.