Ağstafa rayonunda məmur özbaşınalıqları, vətəndaşların süründürməçiliyə məruz qalması demək olar ki, adi hala çevrilib. Rayon sakinləri baş alıb gedən özbaşınalıqlarda əsas günahkar kimi icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevi göstərirlər. Əhalinin yetərli hissəsi başçının fəaliyyətindən narazıdır və bununla bağlı dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət ünvanlayıblar. Məlumat üçün qeyd etmək istəyirik ki, Quliyev Məhərrəm Böyükağa oğlu 1968-ci ildə Lənkəranda anadan olub. 2003-cü ildən Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini, 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində işləyib. 01 iyul 2011-ci ildən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Gundelik-baku.com-un apardığı araşdırmalar nəticəsində məlum olub ki, 5 ildir rayona rəhbərlik edən Məhərrəm Quliyev bu müddət ərzində bir çox yeyintilərə imza atıb. Məsələ burasındadır ki, Satınalmalar üzrə Dövlət Agentliyi ilə həyata keçirilən tenderlərdə "qalib” birmənalı olaraq icra başçısı və onun yaxın ətrafına məxsus şirkət, yaxud fiziki şəxslərdir. Belə ki, 2015-ci ildə keçirilən tenderlərin siyahısına nəzər yetirdikdə eyni adların təkrarlanması belə düşünməyə ciddi əsas verir. Əldə etdiyimiz məlumatlara görə, başçıya ən yaxın şirkətlərin arasında "Turan- İnşaat” MMC xüsusi olaraq diqqəti cəlb edir: «Bu MMC 2015-ci ildə bir neçə tenderin qalibi olub. Ağstafa Rayon İcra Hakimiyyəti bərk inventarların satın alınması – 9440 manat, Ağstafa İcra Hakimiyyəti üçün avadanlıqların satın alınması- 5790 manat, inzibati binanın cari təmir işlərinin satın alınması – 9485 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Tatlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən uşaq bağçasının əsaslı təmiri işlərinin satın alınması – 28632,52 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Dağkəsəmən kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi maşın və avadanlıqların satın alınması – 9970 manat. Başçının maliyyə əməliyyatlarını həyata keçirdiyi digər şirkət «Tamerlan-R» MMC-dir. Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi yumşaq inventarların satın alınması – 10860 manat, Səhiyyə Nazirliyi Ağstafa Rayon Mərkəzi Xəstəxanası digər maşın və avadanlıqların satın alınması – 52550 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi dəftərxana və təsərrüfat mallarının satın alınması – 18660 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi İdarənin saxlanması xərcləri üzrə satınalmalar – 6330 manat, bu işləri sözügedən şirkət həyata keçirib. Beləcə kağız üzərində külli miqdarda büdcə vəsaiti havaya sovrulub. Ötən il keçirilmiş tenderlərin qalibləri sırasında fiziki şəxslər də var. Onlardan biri Abbasov Mehman Həsənəli oğludur ki, o daha çox mədəniyyət sahəsində işləyib. Mədəniyyət və Turizm Nazirliyinin Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsinin digər maşın və avadanlıqların satın alınması – 25150 manat- işini bu adam görüb». Araşdırmalar göstərir ki, Məhərrəm Quliyevin qanuna sığmayan əməlləri özünü bir çox sahədə, o cümlədən səhiyyə sektorunda da büruzə verməkdədir. Bir müddət əvvəl Ağstafa rayon Mərkəzi Xəstəxanasında dövlət vəsaitlərinin talan edildiyi üzə çıxıb. Korrupsiyanın dizə çıxmasının səbəbkarı olan baş həkim İlham Mustafayev hər yerdə bildirir ki, bu pulları təkbaşına yeməyib və onu Səhiyyə Nazirliyi ilə Ağstafanın icra başçısı Məhərrəm Quliyev arasında bölüşdürüb. Məlumatda vurğulanır ki, baş həkimin səriştəsizliyi və idarəçilik qabiliyyətinin aşağı həddə olması səbəbindən xəstələr də ciddi əziyyət çəkirlər. Onların cibinə girilməsi, müalicə üçün pulun alınması artıq adi hala çevrilib. Bundan əlavə, Ağstafada çalışan həkimlər isə İlham Mustafayevə aylıq haqq vermək məcburiyyətindədirlər. Sözügedən tibb ocağında tender oyunları da həyata keçirilib. Məsələn, ötən il baş həkim avadanlıqların alınması adı altında 75300 manat vəsaiti öz şəxsi məqsədlərinə sərf edib. Ardından isə inventarların satın alınması üçün ayrılmış 76500 manatı da həkimlərin ayağına yazaraq onlardan yığdığı pullarla prosesi reallaşdırıb. Ağstafa Mərkəzi Xəstəxanasını ərzaqla təmin etmək üçün 54 min manat pul sərf olunub. Amma dəftərxana ləvazimatlarının alınmasına isə 40 min manat. Elə yeyintinin əsas görünən tərəfi də budur. Faktiki rəqəmlər baş həkimin hansı işlərlə məşğul olduğunu üzə çıxarır. Göründüyü kimi, icra başçısı rayonda dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrin keçirdiyi tenderləri öz nəzarətində saxlayaraq müəyyən maraqlarını reallaşdırır. Nəticədə dövlət büdcəsinə ağır zərbə vurulmuş olur. İnanırıq ki, əlaqədar dövlət qurumlarının rəsmiləri Ağstafa rayonunda hökm sürən məmur özbaşınalıqları ilə bağlı tezliklə ölçü götürəcəklər. Qarşı tərəfləri də dinləməyə hazırıq.