Ötən həftə bəzi media orqanlarında Azərbaycanın Dövlət Neft Şirkətində (SOCAR) vergi yoxlamalarının keçirilməsi, həmin təftişlər nəticəsində guya qurumun vitse-prezidenti Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələrin aşkar edilməsi ilə bağlı mənbəyi bəlli olmayan məlumatlar yayılıb.
Etibarlılığı ilk baxışdan şübhə doğuran həmin informasiyalarda iddia edilirdi ki, Mikayıl İsmayılov şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən kənarlaşdırılıb. İddia olunub ki, təchizat və satınalma məsələlərinə şirkətin başqa vitse-prezidenti Elşad Nəsirov nəzarət edəcəyi bəlli olub. Ancaq, əsas səlahiyyətlərini itirməsinə baxmayaraq, M.İsmayılov vəzifələrinin konkret dairəsi məlum olmadan rəsmi vitse-prezident postunu tutmaqda davam edir. Bu qəbildən olan məlumatlar media məkanını və sosial şəbəkələrdə böyük surətlə yayıldığı həmin günlərdə isə Vergilər Nazirliyi və SOCAR birgə bəyanat yayaraq yazılanların həqiqəti əks etdirmədiyini açıqladı. Həmin bəyanatda deyilir:
"Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamaları ilə bağlı həqiqəti əks etdirməyən, yoxlanılmamış, çaşdırıcı xarakter daşıyan və nəticə etibarilə dövlət qurumlarının və ölkənin ümumi imicinə zərər vuran bəzi məlumatlar yayılmaqdadır.
Xatırlatmaq istərdik ki, SOCAR regionun ən böyük milli şirkətlərindən biri olmaqla həm əvvəlki illərdə, həm də 2018-ci ilin nəticələrinə görə də Azərbaycan dövlət büdcəsinin gəlirlərini təmin edən böyük vergi ödəyicilərindən biridir. Bununla yanaşı, şirkət həm də dünyanın 20-dək ölkəsində dövlətimizin maraqlarını təmin etməklə, ölkəmizə böyük gəlirlər gətirir.
Bütün şirkətlərdə, o cümlədən SOCAR-da yoxlamaların aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir. Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır.
Bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır və kütləvi informasiya vasitələrində yer alan bir sıra məlumatlar ümumiyyətlə əsassız və uydurmadır. Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər”.
Bəyanatda daha sonra xüsusi olaraq KİV nümayəndələrinin nəzərinə çatdırılır ki, həqiqəti əks etdirməyən, dövlət orqanlarının rəsmi məlumatlarına istinad edilmədən və ya dəqiqləşdirilmədən yayılan məlumatlar SOCAR-ın ictimai nüfuzuna, ölkəmizi dünya bazarında təmsil edən ən böyük vergi ödəyicisinin imicinə zərbə vurur. Bu baxımdan media nümayəndələrindən xahiş olunur ki, əsassız və dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, zəruri hallarda rəsmi mənbələrdən verilmiş məlumatlardan istifadə etsinlər.
Rubrika.az olaraq bildiririk ki, bütün bu baş verənlər əslində SOCAR-ın vitse prezidenti Mikayıl İsmayılovun əleyhinə kimlərinsə media vasitəsilə başlatdığı uğursuz "qara piar” cəhdindən başqa heç nə deyil. Verilən rəsmi açıqlamadan da göründüyü kimi SOCAR-ın strukturunda hansısa dəyişiklik baş verməyib və yazılanlar ucuz sensasiyadan o yana keçmir. Məlumat üçün bildirək ki, Mikayıl İsmayılov işinin peşəkarı olmaqla yanaşı həm də ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu şəxslərdəndir. Dövlətçilik ideallarına, ulu öndərimiz Heydər Əliyevin siyasi irsinə sadiqliyi ilə tanınan M.İsmayılov bilik və bacarığını daim ölkəmizin davamlı imkişafı üçün səfərbər etmişdir.
Onun keçdiyi həyat yolu M. İsmayılovun bu sahədə böyük təcrübə sahibi olduğunu təsdiqləyir. Qeyd edək ki, 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olmuş M.İsmayılov 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olmuş, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirmiş və 1988-ci ildə həmin institutu bitirmişdir.
Mikayıl İsmayılov gənc mütəxəssis kimi əmək fəaliyyətinə Neft Daşlarında başlamış, 1988-2003-cü illər ərzində neft-qaz sənayesində mühasib, baş mühasib müavini, baş mühasib və digər buna bənzər müxtəlif vəzifələrdə çalışmışdır. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olmuşdur. Mikayıl İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışmışdır.
2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir.
Rubrika.az olaraq hörmətli M.İsmayılova qarşı mediada başladılan qəbuledilməz mübarizə üsularını pisləyir və həmkarlarımızı SOCAR-ın və onun vəzifəli şəxslərinin ictimai nüfuzuna zərbə sayılan informasiyalarla bağlı daha diqətli olmağa çağırırıq.