Şəfəqə Doğru » Gündəm » Mingəçevir Polis İdarəsində jurnalisti polis bu hala saldı-İddia

Mingəçevir Polis İdarəsində jurnalisti polis bu hala saldı-İddia

Mingəçevir Polis İdarəsində jurnalisti polis bu hala saldı-İddia
Redaksiyaya Mingəçevir şəhəri, Ərəş küçəsi 2, mənzil 3-də yaşayan jurnalist, ikinci qrup əlil, Rəsulov Yaşar Rəsul oğlu tərəfindən müraciət daxil olmuşdur. Jurnalist müraciətində bildirir ki, Ona qarşı Mingəçevir polis idarəsində haqsıslıq olub, cismani işgəncələrə məruz qalıb. Yaşar Rəsulov işgəncələrə məruz qaldığını təsdiq edən şəkilləri də müraciətlə birlikdə redaksiyaya təqdim edib. Onun sözlərinə görə, ona qarşı qaldırılan qondarma ittiham 2014-cü ildə olunan şikayət əsasında 2017-ci ildə müstəntiq tərəfindən icraata götürülür. Bu səbəbdən Yaşar Rəsulov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse Prezident xanım Mehriban Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər Naziri cənab Ramil Usubova, Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova və kütləvi İnformasiya vasitələrinə müraciət etmişdir. Həmçinin Yaşar Rəsulov Cənab Prezident İlham Əliyevdən, Birinci Vitse Prezident xanım Mehriban Əliyevadan və digər aidiyyatı qurumlardan xahiş edir ki, ona qarşı qaldırılan qondarma ittihamın ləğv edilməsinə, işgəncə verən polislərin qanunazidd əməllərinə hüquqi qiymət verilməsinə göstəriş verilsin . Müraciəti olduğu kimi sizə təqdim edirik. 

MÜRACİƏT:

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində 120-dən çox beynəlxalq konvensiyaya qoşulmuşdur. Ölkəmiz BMT-nin və Avropa Şurasının tam və bərabər hüquqlu üzvüdür. Respublikamıza möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının göstərişlərinə əsasən möhkəm qanunvericilik bazası yaradılmışdır. Lakin bunlarla bərabər bəzi hüquq mühafizə orqanlarında insan hüquqlarının pozulması halları ilə rastlaşırıq. İkinci qrup əliləm, oğlum Qarabağ əlilidir. Mən jurnalist peşəmlə yanaşı, məhkəmə proseslərində insan hüquqlarının müdafiəçisi nümayəndə kimi mülki və cinayət işlərində zərərçəkmişin müdafiəçisi kimi iştirak edirdim. Təbii ki, hüquqlarını müdafiə etdiyim şəxslər notariat kontorlarında mənə etibarnamə verirdilər. Və bu etibarnamələrdə həmin şəxslər bütün hüquqlarını mənə verirdilər. Etibarnamə aldıqdan sonra vətəndaşla müqavilə bağlayırdım və müqavilələrdə onlardan aldığım xidmət haqqı göstərilirdi, mən və həmin şəxs müqaviləni imzalayırdı. Etibarnamə əsasında hüquqlarını müdafiə etdiyim bir neçə şəxs 2014-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək guya mən onlardan müqavilədə göstərilənlərdən çox pul almışam. Vətəndaşların ərizələri şöbənin müstəntiqi Tahir Şirinova verilmişdir. Tahir Şirinov isə həmin ildə hansı səbəbdənsə cinayət işi başlanması və xitam olmasına dair heç bir hərəkət etməmişdir. 09.01.2017-ci il tarixdə müstəntiq Tahir Şirinov mənə qarşı cinayət işi başlamışdır. 

09.03.2017-ci il tarixdə mən hər gün Mingəçevir şəhər Məkhəməsində proseslərdə olsamda, işə Polis Şöbəsinin qarşısından gəlib-getsəmdə Tahir Şirinov mənim haqqımda axtarış vermişdir. Lakin müstəntiq hansı maraqdansa axtarışı icrasını ləngitmiş və 29.03.2017-ci il tarixdə saat 19:00 radələrində polis işçisi evimə gəlib mənə bildirmişdir ki, sizi müstəntiq Tahir Şirinov çağırır. Mən şöbəyə daxil olan kimi məni Tahir Şirinovun yanına yox, müvəqqəti saxlanma təcridxanasına apardılar. 
Tahir Şirinov məni 48 saat təcridxanada saxladı və məni amansız, cismani cəzalara, işgəncələrə məruz qoydu. Mən ağır vəziyyətə düşmüşdüm, başımdan tutmuş ayağıma qədər bütün bədənim qançirlər, sıyrıq və qaralmalar idi. Bu 48 saat ərzində bir dəfə səhhətimlə əlaqədar üstümə təcili yardım çağırdılar. 31.03.2017-ci il tarixdə saat 19:00 radələrində Tahir Şirinov məni iş otağına gətizdirdi. Təbii ki, mən özüm öz gücümə hərəkət edə bilmirdim, taqətsiz və anlaqsız idim, mən polis nəfərlərinin köməyi ilə onun iş otağına gətirildim. Məni stola otuzdurdular, sonra Tahir Şirinov kiməsə zəng vurdu. Bir neçə dəqiqədən sonra Tahirin iş otağına şöbənin istintaq bölməsinin rəisi Rafiq Kərimov girdi. Onlar mənə hədə-qorxu gələrək bildirdilər ki, sən biz yazdığımız izahata imza etməlisən ki, hüquqlarını müdafiə etdiyim Bağırov Ağasalam adlı şəxsdən 11 000 manat pul almısan. Həmin pul sənə Rusiya Federasiyasından 2014-ci il tarixdə göndərilib və Zamin Bankın Mingəçevir filialından götürmüsən. Mən adıma belə bir məbləğdə pul gəlməməsini onlara dedikdə Tahir əlindəki açarla iki dəfə başıma vurdu. Bu vaxt mən huşumu itirərək stoldan yerə yıxıldım. Onlar təcili yardım çağırdılar. Təcili yardım həkimi otağa daxil olarkən Tahir həkimi koridora çıxartdı, bir neçə dəqiqədən sonra geri qayıtdılar. Həkim orada mənə 3 ampula iynə vurdu. Həkim getdikdən sonra huşsuz və anlaqsız vəziyyətdə yenidən mənimlə sorğu-sual başlandı. Təxminən 40 dəqiqəlik sorğu-sualdan sonra yenidən mən huşumu itirdim. Çünki başıma vurulan zərbələrdən bütün baş-sifət nahiyəm qançir idi, gözlərimin qapaqlarını əllərimlə qaldırırdım. Çarəsiz qalan müstəntiq yenidən təcili yardıma müraciət etdi. Həmin gecə saat 23:00 tamamadək mənimlə sorğu-sual aparıldı, bu müddət ərzində 3 dəfə təcili yardım həkimi Tahirin iş otağına gəldi və hətta həkimlərdən biri müstəntiqə bildirdi ki, belə vəziyyətdə bunu danışdırmaq olmaz. Tahir saat 23:00-dən sonra mənim qolumdan tutub bir neçə polis nəfəri ilə şöbənin qabağına çıxartdılar və taksiyə bir manat pul verib məni evimə aparmağı tapşırdılar. Mən evə girərkən evdəki ailə üzvlərim mənim sifətimi görüb şok keçirtdilər. Və bədənimdəki, baş və sifət nahiyəmdəki xəsarətlərin şəkillərini çəkdilər. Hal-hazırda həmin şəkillər özümdədir. Tələb olunan yerə təqdim edəcəyəm. 03.04.2017-ci il tarixdə Tahirin icraatında olan cinayət işi ondan alınıb şöbənin Rəşad adlı müstəntiqinə verildi. Cinayət işində Yusibov Aslanında nümayəndəsi olmuşam və iki mülki işində onun hüquqlarını müdafiə etmişəm. Aslan isə öz ərizəsində göstərir ki, guya mənə 8 000 manat pul verib. Əslində isə Aslan Yusibov şəhərdə 4 nəfərə böhtan ataraq onlardan pul almışdır. Və bu şəxsi şəhərdə böhtançı kimi tanıyırlar. İşdə adları göstərilən 18 nəfər şahidin heç birini tanımıram və mənimlə üzləşmələri aparılmayıb. Hətta şahidlərdən biri cəzaçəkmə müəssisəsində olduğu halda adından izahat yazılıb cinayət işinə əlavə olunmuşdur. Digər şahidlər isə söyləyirlər ki, biz Polis Şöbəsinə çağırılmamışıq. Vəkilim dəfələrlə müstəntiqlərə vəsadət versədə ki, Zamin Banka sorğu versinlər ki, mənim adıma Rusiya federasiyasından pul göndərilib ya yox? Müstəntiqlər isə vəkilimin vəsadətini təmin etməyiblər. Sonradan eşitmişəm ki, Rafiq Kərimov vəsadətin təmin olunmasına imkan vermir. Mən özüm Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etdim və onlar Zamin bankdan mənə arayış alıb verdilər ki, 2014-cü il tarixdə Rusiya Federasiyasından mənim adıma heç bir pul vəsaiti göndərilməyib. Maraqlıdır hansı səbəbdən cinayət işi Tahir Şirinovdan alınıb Rəşada verildi? Rəşad isə cinayət işini başdan ayağa saxtakarlaşdırdı. Əslində mənə cinayət işi qaldırıla bilməzdi. Çünki ərizəçilər verdikləri etibarnamədə bütün hüquqlarını mənə vermişdilər. Cinayət işi 2018-ci ildə tamamlanıb, baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərildi. Cinayət işini məhkəmənin hakimi Hüseyn Mirzəliyev icraatına qəbul etdi. Lakin mən, ağır xəstə olduğum üçün və Bakı şəhər Klinik Tibbi Mərkəzdə "Hepatit B” virusu ağır gedişli, "Hipertoniya”, "ağ ciyər vərəmi”, "kəskin ürək çatışmamazlığı”, "kəllə-beyin zədələri” diaqnozu ilə stasionar müalicədə olduğum üçün məhkəmə prosesinin keçirilməsi mümkün olmamışdır. Dəfələrlə məhkəmənin hakimi Hüseyn Mirzəliyev Klinik Tibbi Mərkəzə sorğular göndərmiş, həkim komissiyası isə göndərdiyi arayış və tibbi rəylərdə göstərmişdir ki, Rəsulov Yaşar səhhəti ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməz. Bununla razılaşmayan hakim Hüseyn Mirzəliyev yerim bəlli ola-ola 31.01.2019-cu il tarixdə haqqımda heç bir hüquqi əsası olmayan qərar çıxarmışdır. Belə ki, haqqımda axtarış-həbs və icraatın dayandırılması haqqında qərarlar qəbul etmişdir. Bu qərar o şəxslərə çıxarıla bilər ki, məhkəmə proseslərindən qaçıb gizlənir və gizləndiyi yer məlum deyil. Maraqlı orasıdır ki, hakim çıxardığı qərarda göstərir ki, mən Klinik Tibbi Mərkəzdə müalicədəyəm. Bəs mənim yerim bəlli olduğu halda hakim hansı maraqdan mənim haqqımda belə qərarlar qəbul edir? Konstitusiyanın 99-cu maddəsinə əsasən icraatında işi olan şəxsləri hakim qəbul edə bilməz. Ancaq Hüseyn Mirzəliyev günün 1-2 saatını işimdə "zərərçəkmiş” kimi tanınan şəxslərlə keçirir. Hüseyn Mirzəliyev Mingəçevir şəhər Məhkəməsində işdə yol verdiyi ciddi nöqsanlara görə məhkəmə hüquq şurasında dəfələrlə inzibati tənbeh almışdır. 
Mənim bu günə kimi Mingəçevir şəhər Polis Şöbəsində verilən işgəncələrlə əlaqədar susmağımın əsas səbəbi ağır xəstəliklərim və prokurorluqda mənə bildirmişdilər ki, bu cür iki işə tərəfimizdən xitam verildiyi üçün tənbeh almışıq. Sizin bu işə Mingəçevir şəhər Məhkəməsində bəraət veriləcək. Mingəçevir şəhər Məhkəməsinin hakimi haqqımdakı çıxardığı qərar düzgündürmü? Xəstəxanada stasionar müalicədə olan ağır xəstə məcburi surətdə həbs olunaraq məhkəməyə gətirilə bilərmi? Haqqımda Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi açılmışdır. Hal-hazırda ağır xəstəyəm.
Mənə verilən işgəncələr və Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevin mənə qarşı çıxardığı qanunsuz qərarlarla və haqqımda qaldırılmış heç bir hüquqi əsası olmayan cinayət işinə bəraət veriıməsi ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya və digər dövlət və hökumət qurumlarına müraciət edirəm. Haqqımda heç bir hüquqi əsası olmayan cinayət işinə bəraət verilməsinə Mingəçevir şəhər Polis Şöbəsinin müstəntiqləri Tahir Şirinov və Rəşad haqqında qanunvericilik çərçivəsində tədbir görülməsinə və Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevin haqqımda çıxardığı qərarlara hüquqi qiymət verilməsinə göstəriş verəsiniz və köməklik göstərəsiniz.

Rəsulov Yaşar Rəsul oğlu

Tarix:06.02.2019-cu il
Redaksiyadan; Mətbuat haqqında qanunu əldə rəhbər tutaraq qarşıtərəflə əlaqə saxladıq. Məsələyə yetkililərdən kimsə münasibət bildirmədi.
Aybəniz Abdulova