Bu gün Avropa İttifaqı və Avropa Şurasının birgə "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin "İfadə və media azadlığı” layihəsi çərçivəsində diffamasiya mövzusunda keçirilən dəyirmi masada Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da çıxış edib.
Shafaqadogru.com şura sədri Əflatun Amaşovun çıxışını təqdim edir:
"Bu gün biz çox vacib məsələnin müzakirəsinə toplaşmışıq. Mən deyərdim ki, vacib məsələ ilə bağlı müzakirələrin, bir növ, davamı üçün toplaşmışıq. Çünki diffamasiya mövzusu cəmiyyətimiz, xüsusən də media ictimaiyyətimiz üçün yenilik deyil. Ancaq hər müzakirə gedişində bizlər bu istiqamətdə yeni nələrisə də öyrənə, dəyərləndirə bilirik. Bu, müsbət haldır və düşünürəm ki, toplantımız faydalı keçəcək.
Fürsətdən istifadə edib, Avropa Şurasının rəhbərliyinə tədbirin təşkili üçün təşəkkürümü bildirirəm. Şuranın məqsədi Azərbaycanda media ilə bağlı qanunvericilik bazasının təkmillədirilməsinə yardım etməkdir.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənova da təşəkkürümü bildirirəm. Onun burada olması Azərbaycan dövlətinin məsələyə həssas münasibətinin göstəricisidir.
Bu həssaslıq həmişə olub. Azərbaycan Respublikasının Prezidenti çıxışlarında məmurları medianın tənqidlərinə, hətta təhqirlərinə belə dözümlü olmağa çağırıb. Dövlət başçısı konkret olaraq diffamasiya məsələsinə də toxunub. O, bu sahədə moratoriumun qeydə alındığını dəfələrlə vurğulayıb.
Ayrıca onu deyim ki, Azərbaycan dövlətinin diffamasiya həssaslığı konkret sənəddə də ifadəsini tapıb. Məlum olduğu kimi, 2011-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında «diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması» müddəası yer almışdı.
Diffamasiya hüquqi, demokratik dövlət quruculuğu üçün, həqiqətən, çox vacibdir. Məsələnin zəruriliyinə iki aspektdən aydınlıq gətirmək istərdim.
Birincisi, heç kəs, o cümlədən heç bir jurnalist kütləvi informasiya vasitəsində yaydığı materiala, kütləvi çıxışda səsləndirdiyi fikrə görə azadlıqdan məhrum edilə biləcəyinə dair diskomfort yaşamamalıdır.
İkincisi, diffamasiya mühitinin özü də demokratizmə xələl gətirməməlidir. Bu mənada ki, demokratiya heç də ifadə azadlığından sui-istifadə platsdarmı deyildir.
Hər iki məqama Azərbaycan cəmiyyətində xüsusi diqqət yetirilir. Buna görə diffamasiyanın tərəfdarları və əleyhdarlarının fikirlərinin toqquşduğu nöqtələr var. Zənnimcə, bu toqquşma nöqtələri yalnız Azərbaycanda deyil. Diffamasiya mühiti Avropa Birliyinin cəmi 11 ölkəsində bərqərar olunub. Bu isə o deməkdir ki, Avropa cəmiyyətinin özündə də məsələyə birmənalı münasibət yoxdur.
Əlbəttə, Avropalı dostlarımız diffamasiyanın vacibliyini əsaslandırarkən yerli şəraitdən, milli dəyərlərdən, mental xüsusiyyətlərdən daha çox, məsələnin prinsipiallığını əsas tuturlar. Biz də bu fikirdəyik ki, diffamasiya prinsip etibarilə vacibdir. Elə hazırkı müzakirəmiz də məsələnin prinsipiallığına verdiyimiz dəyərdir.
Azərbaycan Mətbuat Şurası 2008-ci ildən diffamasiya təşəbbüsləri qaldırıb. Şura 2010-cu ili "Diffamasiya ili" elan edib, coxsaylı tədbirlər təşkil edib. 2011-ci ildə qurum diffamasiya ilə bağlı qanun layihəsi hazırlayıb. ATƏT-in dəstəyi ilə Avropanın nüfuzlu ekspertləri sənədə yüksək qiymət veriblər. Mətbuat Şurasının fəallığı kontekstində mövcud sahə üzrə cəmiyyətdə müəyyən irəliləyişlər var.
Ancaq qeyd etdiyim kimi, fikir ayrılıqları da yox deyil. Fikir ayrılıqları jurnalistikamızın özündə də var.
Mən ölkə parlamentinin üzvüyəm. Çıxışlarımın birində diffamasiya ilə bağlı qanunun vacibliyindən bəhs etmişəm. Milli Məclisdə bununla əlaqədar müəyyən təmaslarım olur. Deputatlar arasında da diffamasiya ilə bağlı ortaq mövqe nəzərə çarpmır.
Amma düşünürəm ki, bu gün biz tamamillə yeni mərhələyə start veririk. Bu mərhələni diffamasiyaya hazırlıq dövrü kimi qiymətləndirmək mümkündür. İnanıram ki, burada toplaşanların dəyərli fikirləri sayəsində bizlər bu dövrə uğurlu başlanğıc edə biləcəyik".