Şəfəqə Doğru » Gündəm » Deputatlar xalqdan uzaq düşüb: - Çıxışlar narazılıq doğurur

Deputatlar xalqdan uzaq düşüb: - Çıxışlar narazılıq doğurur

Deputatlar xalqdan uzaq düşüb: - Çıxışlar narazılıq doğurur
Deputat Rasim Musabəyovun "pop-korn” satan uşaqla "mübarizəsi” cəmiyyətdə narazılıq doğurdu. 

Bu, deputatlarla bağlı ilk narazılıq deyil və yəqin ki, son da olmayacaq.İctimai rəydə haqlı olaraq bir sıra deputatların işlə yox, sadəcə, narazılıq yaradan çıxışlarla gündəmə gəldiyinə dair fikir artıq formalaşıb.Hətta R.Musabəyovun "pop-korn əməliyyatı”ndan bir sıra həmkarları da narazı qalıb.Bundan öncə də bir sıra deputatların yersiz çıxışları ictiimaiyyətdən sərt təpki alıb. Məsələn, Hadı Rəcəbli müəllimlərə dərsdən sonra fəhləlik etməyi məsləhət görüb, Aqil Abbas "soğan əkməyi” tövsiyə edib, mərhum Astan Şahverdiyev Rusiyaya işləməyə gedən insanlara "otxod” deyib. 

Əslində isə, millət vəkili statusu bu qrupda olan insanların fəaliyyətini daha başqa istiqamətdə qurmasını vacib edir.Deputat nə etməlidir və ya nə edə bilər? Küçədə "pop-korn” və gül satana etiraz etməli, yoxsa ictimai problemlərdən danışmalıdır? Yaxşı olmazmı xalqı təmsil edən deputatalar sökülən tarixi binalardan, kəsilən ağaclardan, bitməyən yol və küçə təmirindən, milyonlarla büdcə vəsasitinin ildə bir dəfə binaların fasadlarının yenilənməsinə xərclənməsindən danışsın? Bunlara etiraz etsin?Deputat marşrutun yoxluğundan küçələrdə qalan, mənzil başına çata bilməyən insanların probemlərini qaldıra bilməzmi?Problemlərin həlli üçün qanunvericilik təşəbbüsü ilə çıxış etmək daha uyğun deyilmi?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğu "Cümhuriyət” qəzetinə açıqlamasında deputatın məhz xalqdan mandat alaraq onu narahat edən məsələni qaldırmalı olduğunu deyib: 

"Onların nə milləti narahat edən məsələlərdən, nə problemlərdən xəbəri var. Özlərini də millətdən ayrı bir təbəqə kimi aparırlar. Ona görə də millətin maraqlarına uyğun olmayan, əksinə, xalqın əleyhinə olan sərsəm bəyanatlar verirlər. Xalqa yuxarıdan aşağı baxan, ancaq özlərini düşünən, millətin dərdindən-sərindən xəbərsiz olan, sadə insanlara tamamilə yadlaşmış bu adamlar təbii ki, heç vaxt cəmiyyətin maraqlarından çıxış edə bilməz”. 

Sərdar Cəlaloğlunun sözlərinə görə, hər bir deputat ilk növbədə Azərbaycan dövlətinin, xalqının ən ümdə maraqları ilə bağlı ardıcıl mövqe ortaya qoymalıdır: 

"Geosiyasətdə baş verənlərlə bağlı mövqe bildirməlidirlər. Ölkədə gedən siyasətlə bağlı fikrini ifadə etməli və xalqın maraqları baxımından mövqe ortaya qoymalıdırlar.Daxili və xarici təhlükəsizliyin qorunması, əhalinin sosial-iqtisadi vəziyyəti, torpaqlarımızın geri qaytarılması üçün mübarizə aparmalı, mədəniyyətmizin, milliyimizin, tariximizin qayğısına qalacaq fikir və ideyalar verməlidirlər.Bəzi deputatlar isə insanlara yuxarıdan aşağı baxır, bir çox hallarda xalqı təhqir edirlər”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə hesab edir ki, ilk növbədə deputat özünü millət vəkili kimi hiss etməlidir: 

"Başa düşsün ki, onun üzərinə düşən vəzifələr nədir. Bunun üçün isə ilk növbədə o, cəmiyyətin ələyindən keçməlidir ki, cəmiyyətin nələr yaşadığını, əsas problemlərini duysun, bilsin.Bunu indiki deputatlar duya bilməzlər.Əgər onlar əhalinin qayğılarından məlumatlı olsaydılar, nədən danışmalı olduqlarını bilərdilər.Xalqla təmasda olsaydılar, onların qayğılarından məlumatlı olardılar.Bəzi hallarda, nəinki danışmaq, əməllərini belə bilmirlər. Rasim Musabəyov hadisəsi göstərdi ki, deputatlar özlərini bu millətə yad adam kimi aparırlar. Parlamentdə olsalar da, onlar özlərini necə aparmalı olduqlarını bilmirlər”.

Əli Əliyev sonda vurğulayıb ki, millət vəkili xalqın bütün problemlərini öz içindən keçirməlidir:

"Həm dairə ərazisindəki spesifik problemləri, həm ümummilli problemləri bilməlidir. Bunun üçün isə peşəkar siyasətçi olmaq, parlamentə seçki ilə düşmək lazımdır”.