Şəfəqə Doğru » Gündəm » Erməni baş nazirin xalqa bir illik “hesabatı” - TƏHLİL

Erməni baş nazirin xalqa bir illik “hesabatı” - TƏHLİL

Erməni baş nazirin xalqa bir illik “hesabatı” - TƏHLİL
Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə Şuşada yallı oynadı. Sonra da İrəvanda velosiped sürdü. Baş nazirin bu davranışları diqqəti cəlb etməklə yanaşı müzakirələrə, suallara yol açıb. Nikol Paşinyan bu jestləri ilə hansı mesajları vermək, nə demək istəyir? Erməni baş nazir özünün sadə və avropalı siyasətçi imicini yaratmaq istəyir, yoxsa bir il ərzində xalqa verdiyi vədləri yerinə yetirmədiyini indi də bu cür jestlərlə pərdələmək, insanlarda özü haqda dəyişən rəyin qarşısını almağa çalışır?

Politoloq Nəzakət Məmmədova "Yeni Müsavat”a bildirdi ki, Paşinyanın etdikləri siyasi texnoloqların, piar menecerlərinin konsaltinq fəaliyyətinin nəticəsidir: "Qərbdə publikaya hesablanmış bu cür addımlar siyasətçinin ictimaiyyət arasında reytinqinin, onun nüfuzunun artmasına yönəlmiş tədbirlər silsiləsindən səmərəli vasitə hesab olunur və bunu nəinki Qərb, hətta bir sıra postsovet ölkə liderləri edirlər. Biz hətta Rusiya prezidenti Putini hər nə qədər avtoritarizmdə ittiham etsələr belə, onun da vaxtaşırı bu cür üsullardan istifadə etdiyini müşahidə edirik. Aydındır ki, Paşinyan bu vasitələrlə modern, qərbyönümlü lider imici yaratmağa çalışır. Bu, ermənilərin heç zaman qarşılaşmadığı bir siyasətçi obrazıdır. Qarabağda vuruşduğunu hər zaman ön planda saxlayan, döyüşçü, ”qəhrəman" cildinə girmiş, xislətcə isə korrupsioner, yarımhərbi diktatura yaratmış, daima zirehli maşınlarda, çoxsaylı zəhmli mühafizəçilərin müşayiət etdiyi Robert Köçəryan və Serj Sərkisyandan fərqlənmək, daha yaxşı olduğunu göstərmək üçün ən asan yol İrəvanda velosiped sürmək, Qarabağda quldurluq edib əlinə silah almış "Qarabağ klanı” başçılarından heç də az vətənpərvər olmadığını göstərmək üçün asan yol Şuşada yallı getməkdir".

Politoloq həmçinin qeyd etdi ki, Paşinyan ondan dünyanın 8-ci möcüzəsini gözləyən Ermənistan əhalisi və diaspora qarşısında bir illik hakimiyyəti dövründəki hesabatı bu cür ucuz piar kampaniyası ilə verdi: "Onun Şuşada yallı getdiyi gün ötən il mayın 8-də inqilab, yaxud çevriliş kimi qiymətləndirilən hadisələr nəticəsində parlamentdə baş nazir seçilməsinin düz bir illiyinə təsadüf edirdi və Paşinyan 12 ayda gördüyü, yaxud görə bilmədiyi işlərin uğursuz hesabatını bu cür təqdim etdi. Mübaliğəsiz demək olar ki, Ermənistan təzadlar ölkəsi, Paşinyan isə çoxüzlü piramidanı xatırladır. Məsələn, o, BMT, Avropa Şurası kürsüsündə demokrat, qərbyönümlü lider təəssüratı yaratmağa çalışır, Ermənistanda həyata keçirdiyi sərt metodlarla mahiyyətcə özünün avtoritar təbiətini sübut edir, Azərbaycanda, Şuşada isə görüntüdə saxta vətənpərvər, mahiyyətcə işğalçı təfəkkürlü siyasətçidən uzaq olmadığını isbat edir. O, milliyyətcə bir ermənidir, erməni xalqının hazırkı lideridir və öz davranışları ilə sübut edir ki, bir erməni Qərb tərəfindən hakimiyyətə gətirilsə belə, modern təfəkkürlü şəxs obrazı yaratmağa çalışsa belə, ya xislət etibarilə şovinizmdən uzağa gedə bilməz, yaxud ictimai sifariş, rəhbərlik etdiyi xalqın gözləntiləri ona əsl demokrat olmağa, başqa cür davranmağa imkan verməyəcək. Paşinyan da istisna ola bilmədi, əks halda onu dünən hakimiyyətə gətirən kütlə bu gün daşqalaq edər. Bu təzadlar Ermənistana rəhbərlik edən istənilən şəxsi münaqişəyə hüquq, sivilizasiyalı yanaşma prizmasından yox, şovinist təfəkkürdən çıxış etməyə, yaxud bunu sübut edən davranış sərgiləməyə təhrik edir. Lakin bu məsələdə bütün sivilizasiyalı dünya, ilk növbədə Minsk Qrupu məsuliyyət daşıyır. Təsəvvür edək ki, Azərbaycan suveren dövlət kimi öz hüququndan istifadə edir və Paşinyanın vertolyotuna atəş açılır. Biz həmin vaxt yaranacaq beynəlxalq qalmaqalı təsəvvür edə bilərik. Amma öz ucuz piar kampaniyası, hakimiyyətinin ömrünü uzatmaq üçün suveren dövlətin sərhədini pozan işğalçı dövlətin liderinin hərəkətlərinə göz yummaq olmaz”.

N.Məmmədova hesab edir ki, Azərbaycan bu fürsətdən istifadə edib heç olmasa bundan sonra Paşinyanın Azərbaycan ərazisinə daxil olan vertolyotuna xəbərdarlıq atəşi açmalıdır: "Doğrudur, biz hamımız bilirik ki, Paşinyan ortada sadəcə, kiçik bir fiqurdur və bu güllə tək ona yox, onun havadarlarına atılmış güllə deməkdir. Ancaq o atəş həm də münaqişənin ədalətli həllini istəməyən, haqsız düzəni istəyən, ona şərait yaradan qüvvələrə, hazırkı nizama, diplomatik dildə desək status-kvoya etiraz olardı. Bir güllə belə dünya tarixində çağ qapayıb, çağ açıb. Odur ki, Azərbaycan dövlətinin qanunlarını və beynəlxalq hüququn prinsiplərini saymayan, xalqımıza aşkar hörmətsizlik, saymamazlıq edən, onun heysiyatına toxunan bu cür piarların qarşısı alınmalıdır”.