Şəfəqə Doğru » Gündəm » Vətənə dönən İsgəndər Həmidova həkimlər kənd həyatını məsləhət görüblər

Vətənə dönən İsgəndər Həmidova həkimlər kənd həyatını məsləhət görüblər

Vətənə dönən İsgəndər Həmidova həkimlər kənd həyatını məsləhət görüblər
Şəhriyar Məcidzadə: "O, aktiv siyasi fəaliyyətlə də məşğul olmamalıdır” ; Ağasif Şakiroğlu: "Müalicəsini aldıqdan sonra bizlərlə olacaq”
Türkiyədə müalicə olunan sabiq daxili işlər naziri İsgəndər Həmidov iyunun 8-də axşam saatlarında vətənə qayıdıb. Onu hava limanında tərəfdarları qarşılayıblar. Səhhəti tam düzəlməyən sabiq nazir bir müddət Şamaxıda dincələcək, mətbuatdan kənarda qalacaq.

Bu barədə "Yeni Müsavat”a sabiq nazirin qardaşı oğlu, etatist.com internet qəzetinin təsisçisi Şəhriyar Məcidzadə məlumat verdi: "İsgəndər bəyi qarşılayanlar sırasında mən də var idim. Qısa söhbətimiz oldu və sonra evinə getdi. Bir müddət Şamaxıda olacaq. İmmunitetinin güclənməsi üçün kənd həyatında bir müddət yaşaması lazımdır. Həkimlər bunu məsləhət görüblər. Ona qətiyyən yük düşməməlidir. Aktiv siyasi fəaliyyətlə də məşğul olmamalıdır.


Şəhriyar Məcidzadə

Bir müddət rayonda qaldıqdan sonra təkrar müayinəyə gedəcək. İsgəndər bəy elə bir söz demədi. Sadəcə olaraq mediaya, dostlara, narahat olan hər kəsə təşəkkürünü bildirdi”.



Ağasif Şakiroğlu

İ.Həmidovun lideri olduğu Azərbaycan Xalq Hərəkatının dönəm sədri, Gələcək Azərbaycan Partiyasının rəhbəri Ağasif Şakiroğlu ölkədən kənarda olmasının sabiq naziri sarsıtdığını söylədi: "İsgəndər bəy bizimlə söhbətində vətəni və milləti üçün darıxdığını ifadə etdi. Onun vətənə və millətə necə bağlı olduğunu bilirsiniz. Vətəndən 1 gün belə uzaqda qalmaq onun üçün çox ağrılı idi. Baxmayaraq ki, qardaş Türkiyədə, doğma torpaqda idi, amma yenə də Azərbaycandan uzaq qalması onu sarsıtmışdı. Gördüyüm onu deməyə əsas verir ki, vətəndə müalicəsi daha sürətli gedəcək. Bir qədər bu müalicənin mənəvi tərəfləri də var. Elçibəyin xəstə vaxtlarını xatırlatdı və elə bir vaxtda onun yanında ola bilməməsindən üzüldüyünü dilə gətirdi. Həbs olunan və azadlığa buraxılan AXH-çilərlə bağlı məlumat vermək istədim. Yaxınlarının reaksiyasından belə başa düşdüm ki, olanları bilmir. Bilib də stress keçirməsi səhhətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən məlumat vermədim.

Mənə elə gəldi ki, İsgəndər Həmidova medianı izləməyə icazə verilmir. Yaxınları əlavə stressdən qorxurlar. Ümumi olaraq AXH ilə maraqlandı. Dönəm sədri olaraq uğurlar arzuladı. Siyasətlə məşğul olub-olmayacağı söz konusu olmayıb. Hər halda, İsgəndər Həmidovun siyasətdən səhhətinə görə gedəcəyini düşünmürəm. Müalicəsini aldıqdan sonra bizlərlə olacaq. Amma hazırda istirahət və müalicə lazımdır. Rayonların birində təmiz hava, kənd şəraitində müalicəsini davam etdirəcək. Biopsiya olunduğunu öyrəndim”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”