Azərbaycan prezidenti Berlindən müharibə xəbərdarlığı etdi - atəşkəs hər an pozula bilər
Avropanın mərkəzində mühüm görüşlər və kritik mesajlar; Ölkə başçısı İlham Əliyev Almaniya səfəri çərçivəsində dünyaya Qarabağ çağırışı elədi, Qərbi ikili standartlara son qoymağa, işğalçını cilovlamağa səslədi; Berlin səfəri ölkəmizin Avropa üçün energetik dəyərinin növbəti təsdiqinə çevrildi, kansler Merkel Qarabağ vədi verdi...
Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya iki günlük işgüzar səfəri başa çatıb. Dünən səfərin ikinci günü o, Azərbaycan-Almaniya biznes forumuna qatılıb və çıxış edib. Almaniyanın vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriellə birgə forumu açan İlham Əliyev Dağlıq Qarabağ konfliktindən də danışıb və "problem həllini tapmalıdır” söyləyib.
"Almaniya və Azərbaycan yaxşı tərəfdaşdır. Biz bir çox sahələr üzrə əməkdaşlıq edirik. Bizim ölkənin iqtisadiyyatı və sonrakı inkişafı üçün bölgədə sabitlik və təhlükəsizlik istənilən başqa ölkə kimi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Ermənistanla 1994-cü ildə atəşkəs əldə olunandan sonra 20 ildən çox dinc şəraitdə yaşayır. Bu müddəti biz iqtisadi inkişaflımıza sərf eləmişik. Ancaq bu sülh, atəşkəs olduqca kövrəkdir. Bu yaxınlarda təmas xəttində baş verən hadisələr də göstərdi ki, Dağlıq Qarabağ konflikti dondurulmayıb, onu həll eləmək lazımdır” - prezident qeyd edib.
Aprel döyüşlərindən danışan İlham Əliyev deyib: "Aprelin əvvəllərində Ermənistan Azərbaycana qarşı təxribata əl atdı və biz həm öz vətəndaşlarımızı, həm də hərbi mövqelərimizi qorumaq üçün cavab tədbirləri görməli olduq. Aprel hadisələri göstərdi ki, Ermənistan daha situasiyaya nəzarət eləmək və status-kvonu saxlamaq qabiliyyətində deyil”.
Ölkə rəhbəri həmçinin münaqişə zonasında zərurətin diktəsi ilə status-kvonun artıq real olaraq dəyişdiyinə diqqət yönəldib: "Minsk Qrupu həmsədrləri birgə bəyanat verdilər ki, status-kvo artıq məqbul deyil. Almaniya da ATƏT sədri kimi bəyan elədi və dəqiq mövqe bildirdi ki, status-kvo dəyişməlidir. Status-kvonun dəyişməsi isə Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərinin işğaldan təmizlənməsidir”.
Bu xüsusda Azərbaycan prezidenti beynəlxalq birliyin problemə yetərli diqqət ayırmadığını söyləyib: "Beynəlxalq təşkilatlar bu hadisələrə qiymət verib, biz onlara minnətdarıq. BMT TŞ Ermənistanın öz qoşunlarını çıxarması üçün 4 qətnamə qəbul edib. Ancaq Ermənistan həmin qətnamələrə əməl etməyib. Əfsus ki, Ermənistanı məcbur eləməyə yönəlik təzyiq mexanizmləri hazırlanmayıb, ona sanksiyalar tətbiq edilməyib. Biz burada ikili standartları görürük. Axı bir çox hallarda BMT-nin qətnamələri cəmi bir neçə gün ərzində icra edilir. Bizim nümunədə isə onlar 20 ildir kağız üzərində qalıb. Bu münaqişə BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yoluna qoyulan kimi biz Güney Qafqaz regionunda sabitlik və iqtisadi inkişafı görəcəyik” - Azərbaycan prezidenti çıxışının sonunda bildirib.
Ziqmar Qabriel forumun keçirilməsindən məmnun olduğunu bildirib. O, bir neçə gündən sonra Bakıda baş tutacaq "Formula-1" yarışlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib. Vitse-kansler Cənub Qaz Dəhliz layihəsinin əhəmiyyətinə toxunaraq onu Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni layihə kimi xarakterizə edib. Ölkəmizdə çalışan alman şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini deyən iqtisadiyyat və enerji naziri Azərbaycanın üzləşdiyi ən böyük problemdən - Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edərək tərəflərin Vyana görüşündən sonra nizamlama ilə bağlı nikbinliyin yarandığını söyləyib. O, Almaniya ilə Azərbaycan arasında güclü əlaqələrin olduğunu bir daha vurğulayaraq bu forumun ikitərəfli əlaqələrə güclü dəstək verəcəyini bildirib.
* * *
Səfərin mərkəzi hadisəsi isə təbii ki, İlham Əliyevlə Almaniya kansleri Angela Merkel arasında keçirilən görüş olub. Gözlənildiyi kimi, görüşdə əsas müzakirə mövzusu Qarabağ konflikti ətrafındakı vəziyyət və ikitərəfli münasibətlər olub.
"Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə əsasında sülh yolu ilə həllini istəyirik”. Bunu İlham Əliyev Merkellə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib (APA): "Təəssüf ki, bu qətnamələr yerinə yetirməyib. Bunun üçün mexanizm yoxdur. Etnik təmizləmə törədən, beynəlxalq hüququ pozan, ərazi işğal edən Ermənistana qarşı sanksiya tətbiq olunmayıb. Biz münaqişənin tez bir zamanda sülh yolu ilə həllini istəyirik. Təmas xəttində baş verən son hadisələr göstərdi ki, atəşkəs kövrəkdir və dayanıqlı deyil”. Dövlət başçısı bir daha "status kvo”nun dəyişməli olduğunu, eyni zamanda Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.
"Almaniya ilə Azərbaycana arasında aktiv siyasi dialoq mövcuddur”. Bunu da Azərbaycanın başçısı söyləyib: "Bu gün alman-Azərbaycan biznes forumunda iştirak etdim. Bu əməkdaşlığın regionda sülh və sabitliyə yol açacağına ümid edirəm. Azərbaycan genişmiqyaslı enerji layihələri həyata keçirir. Avropa İttifaqı səylərimizə böyük dəstək verir. Bu baxımdan Cənubi Qaz Dəhlizi layihəsi tədarükçü kimi bizə enerji diversifikasiyası, Avropaya isə yeni qaz mənbəyi imkanı verir. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edir. Azərbaycan bu sahədə yenidir”.
İlham Əliyev Angel Merkelə Azərbaycandan keçməklə, Avropa və Asiyanı birləşdirəcək nəqliyyat xətti barədə də məlumat verib: "Bu nəqliyyat xətti iki qitə arasında etibarlı əlaqə quracaq. Biz bunu da ilin sonunda istifadəyə vermək niyyətindəyik”.
Rusiya ilə münasibətlərə toxunan prezident Əliyev bu münasibətləri "yaxşı və konstruktiv” adlandırıb: "Azərbaycanın Rusiya ilə təhlükəsizlik, nəqliyyat, ticarət sahəsində yaxşı münasibətləri var. Rusiyanı strateji tərəfdaş hesab edirik. Rusiyanın da Azərbaycana münasibəti eynidir. Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur. Lakin bu, Ermənistanda allergiya doğurur”.
Azərbaycan prezidenti qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan aldığı silahlara görə pul ödəyir: "Azərbaycan təkcə Rusiyadan deyil, Türkiyə, İsrail, Belarus və İrandan da silah alır. Çünki biz silahlı qüvvələrimizi müasirləşdirməliyik. İşğal altında olan və çətin geosiyasi konfiqurasiyada yerləşən dövlət bunu etməlidir. Rusiya Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Biz Rusiyanın burada rolunu pozitiv qiymətləndiririk. Ümid edirik ki, Rusiya, Fransa və ABŞ bütün potensialından istifadə edərək Ermənistanı ona məxsus olmayan torpaqlardan çıxmağa inandıracaq”.
"Biz ikitərəfli münasibətlərin intensivləşdirilməsi, Azərbaycandakı iqtisadi vəziyyət, neft və qaz qiymətlərinin hazırkı qiymətləri barədə müzakirələr apardıq”. Bunu isə Angela Merkel deyib. Merkel bildirib ki, mövcud vəziyyət ölkədə iqtisadi islahatlara töhfə verib. "Həmçinin Azərbaycandakı sosial vəziyyətlə bağlı müzakirələr apardıq. Ümid edirəm ki, alman fondları yenidən Azərbaycanda işləyəcək... Aprelin əvvəllərində atəşkəsin pozulmasının şahidi olduq. Biz Qarabağ münaqişəsinin diplomatik və sülh yolu ilə həllini istəyirik. Düşünürəm ki, tərəflər danışıqlar masası arxasında əyləşməlidir. Biz təkcə həmsədrlərin deyil, bütün Minsk Qrupunun bu prosesdə fəal iştirakını dəstəkləyirik”.ə
Bununla yanaşı, Almaniya kansleri onu da qeyd edib ki, Rusiya münaqişəsinin tənzimlənməsində açar rolunu oynayır: "Şübhəsiz ki, Rusiya konfliktin tənzimlənməsində həlledici rol oynayır. Biz burada Minsk Qrupunun həmsədrləri olaraq Rusiya, ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik”.