Şəfəqə Doğru » Gündəm » Gürcüstanda müharibə olarsa, soydaşlarımızı necə qoruyaq... - "Rəsmi Tiflis məsuliyyət daşıyır"

Gürcüstanda müharibə olarsa, soydaşlarımızı necə qoruyaq... - "Rəsmi Tiflis məsuliyyət daşıyır"

Gürcüstanda müharibə olarsa, soydaşlarımızı necə qoruyaq... - "Rəsmi Tiflis məsuliyyət daşıyır"
Gürcüstan-Rusiya münasibətləri getdikcə gərginləşir. Buna səbəb də "Cənubi Osetiya Respublikası” ilə rəsmi Tiflisin növbəti dəfə üz-üzə gəlməsidir. Gürcüstanın qondarma rejimlə inzibati sərhədə yaxın Çorçana kəndində polis postu yerləşdirməsi Kremli də ciddi narahat etməyə başlayıb.

Hətta rus telekanallarında mümkün müharibə variantlarından söz açılır. Gürcüstan hökuməti "Cənubi Osetiya Respublikası”nı yerində otuzdurmaq üçün hərəkətə keçsə, heç şübhəsiz ki, qarşısında orada separatçı rejim yaradan Rusiyanı görəcək.

Gürcüstan-Cənubi Osetiya gərginliyi Azərbaycanı da ciddi narahat edir. Buna səbəb də oradakı soydaşlarımızın taleyidir. Rusiya 11 il öncəki kimi Gürcüstan ərazilərinə təcavüz edərsə, oradakı soydaşlarımız da ciddi zərər görə bilərlər. Belə olacağı təqdirdə, Azərbaycanın onları qorumasının vacibliyi önə çıxacaq. Bunu isə necə etməklə bağlı müxtəlif mövqelər səslənir.

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli durumu bu cür analiz edir: "Xalqımız soydaşlarımızın yanında olmalıdır. Hər halda bu məsələdə Gürcüstanın yanında olacağıq. Bu belə də olmalıdır. Təəssüf ki, Cənubi Qafqazda siyasətin yerini pul tutur. Bu, çox qorxulu tendensiyadır. Gürcüstanın BMT tərəfindən təsbit olunmuş sərhədləri var. O sərhədləri soydaşlarımız da, dövlətimiz də tanıyır. Onun sərhədlərinə Rusiya təcavüz edərək işğal həyata keçirib. Gürcüstan öz ərazisində post da qura, başqa hərəkətlər də edə bilər. Orada bir başqasını aşağılamaq, məhv etmək yoxdursa, ora Rusiyanın müdaxilə etməsi mümkünsüzdür.

Cənubi Osetiya və Abxaziya separatçılardır, Rusiyanın tabeçiliyindədirlər. Şimal qonşumuz bölgəyə müdaxilə etmək üçün fürsətlər axtarır. Hesab edirəm ki, Gürcüstanın Avropa ilə qurduğu münasibətlər bu ölkənin dəstəyini daha da gücləndirəcək. Rəsmi Tiflisin yanında olmaq Azərbaycanın əsas görəvlərindən biri olmalıdır. Baxmayaraq ki, hazırkı gürcü iqtidarının ölkəmizə qarşı münasibəti o qədər də xoş deyil. Gürcüstan-Azərbaycan münasibətləri pisləşərsə, mənə elə gəlir ki, başqa düşmənə ehtiyac yoxdur, onlar yetərlər”.

Politoloq Məhəmməd Əsədullazadə: "Gürcüstanın separatçı Cənubi Osetiya ilə sərhəddə ciddi problemlərinin yaranması, əsasən, Sxinvali-Moskva tandeminin nəticəsidir. Osetiya tərəfi daima sərhədi Gürcüstanın içərilərinə çəkməklə məşğul olub. Son iki ildə bu daha da qabarıq vəziyyətdədir. Moskva və Suxumi tərəfi, həmçinin sərhəd kəndlərində gürcülərə qarşı diskirminasiya siyasəti həyata keçirməklə buradan gürcülərin köçürülməsinə nail olub. Bunun qarşısını almaq üçün Tiflisin sərhəddə postlar qoyması qanunidir və burada münaqişəni qızışdıracaq addımlar atmır. Əsl münaqişəni qızışdıran məhz Suxumi tərəfidir. Ümumiyyətlə, Rusiya Gürcüstanda son etiraz aksiyalarından sonra bu ölkəyə təzyiqləri artırıb. 2008-ci il müharibəsindən sonra daha təhlükəli vəziyyət yaranıb. Suxumi tərəfi gürcü postlarına hücum edə bilər. Bu da yeni müharibə deməkdir.

Son illərdə ABŞ-ın NATO çətiri altında bu ölkədə mütəmadi təlimləri və sonra ABŞ bazasının burada yerləşdirilməsi planı Moskvanı hərəkətə gətirib. Ona görə də Moskva provakasiyaya əl ata bilər. Yeni müharibə lokal ola bilər. Geniş miqyasda müharibənin başlanmasını gözləmirəm. Əgər, fərqli ssenari olarsa, burada yaşayan soydaşlarımıza dəstəyimiz humanitar yardımlar ola bilər. Onların müdafiəsinə ilk növbədə rəsmi Tiflis məsuliyyət daşıyır. Əgər, böyük müharibə qaçqın axınına gətirib çıxarsa, təbii ki, qəbul edə bilərik. Amma, belə bir problemi gözləmirəm. 2008-ci il müharibəsində Azərbaycan kifayət qədər Gürcüstana, hərbi istisna olmaqla, bütün köməklikləri göstərdi. Ümumiyyətlə, Cənubi Qafqazda geosiyasi vəziyyət mürəkkəbdir. Gürcüstan tərəfi Moskvanın daima təzyiqləri ilə üzləşəcək. Abxaziya və Cənubi Osetiya istiqamətində lokal döyüşlər də mümkündür”. //"Yeni Müsavat”//