Şəfəqə Doğru » Gündəm » “Medianın istənilən məsələ ilə bağlı sərgilədiyi mövqe hər zaman çox önəmlidir, çünki...”

“Medianın istənilən məsələ ilə bağlı sərgilədiyi mövqe hər zaman çox önəmlidir, çünki...”

“Medianın istənilən məsələ ilə bağlı sərgilədiyi mövqe hər zaman çox önəmlidir, çünki...”

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə siyasi partiya təmsilçiləri, QHT nümayəndələri ilə yanaşı, media əməkdaşları da iştirak edib, onların da müzakirə edilən məsələlərlə bağlı rəy və təklifləri dinlənilib.

Cəmiyyətimizi naraaht edən ümummilli məsələlərlə bağlı siyasətçilərlə yanaşı, media nümayəndələrinin də fikrinin öyrənilməsi mediamızın ölkə həyatında artan rolunun təsdiqi hesab edilə bilərmi? Bundan sonra da ölkə əhəmiyyətli məsələlərdə media nümayəndələrinin də rəyi nəzərə alınmalıdırmı?

Moderator.az-a açıqlama verən Bakı Dövlət Universitetinin "Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu medianın rəyinin nəzərə alınmasının vacibliyinə diqqət çəkib:

"Hər bir cəmiyyətdə, hər bir ölkədə media həmin cəmiyyət və ölkənin aparıcı institutu funksiyasını icra edir. Media nədir? Media cəmiyyətin güzgüsüdür. Hələ Həsən bəy Zərdabi o zaman yazırdı ki, hər qəzet öz məmləkətinin aynasıdır. Media cəmiyyətin avanqard, aparıcı hissəsini təşkil edir. Azərbaycanda da media bu funksiyanı icra edir. Bu mənada medianın rəyi, medianın düşüncəsi, medianın yanaşması, medianın hər hansı məsələ ilə bağlı sərgilədiyi münasibət çox önəmlidir. Buna xarici ölkələrdə də hər zaman diqqət edilir. Medianın mövqeyi hər zaman nəzərə alınır. Çünki media cəmiyyəti təmsil edir, onun istəklərini təqdim edir. Bu mənada medianın baxışı hər zaman nəzərə alınır. Odur ki, ölkəmizdə də media təmsilçilərinin mövqeyinin nəzərə alınması müsbət bir haldır.  Azərbaycan mediası hər zaman sözünü deməyi bacarmış, dövlətçiliyimizin qurulmasında iştirak edən mediadır. Azərbaycan jurnalistikası tarixi keçmişi olan, oturuşmuş, peşəkar jurnalistikadır. Bu səbəbdən də onun mövqe və baxışlarının nəzərə alınmasına yalnız müsbət yanaşmaq olar”.

 

Seymur ƏLİYEV