Şəfəqə Doğru » Gündəm » “Paşinyanın ətrafında elə bir tor qurulur ki...” - GƏLİŞMƏ

“Paşinyanın ətrafında elə bir tor qurulur ki...” - GƏLİŞMƏ

“Paşinyanın ətrafında elə bir tor qurulur ki...” - GƏLİŞMƏ
Ermənistan cəmiyyətində inqilab eyforiyası aradan qalxır. Paralel olaraq inqilabın lideri, baş nazir Nikol Paşinyan hökumətinin isə durumu getdikcə ağırlaşır. Həm daxildə narazılıqlar, Qarabağ klanı ilə savaş vəziyyəti, həm xaricdən təzyiqlərin olması, həm də əhalinin sosial-iqtisadi vəziyyətinin get-gedə ağırlaşması Paşinyan iqtidarını ciddi sınaqlarla üz-üzə qoyub. Prosesin gedişatının Nikol Paşinyan hakimiyyətinin sonu ilə nəticələnə biləcəyi proqnozları verilməyə başlayıb. Gedişat Ermənistanda yeni inqilaba aparırmı? Azərbaycana iki ən pisdən hansı nisbətən sərf edir-Nikol Paşinyanın hakimiyyətdə qalması, yoxsa devrilməsi və yeni iqtidarın Ermənistanda iş başına gəlməsi?

Politoloq Nəzakət Məmmədova "Yeni Müsavat”a bildirdi ki, inqilablar, çevrilişlər tarix boyu bir sıra qanunauyğunluqlarla müşahidə olunur. Onlardan biri də bundan ibarətdir ki, inqilab başa çatdıqdan sonra onun başında duranlar vədlərinə əməl etməsələr, onları öz çiyinlərində, gül-çiçəklə hakimiyyətə gətirən kütlə onlara qarşı daha amansız olur, hakimiyyət olimpinə yüksəltdiyi kimi, zirvədən aşağı yuvarlayır, ayaqları altına alıb tapdalayır. Ermənistan hazırda bu cür vəziyyət ərəfəsindədir: "Paşinyana qarşı təxribatlar aramsız şəkildə davam edir. Onun ətrafında elə bir tor qurulur ki, o, heç cür bu vəziyyətdən çıxa bilmir, istənilən seçim onun zərərinədir. Məsələn, son günlər Amulsar qızıl mədəni ətrafında baş verənlər də bunu sübut edir. Ermənistan prezidenti Armen Sarkisyan Amulsar qızıl mədənini istismar edəcək olan "Lydian International” şirkətinin Direktorlar Şurasının üzvüdür.

Deməli, Paşinyan İngiltərə, ABŞ, Ermənistan prezidenti, xalq, demokratiya və öz reputasiyası arasında ciddi seçim etmək məcburiyyətində qalır. Paşinyan artıq Amulsarın istismarına icazə verəcəyini deyib. Bununla da ona etimad göstərən xalqın inamını itirmək istiqamətində daha bir addım atıb. Bu, Paşinyanın imicinə vurulmuş böyük zərbə olacaq və onu xalqın tərəfində dayanmış, onun iradəsini əsas prinsip hesab edən siyasətçi imicindən bir addım da uzaqlaşdıracaq”.

Politoloqun fikrincə, Azərbaycana o şəxsin Ermənistanda hakimiyyətə gəlməsi sərf edərdi ki, o, normal təfəkkürə sahib olan, işğalçılığın beynəlxalq hüquqi cinayət olduğunu anlayan, xəstə təxəyyülün məhsulu olan "Böyük Ermənistan” ideyasının puç olduğunu cəsarətlə ifşa edib ölkəsini tamamilə başqa istiqamətdə aparmaq iradəsi olan bir lider olsun: "Diasporadan, xarici güclərdən asılı olmayan bir siyasətçinin Ermənistan prezidenti, yaxud baş naziri olması əlbəttə ki, bütün region üçün zəruri şərtlərdən biridir.

Lakin bunun Ermənistanda reallaşması inandırıcı deyil. Ermənilər içərisindən tarix boyu çox nadir hallarda bu cür düşüncəli şəxs yetişib. Olsa belə, həmin adama heç vaxt dövlətin başına gəlmək, orada duruş gətirmək müyəssər olmayıb, bundan sonra da çətin ki, bu, baş verə. Həmin şəxsin özünü ermənilər ümumerməni işinə mane olan yad ünsür kimi aradan götürərlər, necə ki, indiyə qədər ediblər. Onlar ən mütərəqqi ideyalara qarşı terror həyata keçirməkdə mahirdirlər. Odur ki, Ermənistanda hakimiyyətə gələn istənilən şəxs işğalçı kimi düşünməyə, davranmağa məhkumdur, əks halda, onun iflasa uğraması labüd sonluqdur. Paşinyan hakimiyyətdən gedəcəyi halda onun yerinə yenidən Qarabağ klanının hakimiyyətə qayıdışı istisna deyil. Qarabağ klanının da uzun illər hakimiyyətdə olmasının nəticələri, Qarabağ probleminə təsirinin necə olduğu bəllidir".

Bir sıra siyasi analitiklər isə hesab edir ki, Ermənistanda Paşinyanla Köçəryan arasındakı gərginliyin uzanaraq gərginləşməsi Azərbaycana sərf edir. Təcrübə göstərir ki, Qarabağ məsələsinə münasibətdə Köçəryan-Sərkisyan tandemi bizim üçün ən pis variantdır. Əli azərbaycanlıların qanına batmış və Rusiyanın imperial dairələri ilə sıx əlaqədə olan bu iki fiqurun Ermənistanda mövqelərini qoruması, gücləndirməsi, hakimiyyətə qayıdışı Azərbaycan üçün ən pis variantdır. Digər tərəfdən, Paşinyan son 1 ildə Qarabağ məsələsində yaxşı heç nə ilə yadda qalmadı. Əksinə, radikal yanaşmaları fəal şəkildə istifadə etdi. Əslində ondan qısa müddətdə Qarabağ məsələsində nisbətən yumşaq münasibət gözləmək də özünü aldatmaq olar.

Hər bir halda Azərbaycan torpaqlarımızın azad edilməsi üçün öz gücünə arxalanmalıdır, Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq.