Şəfəqə Doğru » Gündəm » Kölgə iqtisadiyyatı daha çox özəl sektorda: Dövlət məsuliyyətdən kənar deyil

Kölgə iqtisadiyyatı daha çox özəl sektorda: Dövlət məsuliyyətdən kənar deyil

Kölgə iqtisadiyyatı daha çox özəl sektorda: Dövlət məsuliyyətdən kənar deyil
Vergilər naziri Mikayıl Cabbarovun Azərbaycanda kölgə iqtisadiyyatının həcmi ilə bağlı açıqlamasından sonra bu istiqamətdə müzakirələr geniş vüsət aldı. Korrupsiyanı, kölgə iqtisadiyyatını şərtləndirən amillər sadalanmaqla yanaşı, bu problemdən çıxış yolları da vurğulandı. 

Xatırladaq ki, M.Cabbarov haqqında söhbət gedən açıqlamasında pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formallığın mövcud olmasına diqqət çəkib. Statistika Komitəsi ilə Vergilər Naziliyinin göstəriciləri arasında kəskin fərq olduğunu deyən nazir bildirib ki, 2018-ci ilin nəticələrinə görə, bu fərq təxminən 7 dəfəyə qədər olub. 

Həmin açıqlamadan sonra yaranan müzakirələr zamanı əsas mövzulardan biri isə kölgə iqtisadiyyatının daha çox hansı sektorda mövcud olmasıdır. Bu barədə ekspertlərin fikirləri müxtəlifdir. Bəziləri özəl sektorda, bəziləri dövlət sektorunda daha çox problemin olduğu qənaətindədirlər.

"Azərbaycan sosial dövlət modeli quruculuğu yolunda inamla irəliləyir” deyən iqtisadçı ekspert Pərviz Heydərov məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında bildirdi ki, cari ildə bu sahədə bir çox məlum ciddi addımlar atıldı: 



"Bununla belə, hədəfə tam çatmaq üçün hələ çox məsafə qət etməliyik. Çünki ümumi gəlir bölgüsündə problemlər mövcuddur. Minimum əmək haqqını yaşayış minimumu səviyyəsinə yalnız bu il çatdırmaq mümkün oldu. Halbuki, dövlət gəlirlərimiz 2015-2016-cı illərdən əvvəl indikindən yüksək idi. Buna baxmayaraq, sözügedən bərabərləşməni yalnız bu il əldə edə bildik. Niyə və nəyin hesabına? Bilavasitə, son 1 il ərzində ölkədə həyata keçirilməyə başlanılan şəffaflığın, yeni yanaşmanın və islahatların sayəsində. Demək istədiyim budur ki, sosial dövlət modeli quruculuğunda bütün problemlərin kökündə məhz kölgə iqtisadiyyatı dayanır. Kölgə iqtisadiyyatı olan yerdə dövlət və hökumət sosial istiqamətdə nə qədər güclü siyasət yeridir yeritsin, bunun effektlilik səviyyəsinin bir hissəsi "qara dəlik işığı udduğu” tək mənimsənilir. Bu, çox ciddi problemdir. Təkcə bir faktı xatırladım ki, 2018-ci ildə kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması istiqamətində görülən işlər nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayındırılma halı aşkarlanaraq, büdcəyə daxil edilib. Bunlar hələ vergi yoxlaması nəticəsində ortaya çıxanlardır. Bu göstərir ki, bizdə kölgə iqtisadiyyatı kifayət qədər böyük paya sahibdir. Milli gəlirin bölgüsündə ədalətsizlik elementlərinin kökündə də məhz bu amil dayanır. Odur ki, dövlətimizin sosial aspektdə cari ildən daha da gücləndirdiyi, illərlədir nümayiş etdirdiyi səylərin maksimal səviyyədə effekt verməyini istəyiriksə, "kölgə iqtisadiyyatının” səviyyəsi mütləq şəkildə azaldılmalıdır”. 

Ekspertin sözlərinə görə, məsələn, ölkəmizdə insanların müəyyən qisminin rəsmi qeydiyyata alınmadan, yaxud aşağı əmək haqqı göstərilməklə işləməsi kölgə iqtisadiyyatının əsas əlamətlərindəndir: 

"Odur ki, belə bir şəraitdə icbari tibbi sığorta mexanizminin özü də tətbiq olunaraq, keyfiyyətli işləməyə bilməz. Buna görə də kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması istiqamətində addımlar davam etdirilməlidir. Təsadüfi deyil ki, bu ildən dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi, "kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunan nəticələr qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artımına gətirib çıxarır. Və özəl sektordan vergi daxilolmalarının xüsusi çəkisinin yüksəlməsi müşahidə olunur. Bununla belə, gəlirlərini tam şəkildə şəffaf bəyan etmək istəməyən vergi ödəyicilərinin sayı az deyil. Bu, yenə özəl sektordadır. Cari ilin yanvar-avqust aylarında qeyri-dövlət sektorunda 88 mindən çox əmək müqaviləsi bağlanıb. Sözügedən rəqəm çox böyük göstəricidir. Bundan başqa, ticarət və xidmət sferalarında hələ də üzə çıxarılası vəsaitlər mövcuddur. Hansı ki bunlar, haqsız rəqabətə və onun genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə gətirib çıxarır. Sözsüz ki, tam şəffaflığa nail olmaq üçün müəyyən vaxt lazımdır. Və bu zaman, sırf inzibati metodlardan çəkinmək də tələb olunmaqdadır. Belə ki, büdcə-fiskal siyasəti inzibati addımlarlarla bərabər həyata keçirilməlidir”.

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, dünyada qəbul olunmuş qaydaya görə, kölgə iqtisadiyyatı fəaliyyətlərin rəsmiləşdirilməməsi halına deyilir: 



"Yəni qeyri-qanuni fəaliyyətdən söhbət getmir. Məhz iqtisadi fəaliyyətlərin qanuniləşdirilməməsindən söhbət gedir kölgə iqtisadiyyatı dedikdə. Məsələni bu kontekstdən qiymətləndirdikdə Azərbaycanda daha çox qeyri-dövlət sektorunda kölgə iqtisadiyyatı müşahidə edilir. Dünya Bankının bununla bağlı araşdırmaları və 2017-ci il üzrə hesablamalarına görə, qeyri-dövlət sektorunda iqtisadiyyatın 66 faizi kölgə iqtisadiyyatının payına düşürdü. Dövlət sektorunda vəziyyət nisbətən fərqlidir. Burada məcburi öhdəliklər var, onların yerinə yetirilməsi ilə bağlı subyektin üzərində hər hansı bir əlavə yükü formalaşmır, çünki bütün layihələrdə qeyd edilən xərclər smeta dəyərində əksini tapır. Buna görə də həm əmək bazarı ilə münasibətdə, həm də iqtisadi fəaliyyətlərin digər istiqamətlərinə münasibətdə dövlət sektoru daha şəffaf və rəsmi iqtisadiyyatın əsası hesab edilir. Çünki burada qeyri-rəsmi fəaliyyətlərlə məşğul olmaq nisbətən çətindir. Vəsaitlər səmərəsiz istifadə olunur, korrupsiyanın predmetinə çevrilir, satınalmalar zamanı şəffaflıq qorunmur və s. bunlar fərqli məsələlərdir. Mən o qənaətdəyəm ki, iqtisadiyyatda əsasən qeyri-rəsmi sahibkarlıq fəaliyyəti özəl sektorda müşahidə olunur. Bunun da müxtəlif səbəbləri var. Bunlardan ən vacibi Azərbaycanda vergi institutunun təkmil olmaması, vergi yükünün ağır olmasıdır. Məsələn, Dünya Bankının hesabatlarına görə, 2018-ci ildə Azərbaycanda vergi yükü bir sıra ölkələrlə müqayisədə çox yüksək olub. Ölkədə kommersiya gəlirlərində vergi xərclərinin həcmi 40,8 faizdir. Hansı ki, Gürcüstanda bu göstərici 16,5-17 faiz, Qazaxıstanda 29 faizdir. Neft ölkələri ilə müqayisə aparmış olsaq BƏƏ, Səudiyyə Ərəbistanı, Qatar, Küveyt kimi ölkələrdə 14-16 faiz, daha kapitalist ruhlu Böyük Britaniyada 30 faizdir. Göründüyü kimi, Azərbaycanda vergi yükü hələlik mövcud şəraitin dəyişməsi üçün qənaətbəxş deyil. Bu istiqamətdə işlərin görülməsinə ehtiyac var”.

R.Həsənov qeyd etdi ki, iqtisadiyyatda iştirak edənlərin strukturunun gizli iqtisadiyyata təsiri amili də mövcuddur. Məsələn, məmur iqtisadiyyatının geniş yayılması və himayədarlıq öz növbəsində qeyri-rəsmi iqtisadiyyatla məşğul olma səviyyəsini yüksəldir: "Çünki bu halda subyektlər özlərini daha arxayın hiss edirlər, qanunlar üzərindən keçilə bilən maneədir, ona görə də onlar öz dövriyyələrini rahat gizlədirlər. Digər subyektlər niyə qeyri-rəsmi fəaliyyətə üstünlük verirlər? Bu sualın cavabı belədir ki, əgər bazarda müəyyən qism iştirakçı rəsmi fəaliyyət göstərmirsə, digərləri üçün də bu imkanlar məhdudlaşır. Əks halda onlar bazarda rəqabət apara bilməzlər. Birinin xərclərinin çox, birinin az olması son nəticədə birinin uduzmasına gətirib çıxarır. Belə şərtlər daxilində təbii ki, sahibkar instinktiv olaraq özünü qorumağa başlayır. Bu, kölgə iqtisadiyyatının miqyasının geniş olmasına gətirib çıxaran bir amildir. Burada digər fundamental şərt isə bu istiqamətdə dövlət siyasətini həyata keçirən qurumların uzunmüddətli dövrdə qeyri-şəffaf fəaliyyətinin olmasıdır”.

Ekspertin sözlərinə görə, problemin həlli yolu kompleks tədbirlərin həyata keçirilməsindən keçir. R.Həsənov qeyd edir ki, ilk növbədə məmurla biznes arasında sərhəd formalaşdırılmalıdır və qanunvericiliyin bu istiqamətdə bütün tələbləri ən ali səviyyədə qorunmalıdır: "Nə qədər ki, biznesdə məmur var, nə qədər ki, məmur həm də oliqarxdır, qeyd edilən məsələnin həllində nəticə əldə etmək mümkün olmayacaqdır. İkincisi, vergi orqanlarının fəaliyyətində olan nöqsanlar tamamilə aradan qalxmalıdır. Hansısa qeyri-rəsmi sövdələşmələr, rüşvət və s. bu kimi hallara yol verilməməlidir, qarşılıqlı inam formalaşdırılmalıdır. Digər yandan, cəmiyyət və dövlət arasında etibar yaranmalıdır. Bunun üçün də korrupsiya ilə çox sərt şəkildə mübarizə aparılmalıdır, cəmiyyət də bunun nəticəsini görməlidir. Dördüncüsü, texniki alətlərdən də istifadə olunmalıdır. Bu gün dünyada kölgə iqtisadiyyatı ilə mübarizədə ən geniş istifadə olunan mexanizm nağdsız ödənişlərdir. Dünyada bəzi hallarda kölgə iqtisadiyyatı ilə nağd ödəniş eyniləşdirilir. Yəni nağd dövriyyə nə qədərdirsə kölgə iqtisadiyyatı da o qədər hesab olunur. Beşincisi, təşviqlər olmalıdır. Hansısa birtərəfli inzibati yolla problemin həllini düşünmək səhvdir. Bu kimi işlərdə təşviqlər mühüm alətlər hesab olunur. Vergi tətilləri verilməlidir, kütləvi amnistiyalar elan olunmalıdır, vergi yükünün azaldılması istiqamətində atılan addımlar daha da dərinləşdirilməlidir. Faktiki olaraq bu gün vergi bazasının 30-35 faizi aktivdir, 65-70 faizi məhz kölgə iqtisadiyyatının predmetidir. Bunun leqallaşdırılması üçün təşviqlər lazımdır. Qanunların keçərliliyi təmin olunmalı, qəbul edilən qərarların icra mexanizmi yaradılmalıdır. Bundan əlavə, müəyyən inzibati tədbirlər də reallaşdırılmalıdır”. 

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi