Şəfəqə Doğru » Gündəm » Məmurların mediaya çıxışı: - Vəzifəlilər mətbuatla işləməkdə maraqlı olmalıdırlar

Məmurların mediaya çıxışı: - Vəzifəlilər mətbuatla işləməkdə maraqlı olmalıdırlar

Məmurların mediaya çıxışı: - Vəzifəlilər mətbuatla işləməkdə maraqlı olmalıdırlar
"Media ilə işləmək əslində vəzifəyə yeni təyin olunan gənc kadrların özünə lazımdır”. Bunu Sherg.az-a açıqlamasında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

MŞ sədrinin müavini bildirib ki, Prezident gənc kadrlara etimad göstərərək, onlara müəyyən postları həvalə edib:

"Yeni təyinat alanlar gördükləri işləri cəmiyyətə çatdırmaq üçün KİV-lə işləməlidir. Yeni kadrlar medianın gücündən istifadə etmək üçün mətbuatla sıx əməkdaşlıq etməkdə maraqlı olmalıdırlar. Bununla həm gördükləri işlər barədə, həm də onlara göstərilən etimadı nə dərəcədə doğrultduqları haqqında mediaya ətraflı məlumat vermək imkanı qazanırlar. Ancaq məsələnin başqa tərəfləri də var. Cənab Prezident son vaxtlar bütün görüşlərində xüsusi olaraq bir məqamı vurğulayır. Dövlət başçısı medianın üzərinə böyük məsuliyyət qoyur. Daha doğrusu, mətbuatın məsuliyyətini jurnalistlərə bir daha xatırladır. Media dövlət qurumları tərəfindən görülən işlər, yeni təyin olunan kadrlar və onların fəaliyyəti barəsində ictimaiyyətə dolğun və obyektiv informasiya verməlidirlər. Media ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Onsuz da medianın işi ictimai nəzarət funksiyasını icra etməkdir. Amma dövlət başçısının məlum çıxışı medianı bir qədər də ürəkləndirdi. Bundan sonra media cənab Prezidentin çıxışına uyğun olaraq daha aktiv fəaliyyət göstərəcək və ictimai nəzarət funksiyasını effektli şəkildə yerinə yetirəcək. Həmçinin, baş verən proseslərin cəmiyyətə düzgün çatdırılmasına çalışacaq. Ona görə də istər vəzifəyə yeni təyin olunmuş kadrlar, istərsə də əvvəldən fəaliyyət göstərən məmurlar bilməlidirlər ki, cənab Prezidentin apardığı islahatlar kursunun önəmli tərəfi şəffaflaşmadan ibarətdir. Bu şəffaflandırma üçün də əsas mexanizmlər - vətəndaş cəmiyyətləri institutları və KİV-lərdir”.

M.Ələsgərli vurğulayıb ki, medianın üzərinə böyük məsuliyyət düşür:

"Əlbəttə, mətbuat ictimai nəzarət funksiyasını yerinə yetirir, bundan sonra da yerinə yetirəcək. KİV-lərdə həm təşviqedici, həm də tənqidedici materiallar gedir. Amma hamımız görürdük ki, bəzi məmurlar mediaya müsahibə verməkdən imtina edirdilər, jurnalistlərin suallarına cavab vermirdilər. Hətta jurnalistlərə hədə-qorxu da gəlirdilər. Bəziləri isə deyirdilər ki, "gedin kimə, hara istəyirsizsə, şikayət edin”. Bütün bunlar sosial şəbəkələrdə ictimailləşdirilirdi. Ancaq indi onlara bir mesaj verildi ki, prosesin arxasında birbaşa cənab Prezident durur. Hər kəs bunu olduğu kimi qəbul etməli və öz işini ona uyğunlaşdırmalıdır. Ölkədə kompleks aparılan islahatların bir tərəfi şəffaflaşdırmadır və bu prosesdə media da iştirak etməlidir”.