Mirələm İbrahimov Ağcabədi Pedaqoji Kollecini getdikcə daha çox tənəzzülə aparan özbaşınalıqlara yol verərkən, RİH başçısı ilə olan qohumluq əlaqələrinə güvənir.
Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan gözlənilən mütərəqqi nəticələr, rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu bəzi tədris müəssisələri üçün hələ də əlçatmaz olaraq qalır. Bu baxımdan Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimovun fəaliyyəti də yerli ictimaiyyət tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir.Shafaqadogru.com bizimdovr.az-a istinadən xəbər verir ki, daxil olan məlumatlara görə fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün), texnologiya müəllimliyi, musiqi müəllimliyi, informatika müəllimliyi (ümumi orta təhsil bazası üçün), təsviri incəsənət müəllimliyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə mütəxəssislər hazırlayan Ağcabədi Pedaqoji Kollecində bir çox xoşagəlməz hallar yaşanmaqdadır. Kolleclə bağlı məlumatları təqdim edən mənbə iddia edir ki, hazırda adıçəkilən təhsil ocağında müxtəlif səpkili özbaşınalıqlar hökm sürdüyündən bu, kollecin müəllim və tələbə heyətinin ciddi narazılığına səbəb olur. İş o yerə çatıb ki, artıq tələbələrlə yanaşı, müəllimlərin də bir qismi bu təhsil müəssisəsində baş verənlərə, direktorun əməllərinə, yol verilən ciddi nöqsanlara qarşı qəti etirazlarını bildirirlər. Mövzuya dair ötən günlərdə dərc edilən yazılarda da qeyd olunduğu kimi, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimovdan əvvəl bu müəssisəyə rəhbərlik etmiş Sahib Hüseynov öz işində yol verdiyi qanun pozuntuları səbəbindən həbs olunduqdan sonra, çoxları belə bir səhv qənaətə gəlmişdi ki, ən azından məhz bu məqam yeni rəhbərliyin artıq köhnə səhvlərə yol verməyəcəyinə bir təminat olacaq. Lakin çox az bir müddətdən sonra, kollecin hətta ən nikbin əhval-ruhiyyəli kollektiv üzvləri də gözləntilərinin əsassız olduğuna əmin oldular. Bu barədə açıqlama verən mənbələr iddia edirlər ki, son vaxtlar Ağcabədi Pedaqoji Kollecindəki durum daha da gərginləşib. Belə ki, alınan məlumatlara görə, hazırda kollecdə özbaşınalıq, hərcmərclik və rüşvət yığımları indiyədək müşahidə olunmamış bir həddə çatıb. Belə ki, daxil olmuş yeni məlumatlara görə, artıq başlamış yay sessiya imtahanlarının pulları da tələbələrdən yığılaraq direktora təhvil verilmişdir. Mənbə bildirir ki, bu məqsədlə bütün tələbələrdən, buraxılış kursları istisna olmaqla, 350-400 manat məbləğində vəsait toplanıb. Kolleci problemsiz başa vurmaq arzusunda olan son kurs tələbələri isə, buraxılış işi üçün 600 manat və imtahanlar üçün 450 manat ödəməli olublar. Həmçinin məlumatlarda xüsusi olaraq vurğulanır ki, son vaxtlar Ağcabədi Pedaqoji Kollecində dərslərə davamiyyət məsələsi də əsil problemə çevrilib. Belə ki, bəzi tələbələrin dərslərdən yayınmağa meyilli olmalarını, bir başqalarının isə, kollecə qəbula sırf diplom əldə etmək üçün vasitə kimi baxmalarını Mirələm İbrahimov şəxsi qazanc mənbəyinə çevirə bilib. Mənbələrin iddialarına görə, bu gün, hər ay üçün 150 manat ödəmə müqabilində, tələbələr dərslərdən tam azad oluna bilərlər. Məhz elə bu səbəbdən də, son illər Ağcabədi Pedaqoji Kollecinin məzunları işləmək üçün müraciət etdikləri müəssisə və təşkilatlarda heç də məmnunluq hissi ilə qarşılanmırlar. Mirələm İbrahimov isə, rəhbərlik etdiyi kolleci getdikcə daha çox tənəzzülə aparan bütün bu özbaşınalıqlara yol verərkən, ilk növbədə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla olan qohumluq əlaqələrinə güvənir. Bu iddialar da məhz mənbələrin təqdim etdikləri açıqlamalarda irəli sürülür...
Yazıda adı keçən bütün tərəflərin məsələyə münasibətini öyrənməyə hazırıq.