Şəfəqə Doğru » Gündəm » Bölgədə savaş “rüzgarı”: İran daxildən çökdürülür? - TƏHLİL

Bölgədə savaş “rüzgarı”: İran daxildən çökdürülür? - TƏHLİL

Bölgədə savaş “rüzgarı”: İran daxildən çökdürülür? - TƏHLİL
İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds” ordusunun komandanı Qasim Süleymaninin ABŞ hərbi hava qüvvələri tərəfindən öldürülməsindən sonra hadisələrin hansı istiqamətdə cərəyan edəcəyi günün ən aktual sualına çevrilib.

İran rəsmiləri general Süleymaninin qisasını almaq üçün ABŞ-a cavab zərbələri endirəcəklərinə dair bəyanatlar verir. Ancaq rəsmi Tehran onun da fərqindədir ki, ABŞ-a qarşı istənilən açıq hərbi əməliyyata və terror aktına start verilməsi İran üçün dağıdıcı zərbə ilə nəticələnə bilər. Sadəcə, qeyd etmək kifayətdir ki, Əfqanıstandan Ərəbistan yarımadasına və İordaniyaya qədər, yəni İranın ətrafı boyu ABŞ-ın 28 böyük hərbi bazası var.

İraqdakı hərbi bazada 5200 nəfərlik hərbi qüvvə saxlayan Amerika bu günlərdə İran sahillərinə daha 4 min nəfərlik çevik qüvvələrdən ibarət qoşun, 6 ədəd "B-52” bombardmançı təyyarəsi göndərib. Prezident Donald Tram isə 2 trilyon dollar dəyərində silah və raketin hazırda İrana tuşlandığını və 52 obyektinin məhv ediləcəyini deyib. Belə olan təqdirdə, İranın açıq qarşıdurmaya getməsi Yaxın və Orta Şərqdə fəlakətli və dağıdıcı müharibənin baş verməsinə səbəb ola bilər. Dünən gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri İraqdakı ABŞ hərbi bazasına zərbə endirib. Pentaqonun məlumatına görə, bazaya 10-dan artıq raket göndərilib. "Tasnim” xəbər agentliyi isə İran tərəfindən raket atəşinin gedişatında ABŞ-ın Hərbi Hava Qüvvələrinin təyyarəsi İraqın "Ayn-al-Asad" bazasında uçuş-enmə zolağında məhv edildiyi xəbərini yayıb. Ekspetlərin rəyinə görə, İran birbaşa olmasa da, müxtəlif terrorçu təşkilatlar vasitəsilə ABŞ-ın hərbi bazalarına və ərəb coğrafiyasındakı müttəfiq ölkələrinə zərbələri davam etdirə bilər. Əks təqdirdə, İran rejiminin 40 ildir apardığı təbliğat iflasa uğrayacaq və cəmiyyətdəki reytinqi tamamilə sıradan çıxacaq. Lakin yaranmış vəziyyəti nəzərə alan İran savaşdan tədricən yayına da bilər. Bu isə SEPAH-ı terror təşkilatı kimin tanımış ABŞ-ın isə hərbi əməliyyatları dayandıracağı anlamına gəlmir. Belə ki, hələ 2019-cu il aprelin 8-də ABŞ SEPAH-ı terror təşkilatı elan etdiyi zaman Qasim Süleymaninin və digər generalların da öldürüləcəyi gözlənilən idi.

"İran ABŞ-ın Türkiyə və Azərbaycandakı diplomatlarına terror edə bilər”

Politoloq Fərrux Məmmədov "Cümhuriyət” qəzetinə bildirib ki, Qasım Süleymaninin öldürülməsi beynəlxalq siyasi səhnədə İranın nüfuzuna ciddi zərbə vurub. Bu, İranın mövqelərini zəiflətsə də, ABŞ-ın beynəlxalq münasibətlər sistemində mövcud nüfuzunun bir qədər də güclənməsinə səbəb olub:

"Məsələ Qasim Süleymaninin yalnız şəxsi ilə bağlı deyil. Suriya münaqişəsi başladıqdan sonra, son 7-8 ildə ABŞ-ın Rusiya-İran-Çin ittifaqı qarşısında zərbə aldığına dair rəylər var idi. Bu qüvvələr beynəlxalq ictimai rəyi birbaşa formalaşdırmasa da, bu təbliğatdan istifadə edirdilər. Lakin ABŞ-ın İran İslam İnqilabi Keşikçiləri Korpusunun xarici əməliyyatlar üzrə komandanını məhv etməsi və bu əməliyyatın İraq ərazisində, yəni Bağdadın mülki hava limanında həyata keçirilməsi göstərdi ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Mossad istənilən coğrafiyada, istənilən ölkədə qlobal prosesləri dəyişdirə biləcək belə addımlar ata bilir. İranın sakit dayanacağı inandırıcı görünmür. İran ABŞ-ın mülki vətəndaşlarına qarşı təhlükə törədə bilməz. Əgər dinc əhaliyə qarşı hər hansı təxribat və ya təhlükəli aksiya həyata keçirsə, o zaman alacağı cavab zərbəsi daha ağır olacaq. Bu gün İranın, nəinki, hərbi, hətta iqtisadi savaş aparmaq gücü belə, yoxdur. Hətta İranın müttəfiqi sayılan Rusiya və Çin də Qasım Süleymaninin qətlindən sonra verdiyi açıqlamaları da göstərdi ki, hər iki dövlət ABŞ-a qarşı mübarizədə müəyyən məsələlərdə rəsmi Tehranla müttəfiq olsa da bu hadisəyə görə müharibəyə qoşulmaq niyyətində deyil. Yəni nə Rusiya, nə Çin Qasım Süleymani məsələsinə görə İranın yanında yer almadı. ABŞ kəşfiyyatı Sankt-Peterburqda hazılanmış terror aktı barədə Rusiyanı məlumatlandırdıqdan sonra Prezident Vladimir Putin, Donald Trampa təşəkkür etdi. Ona görə də Rusiya Qasım Süleymani amilinə görə ABŞ-la qarşıdurmaya gedib özünün milli təhlükəsizlik maraqlarını pozmaq istəməz.

Digər tərəfdən, İran ABŞ-ın hərbi bazalarına və ya ordusuna qarşı müəyyən terror aktları, hücumlar davam etsə, o zaman əks tərəfin buna cavabı çox sərt olacaq. İran "Hizbullah”, "HƏMAS”, "Taliban” və digər terror qruplaşmalarına, hətta İŞİD-ə belə, maliyyə yardımı göstərə bilər. Yəni İran ABŞ-ın hərbi bazalarına birbaşa özü deyil, başqa terror təşkilatlarının əli ilə zərbə endirməyə çalışa bilər. Bundan başqa, ABŞ-ın Yaxın və Orta Şərq ölkələrindəki hərbi maşın karvanlarına hücumlar təşkil olunacağı da gözləniləndir. Hətta İranın üçüncü qruplaşmaların əli ilə ABŞ-ın müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə və Azərbaycandakı səfirliklərinin əməkdaşlarına terror aktlarının həyata keçirilməsi istisna olunmur. Çox güman ki, həm ABŞ-ın həm də İsrailin kəşfiyyatı bu təhlükəni nəzərə alaraq cavab tədbirləri görəcək”.

Qeyd edək ki, Qasim Süleymaninin öldürülməsi ABŞ-la İran arasında indiyə qədər davam edən hibrid müharibənin açıq müstəviyə keçməsi kimi dəyərləndirilir. Hətta İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançı ABŞ-ın İrana müharibə elan etdiyini deyib. Bir sıra siyasi müşahidəçilər isə tərəflər arasında müharibə ehtimalının kifayət qədər yüksək olduğunu bildirsə də bu təhlükənin hələ qarşıda olduğunu bildirir. Fərrux Məmmədov isə həm Vaşinqtonun, həm də Tehranın müharibənin başlanmasında maraqlı olmadığını deyir. Ekspertin fikrincə, ABŞ problemi sülh yolu ilə həll etməyə çalışacaq. Ancaq bölgədə hadisələrin gedişi İranın davranışından çox asılıdır:

"Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ Prezidenti Donald Tramp "Tvitter” hesabından verdiyi açıqlamada bu əməliyyatın İranla müharibə məqsədi daşımadığını və sülhə hesablandığını dedi. Çünki Süleymani başda "Hizbullah”, "HƏMAS” olmaqla Suriyada, İraqda silahlı qrupları maliyyə və silahla təmin edirdi. Onun məhv edilməsi həmin yardımın dayandırılmasına kömək etdi. Bu da müəyyən bir şəkildə sülhə doğru atılmış addım kimi dəyərləndirildi. Trampın bəyanatı da bununla bağlıdır. Əgər İran tərəfindən ABŞ vətəndaşlarına qarşı irimiqyaslı terror aktı törədilməsə rəsmi Vaşinqton heç bir halda Tehran rejimi ilə açıq müharibəyə başlamayacaq. Lakin beynəlxalq müstəvidə ABŞ-ın müttəfiqləri ilə birlikdə İrana qarşı təzyiqləri davam edəcək. Lakin İraq və Suriya ərazisində lokal toqquşmalar qaçılmazdır. ABŞ-ın İran ətrafında yerləşən ölkələrdə 250 min nəfərə yaxın ordusu mövcuddur. Bu isə o deməkdir ki, İranın ABŞ-a qarşı açıq müharibəyə başlaması inandırıcı deyil. Ancaq ABŞ-ın da İranla savaşa girəcəyi real görünmür. Çünki ABŞ bölgədə Suriya böhranı bitmədən İranla böyük hərbi toqquşmaya hazır deyil və bu prosesi dəstəkləmir. Qasım Süleymanini məhv etməklə ABŞ İrana düşmən deyil, tərəfdaş olmaq istədiyinə dair xəbərdarlıq mesajı verir. Lakin İranın xarici siyasi kursu ABŞ-a qarşı nifrət üzərində qurulacaqsa və belə davam edəcəksə, o halda, Tehran üçün daha ağır nəticələr baş verəcək. ABŞ İranla açıq savaşa başlamaqda maraqlı deyil”.

Politoloq bildirdi ki, Yaxın Şərq ABŞ üçün strateji əhəmiyyət daşıyır. Həmin regionda Vaşinqtonun Türkiyə və ərəb ölkələri ilə müttəfiqliyi mövcuddur. Qeyd edilən səbəbdən, İranın geosiyasi fəallığının artması və buna qarşı radikal mövqe tutması ABŞ-ı qane edə bilməz:

"Barak Obamanın prezidentliyi dövründə nüvə sazişini imzalamaqda da məqsəd İranı radikalizmdən uzaqlaşdırmaq və daha çox liberal islam dəyərələri üzərindən yeni bir İran modelini formalaşdırmaq idi. Lakin Tehran rejimi özünün radikal siyasi iddialarından əl çəkmədi. Nəticədə, özünün böyük bir komandanını itirərək ağır zərbə aldı. Hazırda İrana bağlı olan hərbi qruplaşmalar arasında böyük bir xaotik durum yaranıb. Xaosun hansı istiqamətə yönələcəyi isə məlum deyil. ABŞ bu silahlı qüvvələrə nəzarət etmək üçün Mossad, Böyük Britaniya, Türkiyə və Almaniyanın kəşfiyyat orqanları ilə əməkdaşlıq edir. ABŞ Qasım Süleymaninin əlaqələri ilə bağlı araşdıqmalar aparır və İrana bağlı silahlı qruplaşmalara maliyyə axınının kanallarını müəyyənləşdirməyə çalışır. Əgər ABŞ həmin maliyyə mənbələrini və onların köçürülmə yollarını aşkara çıxara bilsə, o zaman yüzlərlə belə qruplaşmalar məhv ediləcək. Digər tərəfdən, ABŞ İranın iştirakı olmadan bölgədə fəaliyyətin mümkün olmadığını anlayır. Ona görə də İrana açıq şəkildə liberal islami dəyərlər üzərindən əməkdaşlıq mesajı verilir. Mesajın İran tərəfindən nə dərəcədə qəbul edildiyini söyləmək çox tezdir. Çünki İran-ABŞ münasibətləri çox gərgindir. Bunu ali lider Ayətullah Xamneyi də bilir. Ona görə də İranın dini, hərbi və siyasi elitası cəmiyyətdə sabitliyin bərpasını gözləyəcək. Süleymaninin öldürülməsi İran cəmiyyətində birmənalı qarşılanmayıb. Bu, hakimiyyət daxilindəki qruplaşmalar arasında da nüfuz savaşını gücləndirəcək. ABŞ da bu qarşıdurmanı idarə etməyə çalışacaq”.

2019-cu il oktyabrın əvvəlindən başlayaraq, İraqda sosial tələblərlə başlayan və sonradan İran əleyhinə yönələn etiraz aksiyaları Tehranla Vaşinqton arasında geosiyasi mübarizə meydanına çevrildi. Qasim Süleymaninin fiziki məhvi də sözügedən prosesin nəticələrindən biri sayıla bilər. Bu baxımdan, SEPAH generallarının və "Həşd əş-Şaabi” silahlı birləşməsi komandanın müavini Mehdi əl-Mühəndisinin öldürülməsi İraqı iki ölkə arasında döyüş meydanına çevirə bilər. Yəni ABŞ və İran açıq müharibə etməsə də son zamanlar bir-birinə qarşı hərbi zərbəni İraq ərazisində endirir. Qasim Süleymaninin məhv edilməsindən sonra bu qarşıdurmanın miqyasının böyüməsi ehtimalı artıb. İraqın sünni və kürd icmaları tərəfindən dəstəklənən ABŞ Süleymanini zərərsizləşdirməklə şiə icması üzərində də üstünlüyü ələ almağa çalışacaq. Bu baxımdan, general Süleymaninin aradan götürülməsi İraq şiələrinin lideri və Ayətullah Xamneyinin rəqibi Ayətullah Sistani üçün lverişli şərait yaradır. Ona görə də Süleymaninin öldürülməsi ilə ABŞ-ın islam-şiə dünyasını iki siyasi qütbə böldüyü bildirilir.

Fərrux Məmmədovun sözlərinə görə, İraqın şiə liderləri ilə ABŞ arasında məxfi danışıqlar gedir:

"Bu danışıqlardan İran da məlumatlıdır. ABŞ-ın İraqdakı, o cümlədən Kərbəladakı dini qruplaşmaların rəhbərlərinə mesajı bundan ibarətdir ki, əgər İrandakı rejimi devirə bilsək, liberal islam dəyərləri əsasında siyasi hakimiyyətin bölüşdürülməsində sizə dəstək verməyə hazırıq. Bundan xəbər tutan İran kəşfiyyatı Qasım Süleymaninin vasitəsilə ABŞ-ın planını pozmağa çalışdı. Nəticədə, Süleymani bunun qarşılığını öz həyatı bahasına ödədi. Bu qərarlar qlobal və regional prosesləri dəyişə biləcək qərarlardır. İran bu prosesin qarşısını təkbaşına almaq iqtidarında deyil. ABŞ-ın mesajı bundan ibarət idi ki, biz İraqdakı şiələrin bölünməsində maraqlı deyilik və onlarla danışıqlara hazırıq. Süleymanini də məhv etməklə ABŞ İraq şiələrinə İrandan qorxmamağı, onların yanında olduğuna dair mesajı çatdırırdı”.

Qasım Süleymaninin öldürülməsi İrandakı daxili siyasi proseslərə də təsir göstərəcək hadisə sayılır. Çünki o, siyasi elitadakı mühafizəkar qanadın ən güclü nümayənədlərindən sayılırdı. Hətta "Xamneyinin mənəvi oğlu” adlandırılan Süleymaninin adı İranda növbəti prezident seçkilərində ən real namizədlərdən biri kimi çəkilirdi. İranda isə bu il parlament, 2021-ci ildə isə prezident seçkiləri keçiriləcək. ABŞ-la qarşıdurma fonunda mühafizəkarların mövqeyinin möhkəmlənməsi islahatçı qanadın seçkilərdə qalib gəlmək şansını azaldıb. Bu mənada, Q.Süleymani kimi güclü füqurun aradan götrülməsi İran hakimiyyətindəki müəyyən qrupların da maraqlarına cavab verir.

Eyni zamanda Süleymani və bir neçə generalın məhvi SEPAH-ın siyasi nüfuzuna zərbə vuracaq. "Məğlubediməz əfsanəvi sərkərdə”nin məhv edilməsi noyabr ayında SEPAH-ı tərəfindən qanla boğulan etiraz aksiyalarının baş qaldırmasına şərait yarada bilər.

"İranda ciddi qarşıdurmalar olacaq”

Fərrux Məmmədovun fikrincə, Qasım Süleymaninin dəfnində iştirak edən və ya onun öldürülməsinə təəssüflənənlərin sayı İran əhalisinin 1-2 faizini təşkil edir. Ancaq İranın 80 milyon əhalisi var və bu cəmiyyət teokratik rejimdən xilas olmağa çalışır:

"Ona görə də Süleymaninin öldürülməsi daxili vəziyyətə çox ciddi təsir göstrəcək. Daxildə qorxu mühiti yaratmış utopik tabular artıq məhv oldu. Artıq xalqın əksər hissəsi başa düşür ki, ABŞ istənilən coğrafiyada güclüdür. Əgər İranda növbəti etiraz dalğası baş qaldırsa, ABŞ lazım olan dəstəyi verəcək. İranda baş qaldıracaq hər hansı aksiya ciddi qarşıdurmalara səbəb ola bilər. Çünki bir tərəfdə 40 ildir hakimiyyəti əlində saxlayan radikal dini qruplaşmalar, ikinci tərəfdə zəif olan hökumət, üçüncü tərəfdə ölkənin mliyyə-bank sisteminə nəzarət edən hərbi elita və buna qarşı çıxan xalq kütləsi var. Hesab edirəm ki, Süleymaninin məhvindən sonra İranda hakimiyyətin və cəmiyyətin siyasi nəbzini ölçmək üçün növbəti etiraz aksiyaları baş qaldıracaq. Bu qarşıdurmanın nəticəsi hesablanaraq, inqilabın vaxtını və gedişatını müəəyyənləşdirmək mümkün olacaq”.