Şəfəqə Doğru » Gündəm » "Döyüşə" övladlar gedir - Məşhurların övladları deputatlığa namizəddir - SİYAHI

"Döyüşə" övladlar gedir - Məşhurların övladları deputatlığa namizəddir - SİYAHI

"Döyüşə" övladlar gedir - Məşhurların övladları deputatlığa namizəddir - SİYAHI
9 fevral növbədənkənar parlament seçkilərinin özəlliklərindən biri də məşhur şəxslərin övladlarının deputatlığa namizədliklərini irəli sürməsidir.

Onların sırasında daha çox ictimai marağa səbəb olanlardan biri Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin oğlu Turqut Qəmbərin növbədənkənar parlament seçkilərində iştirak etməsidir.

Gənc fəal Turqut Qəmbər namizədliyini 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürüb. Lazım olan sayda seçici imzalarını toplayan Turqut Qəmbərin namizədliyi qeydə alınıb.

V çağırış Milli Məclisin deputatı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının qızı Əsli Kazımova da deputatlığa namizədliyini irəli sürüb. Əsli Kazımova namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb. Onun sənədləri DSK-ya iki gün öncə təqdim olunub.

"Qafqazinfo” məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlayıb. X. Kazımlı özünün namizədliyini irəli sürmədiyini bildirib. Əlavə edib ki, partiyası ölkə başçısının kursuna uyğun siyasət müəyyənləşdirir, gənclərin irəli sürülməsi siyasətini dəstəkləyir. Bu səbəbdən də namizədlərindən biri Əsli Kazımovadır.

Ə. Kazımova 11 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Hazırda "İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimidir.

Xatırladaq ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən hazırkı deputat Çingiz Qənizadə və Müsavat Partiyasından Razim Əmiraslanlı da namizəddir.

Yeni Azərbaycan Partiyasının (YAP) 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədi Əliabbas Salahzadə bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin qudası, keçmiş deputat Hacı Qalib Salahzadənin oğludur.

Bəzi məlumatlarda Əliabbas Salahzadənin Şeyxin kürəkəni olduğu iddia edilir. Lakin bu, yanlış məlumatdır. Şeyxin kürəkəni Qalib Salahzadənin digər oğlu Əlihüseyn Salahzadədir.

40 yaşlı Salahzadə Əliabbas Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.

Daxili işlər nazirinin sabiq birinci müavini mərhum general Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev növbədənkənar parlament seçkilərində iştirak edir.

Bu barədə Vəli Dünyamalıyevin seçki qərargahından məlumat verilib. (Gununsesi.org).

Vəli Dünyamalıyev namizədliyini Gəncənin 40 saylı Kəpəz ikinci seçki dairəsindən irəli sürüb. Bu dairədən digər namizəd isə deputat Musa Uruddur. Onun Gəncəni seçməsi isə təsadüfi olmayıb. Belə ki, atası Zahid Dünyamalıyev sovetlərin çökməsi və müstəqilliyin ilk dönəmlərində Gəncənin polis rəisi olub. Şəhərdə böyük hörmət qazanan mərhum generalın övladlarına da gəncəlilərin eyni münasibəti qalmaqdadır.

Vəli Dünyamalıyevin özünə gəldikdə isə qeyd edək ki, o, şagird kimi ilk illərini Gəncədəki 16 saylı orta məktəbdə oxuyub. Ali təhsilini BDU-nun hüquq fakültəsində alan Vəli Dünyamalıyev uzun illər Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 2010-cu ildən özəl sektorda fəaliyyət göstərir.

Azərbaycanın müdafiə sənayesi naziri olmuş mərhum Yavər Camalovun oğlu Rəşad Camalov da deputatlığa namizədliyini irəli sürüb. 46 saylı Şirvan seçki dairəsindən namizədliyini irəli sürən Rəşad Camalov deputatlığa namizəd olmaq üçün sənədlərini 4 gün öncə DSK-ya təqdim edib və namizədliyi DSK tərəfindən qeydə alınıb. Onun seçkilərə müstəqil namizəd kimi qatıldığı bildirilir. Hakim partiyadan rəqibi isə Azər Quliyevdir.

Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi də namizədidir

Mərhum xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev də deputatlığa namizəd olub.

Onun namizədliyi Real Cümhuriyyətçilər İttifaqı tərəfindən 29 saylı Səbayel seçki dairəsindən irəli sürülüb.

Adıçəkilən məşhurların övladlarından kimin və ya kimlərin deputat mandatı əldə edə biləcəyi isə tam 1 ay sonra məlum olacaq.
"Yeni Müsavat”