Şəfəqə Doğru » Gündəm » Azərbaycan müdafiə nazirinin “vur” əmri - böyük savaş qapıda

Azərbaycan müdafiə nazirinin “vur” əmri - böyük savaş qapıda

Azərbaycan müdafiə nazirinin “vur” əmri - böyük savaş qapıda
Ermənistanda anlayırlar ki, ikinci Qarabağ savaşı başlasa, Naxçıvandan İrəvana bombalar "yağacaq”; hərbi ekspert: "Düşmən həlqənin getdikcə daha çox daraldığını yaxşı anlayır...”
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun ötən həftə keçirilən müşavirədə düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə əmr verməsi artıq yeni situasiyadan xəbər verir. Xəbər verildiyi kimi, müdafiə naziri martın 14-də keçirilən xidməti müşavirədə cəbhədəki əməliyyat şəraitini təhlil edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən ön xətdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsi ilə bağlı komandir-rəis heyətinə əmr verib.

Virtualaz.org-un xəbərinə görə, Z.Həsənov martın əvvəllərində keçirilmiş irimiqyaslı döyüş təlimlərinin nəticələrini müzakirə edib. Eyni zamanda döyüş hazırlığı tədbirlərində ən müasir idarəetmə üsullarından istifadənin əhəmiyyəti barədə danışıb. Və ən mühüm olanı budur ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumata əsasən nazir Türkiyə Silahlı Qüvvələrinin döyüş təcrübəsini öyrənərək ordumuzun hazırlıq planına daxil edilməsi, ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi, Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlıqların alınmasını bundan sonra da davam etdiriləcəyini deyib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünlərdə Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev Türkiyədən müasir silahların və hərbi texnikanın alınmasının davam edəcəyini deyib. Ehtimal olunur ki, Azərbaycanın Türkiyədən pilotsuz təyyarələrin və kamikadze-dronların böyük partiyada sifariş verməsi üçün danışıqlar artıq gedir.

Azərbaycan Müdafiə Nazirliyinin düşmənə xəbərdarlığı, heç şübhəsiz, həm də o anlamı verir ki, işğalçı ölkə Dövlət Sərhəd Xidmətinin qoruduğu mövqeləri atəşə tutmasına görə ciddi şəkildə cəzalandırıla bilər, təkcə DSX tərəfindən deyil, həm də ordu hissələrimiz tərəfindən. Yeri gəlmişkən, Qazax rayonundakı bölmələrimizin intensiv atəşə tutulmasının ardınca Naxçıvan istiqamətindəki mövqelərimiz də hədəfə alındı. Əlahiddə Ümumqoşun Ordusu bölmələrinin cavab tədbiri nəticəsində düşmən itki verdi. Bundan sonra isə Ermənistan tərəf növbəti dəfə həyasızlıqla davranaraq Azərbaycanı ittiham etməyə başladı. Rəsmi Bakının isə cavabı özünü çox gözlətmədi. Azərbaycan XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in yenidən tarix və demokratiya məsələlərində Azərbaycana qarşı ittihamlarla bağlı açıqlamasına münasibət bildirib. "Yeni Müsavat”ın məlumatına görə, L.Abdullayeva deyib: "Ermənistan tərəfinin tarix və demokratiya məsələlərində Azərbaycana qarşı hər hansı iddia irəli sürməyə heç bir əsası yoxdur. Bu, utanmazlığın və ikiüzlülüyün yüksək həddidir. Silahlı təcavüz və qanlı etnik təmizləmə həyata keçirərək, on illər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbirini işğal altında saxlayan, vicdanında Xocalı qətliamı da daxil olmaqla, on minlərlə günahsız mülki şəxsin ölümü və yüz minlərlə insanın viran edilmiş taleyi olan, öz evlərindən zorla didərgin salınmış insanların doğma torpaqlarına geri qayıtmalarına imkan verməyən bir ölkənin demokratiya və insan hüquqlarından danışmağa nə mənəvi, nə də hüquqi əsası var. Ermənistanın beynəlxalq humanitar hüququn əsas normalarını və çoxsaylı beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsinin vacibliyi beynəlxalq ictimaiyyətə yaxşı bəllidir. Ermənistan XİN-in bizi hörmətcil tonun olmamasında ittiham etməyə cəhd göstərməsinə gəldikdə isə vurğulamaq istərdik ki, qarşı tərəfdə hörmətə layiq və ciddi subyekt olduğu təqdirdə tonumuz da hörmətcil olacaq”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov "Yeni Müsavat”a dedi ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun martın 14-də keçirdiyi xidməti müşavirədə cəbhədəki əməliyyat şəraitini təhlil edəndən sonra verdiyi göstəriş sıradan adi bir əmr deyil: "Nazirin düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məhz indilərdə belə bir qərarı başadüşülən və vaxtında preventiv addımlardan irəli gəlib. Bir neçə gündən sonra xalqımız özünün ən əziz və sevimli milli bayramı olan Novruz bayramını qeyd edəcək. Hər il, 1994-cü ilin məlum atəşkəs haqqında sazişindən bu vaxta kimi, məhz mart aylarında düşmən ayrı-ayrı istiqamətlərdən həm atəşkəsi pozur, həm də intensiv təxribat-diversiya fəaliyyəti həyata keçirir. Ona görə də həm 2020-ci ilin başlanğıcından bu vaxta kimi verdikləri çoxsaylı itkilərdən dolayı, həm də ölkələrində olan bir sıra siyasi hadisələr səbəbindən ermənilər bu il də çalışırlar ki, təxribatlarını davam etdirsinlər”.

Hərbi ekspert qeyd etdi ki, düşmən son vaxtlar həm DSX-nin cəsur əsgər və zabitlərindən layiqli zərbələr alıb, həm də xeyli nüfuz itkisinə məruz qalıb: "Ermənistanın özündə və separatçı rejimdə çoxlu narazılar baş qaldırıb. Sözsüz ki, mən bunların hər hansı bir genişmiqyaslı döyüş əməliyyatlarını başlayacağını düşünmürəm. Sadəcə, bəzi ölkədaxili və xarici amillər onları məcburiyyət qarşısında qoyur ki, belə təxribat və özbaşınalıqlar etsinlər. Şübhəsiz, erməni tərəfdə də bəzi ağıllı adamlar var, onlar yaxşı anlayır ki, əgər Paşinyan və generalları bu dəfə hər hansı ciddi səhvə yol versələr, İrəvanın da cəzalandırılması qaçılmaz olacaq. Bu, bir qədər qəribə səslənir, amma tam real olan məsələdir”.

Ü.Cəfərov işğalçının aqoniya vəziyyətində olduğunu güman edir: "Düşmən həlqənin get-gedə daha çox daraldığını yaxşı anlayır. Həm siyasi müstəvidə, həm də hərbi nöqteyi-nəzərdən Ermənistan Qarabağ məsələsində dalana dirənib. Çıxış yolu isə birdir: ərazilər mütləq boşaldılmalı və Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır! Başqa yol isə çoxsaylı itki və dağıntılar deməkdir!”

Ermənistanda ikinci Qarabağ müharibəsi ehtimalı ilə bağlı çox ciddi təşviş hökm sürür. Ermənistanın baş nazirinin keçmiş köməkçisi, sabiq deputat Miqran Akopyan İrəvanda yerli mediaya açıqlamasında Ermənistan hakimiyyətini ayılmağa çağırıb. "Müharibə başlayarsa, Azərbaycan asanlıqla İrəvanı bombardman edəcək” - Akopyan xəbərdarlıq edib.

Ekspert deyib ki, Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunmuş raket sistemləri bölmələri asanlıqla bütün İrəvanı və hissələri ora aparan yolları hədəfə ala biləcək. Akopyan şübhə etməyib ki, Qarabağ istiqamətində növbəti hərbi əməliyyatlar zamanı Naxçıvandan da İrəvana zərbələr endiriləcək. Ardınca ekspert Türkiyənin Azərbaycana verdiyi dəstəyi xatırladıb. "Genişmiqyaslı hərbi əməliyyatlar zamanı Naxçıvandan İrəvana bombalar uçacağını heç vaxt istisna etmək olmaz” - Akopyan əlavə edib.

Azərbaycanın haqlı və güclü tərəf olduğunu hətta bir sıra erməni ekspertlər belə etiraf etdiyi halda, işğalçıya təzyiq göstərib torpaqların azad olunmasına nail olmaq əvəzinə, işğalı stimullaşdırmaqla bağlı xain təşəbbüslər göstərənlər də az deyil. Erməni lobbisinin təsiri altında olan amerikalı konqresmenlərin işğalçı Ermənistana və Qarabağ separatçılarna maddi yardım ayrılması ilə bağlı ABŞ hökumətinə təzyiq göstərmələri bu istiqamətdə növbəti cəhddir. Təsəvvür edin, işğal altındakı Qarabağ torpaqlarında yaşayan və süni məskunlaşdırılan bir ovuc erməni xaricdəki himayədarlarının təhriki ilə martın 31-də "prezident və parlament seçkiləri” keçirməyə hazırlaşır. Onları bu qərarlarına görə peşman etmək əvəzinə, xaricdəki ermənipərəst qüvvələr stimullaşdırıcı addımlar atmaqdadırlar.

"ABŞ Konqresinin Xarici Əməliyyatlar üzrə komitəsinə 75 konqresmenin imzası ilə göndərilmiş məktubda Ermənistana 100 milyon, işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə 1,5 milyon civarında yardım edilməsi ilə bağlı göndərilmiş təklif beynəlxalq hüquq normalarına və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıması faktına ziddir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə ABŞ konqresmenlərinin imzalı məktubuna münasibət bildirərkən deyib. O, ABŞ-ın işğalçı rejimi tanımadığını bildirib: "ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu münasibətlərdə, yəni işğalın və Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində beynəlxalq hüquq normalarını həmişə rəhbər tutduğunu qeyd edirsə, o zaman 75 konqresmenin belə məktubu nə deməkdir?!” Hüquq müdafiəçisi haqlı olaraq əlavə edib ki, ABŞ analoji buna oxşar dünyada olan məsələlərə, məsələn, Abxaziya, Dnestryanı, Cənubi Osetiya kimi separatçı rejimlərə bu cür yardımlar ayırmır: "İşğalçını işğalçı kimi qiymətləndirir. Təəssüf ki, ölkə rəhbərliyi, Azərbaycanın digər siyasi liderləri, dövlət qurumları, xarici işlər nazirliyi, səfirliklərimiz mütəmadi olaraq bu cür məsələləri fakt kimi ortalığa qoymalarına baxmayaraq, yenə ikili siyasətə üstünlük verildi və yenə də Dağlıq Qarabağ ermənilərinə və Ermənistana yardım edilməsi gündəmə gəldi. Bu, təəssüfedici haldır”.

Azərbaycan 1992-ci ildə öz ərazilərini işğalçılardan hərbi yolla azad edərkən ABŞ Konqresi ölkəmizə qarşı "Azadlığı müdafiə aktı”na 907-ci düzəliş adı altında faktiki olaraq sanksiya tətbiq etdi. Həmin sanksiya bu günədək ləğv edilməyib, dondurulmuş halda saxlanılıb. Lakin amerikalı konqresmenlər torpaqları 30 ildir işğalda qalan Azərbaycanın ərazi bütövlüyünün pozulmasına laqeyd münasibət göstərməklə yanaşı, işğalçı və separatçılara sanksiya əvəzinə, maliyyə yardımı göstərmək istəyirlər. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarını güc yolu ilə azad etməklə bağlı tezliklə qərar verə bilər. Müdafiə nazirinin "vur” əmri həm də bunun anonsu sayılmalıdır. Həmsədrlər də işğalı stimullaşdırırsa, onda başqa yol qalmır. ABŞ Konqresi üzvlərinin Qarabağdakı "seçki”ləri müşahidə etmək üçün işğal zonasına səfərə hazırlaşmasının başqa adı yoxdur...

Elşad Paşsoy,
"Yeni Müsavat"