Rzayevlər ailəsinə 4 ildir bununla bağlı danışmağı, şikayət etməyi qadağan ediblər
Saatlı rayon, Novruzəli kənd sakini Zemfira Rzayeva mətbuata müraciət edərək, 4 il qabaq ailəsinin başına gətirilmiş, amma bu gün də davam edən bir qalmaqaldan bəhs edib. JAM.AZ-a məktubla müraciət edən kənd sakini bildirir ki, onun həyat yoldaşı və oğlu bir müddət əvvəl, daha doğrusu 2012-ci ildə haqlarını müdafiə etdiyi üçün zorakılığa məruz qalıblar.
Belə ki, 2012-ci ildə evləri su basması ilə əlaqədar əsgərlikdən yeni gəlmiş oğlu atasıyla birlikdə Saatlı İcra Hakimiyyətinə gedib. Orada İcra Hakimiyyətinin əməkdaşları onların qanun və haqqdan danışmasını görərək, əsəbləşib, onları döyüblər. "Döyülməklə yetinməyib, hər ikisini həbs etdilər. İki ay istintaq getdi və 1.6 il müddətinə şərti azadlıqdan məhrum etdilər. Xəbərdarlıq edilib ki, bu məsələ ilə bağlı danışmasınlar".
Zemfira Rzayeva qeyd edir ki, Novruz bayramından bir neçə gün əvvəl yenidən İcra Hakimiyyətində olublar. Lakin bu dəfə də onları qovublar. "Prezidentin tapşırığı var ki, aztəminatlı ailələrə yardım edilməlidir. Lakin Saatlı İcra Hakimiyyətinin tapşırığı ilə Prokurorluq həyat yoldaşımı hədələyir ki, şikayət məktubu yazmasın, habelə danışmasın. Əks təqdirdə həbs olunacaqlar. Bu təhdid və qorxulardan ərim xəstəliyə tutulub".
Saatlı sakini JAM.AZ-a göndərdiyi məktubunda vurğulayır ki, 2010-cu ildə subasma nəticəsində onların da evləri yararsız hala düşüb. Həmin vaxt Yeni Novruzəli kəndində qəsəbə salıblar. "Amma evləri paylanılmasında ədalətsizlik etdilər. Bizə düşən evi başqalarına satdılar. Guya, bizə inzibati binalar tikiləcək. Torpaq sahələri də var, amma vermirlər. Tələbimiz bu oldu ki, həmin torpağı versinlər, özümüzə ev tikək. Nazirin və digər dovlət qurumlarının qəbulunda da olduq, xeyri olmadı".
Xanım Rzayeva qeyd edir ki, dəfələrlə İcra Hakimiyyətinə də gediblər. Amma hər dəfə onları müxtəlif bəhanələrlə yola salıblar. "Xahiş edirik, oğluma torpaq sahəsi ayrılsın, özümüz ev tikək. Həmçinin həyat yoldaşımın təhlükəsizliyi məsələsini də diqqətinizdə saxlayasınız".
Qarşı tərəfi də dinləməyə hazırıq.