...Əmim Vəzir İsmayılov 4 nəfərdən ibarət ailəsi ilə Şuşa şəhərindən məcburi köçkündür. Ruhi xəstədir, 2-ci qrup əlildir. Ailə üzvləri də qanundan-qaydadan baş çıxarmayan savadsız adamlardır. Şuşanın işğalından sonra Bakıda bir mənzildə məskunlaşmışdı. Bir neçə il sonra onları həmin mənzildən zorla çıxardılar. Qayğıkeş insanların köməyilə böyük çətinliklə əvvəllər həyat yoldaşının işlədiyi Tağıyev adına kombinatın yataqxanasında dar bir otaqda sığınacaq tapdı. İki il əvvəl yataqxananı sökdülər. Vəzir yenidən didərgin düşdü. Aldığı maddi yardım şəhərin ucqarında, Hövsan qəsəbəsində sənədsiz tiliklmiş yöndəmsiz bir mənzil almağa həmin yetdi. Amma 2 ildir kommunal xərcləri aldığı pensiya hesabına böyük çətinliklə ödəyir.
"Dövlətqaçqınkom”un sədri cənab Əli Həsənovun adına ötənilki ərizəmə komitənin Suraxanı rayonu üzrə sektor müdiri Əkbər Qəmbərli elə ötən il də başdansovdu imtina cavabı göndərdi. Cavabın mənasından bu çıxdı ki, yaşadığı evə mülkiyyət hüququ verən sənəd olmadığı üçün ona kommunal xidmətlərə görə güzəştlər mümkün deyil. Qəribədir, uçuq-sökük yataqxananın bir otağına sığınan bu məcburi köçgün ailəsinin həmin yataqxanaya aid mülkiyyət sənədləri vardı ki, burada da olsun?
Əmimi bu haqsızlıqdan xilas etmək, qanunla ailəsinə düşən kommunal xərclərin ödənilməsini təmin etmək üçün sənədlərini toplayıb aidiyyəti dövlət idarələrinə üz tutdum. Döymədiyim qapı qalmadı. Məşədi İbadın sözü olmasın, hələ mən, heç olmasa "Tarixi Nadir”i yarısına qədər oxumuşam, cəmiyyət arasında azdan-çoxdan tanınıram, ali hüquq təhsilliyəm. Bununla belə nə qədər qanunsuzluqlar, haqsızlıqlarla üz-üzə gələsi oldum. Bu tıxaçlı şəhərdə Suraxanı və Xətai İcra Hakimiyyətləri arasında girinc qaldım. Futbol topu kimi burdan ora, ordan bura göndərdilər. Özü də qanunazidd tələblərlə, saymazyana.
Nəhayət Qaçqınkima üz tutdum. Orada məni bir qədər başa düşdülər. "Dövlətqaçqınkom”un Suraxanı rayonu üzrə sektor müdiri həmin Əkbər Qənbərliyə zəng vurdular. Yenə üz tutdum ora. Bu dəfə Əkbər insafa gəlib Suraxanı rayonu ərazisində ev alıb yaşayan İsmayılov Vəzirin dörd nəfərdən ibarət ailə üzvlərinin kommunal xidmətlərə aid güzəştlər siyahısından çıxarılıb "Dövlətqaçqınkom”un Suraxanı rayonu üzrə sektoruna göndərilməsi xahişi ilə Xətai rayonundakı həmkarının adına məktub yazıb mənə təqdim etdi.
Qaçqınkomun Xətai Rayonu üzrə sektor müdiri, bundan əvvəl də qanunazidd tələbləri və kobud ifadələri ilə məni cana gətirən Əliyev Faiq Ağahüseyn oğlu bu məktuba da məhəl qoymadı və...
Yenə üz tutdum Qaçqınkoma. Zəng vurdular, qayıtdım Xətai Rayon sektoruna ... Dedilər "kişi” İclasdadır.
Qapının kəndarında çoxlu adam yığışıb sektor müdiri Faiq Əliyevin gəlməsini gözləyirdi. Hamısının da üz-gözündən narazılıq, narahatlıq hiss olunurdu.
Nəhayət əmimin ailəsini qeydiyyatdan çıxara bildim. Bayıra çıxıb dərindən nəfəs aldım. Əmimə qalsaydı, bu savadsız, ruhi xəstəxanada uçotda olan əlil insan heç vaxt əlindən çıxmış kommunal güzəştlərə nail ola bilməzdi.
İlqar İsmayılov,
Xankəndi şəhərindən məcburi köçkün