Şəfəqə Doğru » Manşet » Rusməramlı sazişin 5 ayı: hakimiyyət nədə gecikir, nəyi xalqa demir? - NƏ BAŞ VERİR?

Rusməramlı sazişin 5 ayı: hakimiyyət nədə gecikir, nəyi xalqa demir? - NƏ BAŞ VERİR?

Rusməramlı sazişin 5 ayı: hakimiyyət nədə gecikir, nəyi xalqa demir? - NƏ BAŞ VERİR?
Siseronun məşhur bir ifadəsi var: müharibədə qanunlar susur. Bizim Vətən müharibəsindən sonra da müharibə davam edir. Amma indi qanunlar işləməlidir, ortalıqda üç dövlətin başçısının imzası var.
Fateh Sultan Mehmet deyirdi ki, müharibəni hər kəslə etmək olar, sülh isə yalnız ləyaqətli insanlarla bağlanmalıdır.
Gəlin baxaq, imzaladığımız üç tərəfli bəyanatla və sülhlə bağlı qarşı tərəflər nə dərəcədə ləyaqətli siyasət yürüdürlər? Qarşı tərəf özü də iki qüvvədir - Rusiya və Ermənistan...
Anaxeber.info xatırladır ki, aprelin 10-da üçtərəfli sənədin, 10 noyabr razılaşmasının 5 ayı tamam oldu. Amma Sultan Mehmetin təbirincə olmayan bir siyasətlə üz-üzəyik.
Söhbət sülhə imza atan dövlətlərin davranışlarındakı, xüsusən Rusiyanın hərəkətlərindəki manipulyasiyalardır. Düzdür, 5 aydır ki, Qarabağda güllə səsləri eşidilmir. Beş aydır ki, "atəşkəs pozulub, şəhidimiz var, yaxud düşmən itki verib” xəbərləri ekranlarda yoxdur.
Əlbəttə, yaxşıdır, heç olmasın da, müharibə lənətli bir işdir, 5 ay yox, 500 il belə olsu, lakin imzalanan sənədlə bağlı qarşı tərəflər razılaşmanı pozmamalıdırlar, cığallıq etməməlidirlər.
İlk növbədə imzalanan sənəddə erməni silahlı qüvvələrinin Qarabağ ərazisində çıxarılması razılaşdırılıb. Amma nə Ermənistan buna əməl edir, nə 5 ay ərzində Moskva İrəvanı həmin bəndin icrasına məcbur edir.
Bununla həm Rusiya, həm Ermənistan razılaşmanın bəndlərini pozur, həm də Dağlıq Qarabağı Qarabağdan ayıraraq onlar üçün "artsax”ın yaşadığını dünyaya göstərir. Əgər elə olmasaydı Xankəndi və ətrafında qalan erməni silahlı qüvvələri evakuasiya edilərdilər.
Bunun üzərinə Putin və Lavrovun çıxışlarında vaxtaşırı "status” məsələsinin gündəmə gətirilməsi üçtərəfli razılaşmanın ruhuna zidd mövqedən xəbər verir.
Biz daha təkrarçılığa gedərək sülhməramlıların özlərini ermənilərin himayəçisi kimi aparmasını, Ermənistan, Rusiya və digər ölkələrin rəsmilərinin istədiyi zaman Laçın dəhlizindən keçərək, Azərbaycanın icazəsini almadan Xankəndinə gəlib qondarma rejimin başçıları ilə görüşlərini yada salmırıq.
Bundan əvvəlki təhlillərimizdə proseslərin nəyə hesablandığını şərh etmişik və bu yaxınlarda ABŞ Dövlət Departamentinin nahaq bəyanatı da təsdiqlədi ki, həmsədr ölkələr köhnə ampluasında qalırlar.
Anaxeber.info bildirir ki, üçtərəfli bəyanatın imzalanmasının 5 ayının tamamında indi bizim üçün yeni və tənqid olunmalı nüans yuxarıda sadalanan fəaliyyətlərlə bərabər Azərbaycan hakimiyyətinin siyasətidir.
Hökumət tənqid eşitməyi hər nə qədər sevməsə belə, bəzi reallıqları qəbul etməlidir. Birincisi, 10 noyabr sənədinin 5 ayı tamamdır və bu müddət ərzində ərazilərin minalardan təmizlənməsindən, yolların çəkilməsindən savayı hansı addımlar atılmaqdadır?
Sazişin ertəsi günündən 44 günlük müharibədə Ermənistana getmiş mülki ermənilərin Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə ərazilərinə qayıdışı sülhməramlıların iştirakı ilə dərhal təmin olunduğu halda bu vaxt ərzində biz tərəfdən bir qaçqın Qarabağa köçürülməyib.
Artıq Dağlıq Qarabağa 50 mindən yuxarı erməninin qayıtdığı bildirilir və bu proses ildırım sürətli ilə həyata keçirilib.
Necə olur ki, sülhməramlılar Qarabağda yaşayan erməniləri tələm-tələsik, təhlükəsizliyə zəmanət verərək evlərinə qaytarır, amma bir laçınlı, kəlbəcərli, şuşalı evinə dönməyib?!
Necə olur ki, rus sülhməramlıları azərbaycanlı köçkünlərin də təhlükəsizliyinə təmin edərək onların Qubadlı, Zəngilan, Hadrut, Şuşa ərazilərində yaşamasına şərait yaratmır?
Əvvəla, bunu Azərbaycan hökuməti etməlidir. Çünki adını çəkdiyimiz şəhərləri işğaldan azad etmişik, bizim ordunun nəzarətindədir və sülhməramlı qüvvələr sözügedən ərazilərdə yoxdurlar.
Sadəcə, Şuşa ətrafında və Laçın dəhlizində sülhməramlılar xidmət çəkirlər, o nöqteyi-nəzərdən məcburi köçkünklərimizin də heç olmasa 10 faizinin qayıdışı 5 ay ərzində reallaşmalıydı.
Bu məsələdə gecikirik və dəfələrlə ayrı-ayrı siyasətçilər, deputatlar belə köç prosesində yubanma olduğunu dilə gətiriblər. Ümumiyyətlə, bu işlər sürətlənməliydi ki, həm Dağlıq Qarabağa qayıdan 50 mindən çox erməninin necə yaşayacağı haqda təsəvvürləri alt-üst olsun, həm qeyri-müəyyən vəziyyətə düşsünlər, həm də ümidsizləşib seçim etsinlər: ya Azərbaycan qnaunları ilə Xankəndi, Xocavənddə yaşayacaqlar, ya da Ermənistana getsinlər.
Bu, bizim azad edilməyən ərazilərdə - Yuxarı Qarabağda suverenliyin təmin edilməsində işimizi yüngülləşdirə, sürətləndirə bilərdi, eyni zamanda sülhməramlıların əl-ayağını nisbətən yığışdıracaqdı, həm də ermənilərin, dünya erməni lobbisinin, onların təəssübkeşlərinin "artsax” xülyalarının üstündən xətt çəkərdi.
Başa düşmək olar ki, dövlətin öz proqramı var, böyük qayıdış zamanı görülən işlərdən, infrastruktur layihələrindən, minaların təmizlənməsindən də asılıdır.
Ancaq ən azı minalardan təmizlənən, o cümlədən mina olmayan Şuşa, Kəlbəcər və Laçının bəzi yerlərinə vətəndaşlarımızı qaytara bilərdik.
Bundan əlavə, üçtərəfli sazişin bağlanmasından 5 ay keçsə də, Azərbaycan hökumətinin Dağlıq Qarabağda suverenliyimizin bərpa olunması ilə bağlı heç bir rəsmi mövqeyi yoxdur.
Hakimiyyət xalqa aydınlıq gətirmir ki, Xankəndi və digər şəhərlərə qayıdışımız necə təmin olunacaq, hansı qanunlar orada işləyəcək, bizim orada pulumuz işləyəcəkmi, ermənilər hansı pasportla yaşayacaqlar...
O da rəsmi Bakı tərəfindən açıqlanmır ki, gələcəkdə bu problemin həlli barədə strategiya nədən ibarətdir. Yəni, ermənilərə hansısa status verilməsi olmayacaqsa, muxtariyyatdan söhbət getmirsə, o zaman Araik Aryutunyanın azad şəkildə Xankəndində kabinetində əyləşməsinə, xaricdən gələn rəsmilərlə görüşünə nə ad vermək lazımdır?
Hakimiyyətin araik və silahlı dəstəsi, azərbaycanlıların Xankəndi, Xocalıya dönüşü, Xocalı aeroportunun istifadə məsələsi barədə heç bir konkret açıqlaması, yanaşması yoxdur.
Və bu mövcudluq Ermənistanın, Rusiyanın və ermənipərəst Qərb dairələrinin "artsax”la bağlı siyasətini uzadır. 10 noyabr sənədinin icrası gecikən addımlardan biri də Zəngəzur (Mehri) yolunun açılmasıdır.
Bu məsələdə İşçi Qrupu yaradılıb, baş nazir müavinləri səviyyəsində danışıqlar gedir, nəqliyyat-kommunikasiyalarının işə düşməsi gec-tez reallaşmalıdır, amma Ermənistan tərəfi yubadır.
Prezident İlham Əliyev də bildirmişdi ki, Zəngəzur yolunun açılmasına erməni tərəfi əngəl törədir, amma onları buna məcbur edəcəyik. Lakin bu məcburetmə siyasəti nə ola bilər - Hadrutda yaxalanan 62 terrorçu-diversantın azadlığa buraxılması, Qırmızı bazar yolunun Azərbaycanın nəzarətinə keçməsi...
Bundan başqa, bu beş ay ərzində Laçın dəhlizində nəzarətimizi gücləndirə bilməmişik, yeni koridorun tikintisi ilə bağlı konkret məlumat yoxdur, sülhməramlılar isə rəsmi şəxsləri Xankəndinə buraxırlar, Bakı onlardan izahat tələb etmir. Bir sözlə, bu məsələlər həllini tapmalıdır və xalq hakimiyyətin rəsmi fikrini bilməlidir.
Anaxeber.info