Şəfəqə Doğru » Manşet » Ermənilərin 58 il öncə Xruşşova müraciəti: “Qarabağ Rusiyanın tərkibinə verilsin”

Ermənilərin 58 il öncə Xruşşova müraciəti: “Qarabağ Rusiyanın tərkibinə verilsin”

Ermənilərin 58 il öncə Xruşşova müraciəti: “Qarabağ Rusiyanın tərkibinə verilsin”
1923-cü ildə Dağlıq Qarabağ bölgəsinə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində geniş muxtariyyət verildi. Buna baxmayaraq, istər Ermənistan, istər Qarabağ erməniləri, istərsə də diaspor erməniləri Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən alınaraq Ermənistana verilməsi ilə bağlı zaman-zaman məsələ qaldırırdı.
 
İkinci Dünya Müharibəsinin bitməsindən sonra aktivləşən erməni kilsəsi və millətçi intelegensiyasının İosif Stalinə məsələ ilə bağlı müraciəti əks-effekt verdi. Qafqaz böyüyən və gənc yaşlarından erməni millətçiliyinin şahidi olan Stalin Dağlıq Qarabağ və Zəngəzurdan bir neçə min daşnakın deportasiyası barədə qərar verdi.
 
Bununla belə, bölgədə millətçi elementlər zəifləsə də, tamamilə məhv olmadı. Stalinin xələfi Nikita Xruşşovun elan etdiyi "mülayimləşmə” siyasəti və idarəçilikdə müəyyən liberal elementlərə yol verilməsi erməni millətçi dairələri üçün Qarabağ məsələsini Moskvanın qarşısında qaldırmaq üçün növbəti fürsət oldu.
Shafaqadogru.com xatırladır ki, 1963-cü il dekabrın 31-də Livanda erməni icmasının dərc etdiyi "Spryuk” (Diaspor) qəzetində 2500 Qarabağ ermənisinin imzasının yer aldığı müraciət mətni yerləşdirildi. Həmin müraciət Sovet İttifaqının rəhbəri Nikita Xruşşova ünvanlanmışdı və Kremldə "bomba effekti” yaratmışdı. Belə ki, Sovet İttifaqının daxili siyasətinə aid məsələ "dəmir pərdə”nin sərhədlərindən çıxaraq beynəlxalq mediada işıq üzü görürdü.
 
"SSRİ Nazirlər Sovetinin sədri, SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci Katibi Nikita Sergeyeviç Xruşşova” – deyə başlayan müraciət Dağlıq Qarabağ Muxtar Vilayətinin və Şamxor (Şəmkir), Xanlar (Göygöl), Daşkəsən və Şaumyanın (indiki Aşağı Ağcakənd qəsəbəsi) erməni mənşəli kolxozçu, fəhlə və kəndlilərinin adından ünvanlanmışdı.
 
Azərbaycan SSR-nin siyasi rəhbərliyini, xüsusən, keçmiş Birinci Katib Mircəfər Bağırovu erməni əhaliyə qarşı millətçi siyasət yürütməkdə ittiham edən müraciət müəllifləri təkliflə də çıxış etmişdilər.
 
"Dağlıq Qarabağın və ətraf ərazilərin dərhal Ermənistan SSR-nin yaxud Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibinə verilsin”-deyə müraciət yekunlaşırdı.
 
Müraciətin xarici mediada yer alması Sovet rəhbərliyini narahat etsə də, ümumilikdə, rəsmi Moskva müraciəti cavabsız qoydu. Erməni millətçilərinin cəzalandırılmaması onların əl-qol açmasına və 80-ci illərin sonlarında Dağlıq Qarabağ məsələsini müracuət və polemika müstəvisindən silahlı münaqişə yoluna qoymasına səbəb oldu.