Şəfəqə Doğru » Manşet » Maaş və pensiyalar artırılacaq? - Gələn ilin büdcəsindən gözləntilər müsbətdir

Maaş və pensiyalar artırılacaq? - Gələn ilin büdcəsindən gözləntilər müsbətdir

Maaş və pensiyalar artırılacaq? - Gələn ilin büdcəsindən gözləntilər müsbətdir

Maliyyə Nazirliyi 2023-cü il üzrə dövlət və icmal büdcələrin proqnozlarını açıqlayıb. Nazirliyin məlumatında qeyd edilib ki, 2023-ci ildə icmal büdcənin gəlirləri 32 milyard 939,4 milyon manat (ÜDM-nin 31,1 faizi) səviyyəsində proqnozlaşdırılıb. İcmal büdcə xərcləri isə növbəti ildə 37 milyard 883 milyon manat nəzərdə tutulub.

 

2023-cü ildə dövlət büdcəsinin gəlirlərinə gəlincə, bu, 30 milyard 720,7 milyon manat təşkil edəcək. Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33 milyard 300 milyon manat olaraq hesablanıb.

 

Gələn ilin büdcəsi haqqında Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov proqnozların özünü doğruldacağını hesab edir. Deputat bildirib ki, 2023-cü ilin büdcəsi ilə əlaqədar proqnozlar cari ilin ilk 8 ayı ərazində Azərbaycanda mövcud olan iqtisadi vəziyyətə əsaslanır:

 

 

“2022-ci ilin ilk 6 ayında ümumdaxili məhsul təxminən 64 milyard manata yaxın olub. Bunun yarıya qədərini qeyri-neft sektorundan daxilolmalar təşkil edir. İnkişaf etmiş ölkələrdə inflyasiya 6.6 faiz əhatəsində olubsa, Azərbaycanda 12.9 faizə yaxın idi. Amma bu, statistik ortalama rəqəmlərdir. Bizdə elə ərzaq məhsulları var ki, 30-40 faiz inflyasiyaya məruz qalıb. Qiymət artımı hələ də problemdir.

 

İxrac əməliyyatlarında 24.8 milyard dollara yaxın dövriyyədən söhbət gedir. Burada 12 milyarda yaxın müsbət xarici ticarət saldosu var. Qeyri-neft sektorunda isə cəmi 1.85 milyard dollar artım olub. Az olsa da müsbət irəliləyiş mövcuddur. Bu rəqəmlər göstərir ki, 2022-ci ilin ikinci yarım ilində neftin və qazın qiyməti yüksək qalacaqsa, 2023-cü ildə verilən proqnozlar özünü doğruldacaq.

 

2023-cü ilin dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. Hazırda neftin qiyməti 100 dollara yaxındır. Qazın isə qiyməti get-gedə artır, bu yanacağa tələbat böyükdür, Rusiya qaz ixracını kəskin azaldır və s. Bütün bunlar proqnozların özünü doğruldacağına zəmin yaradır”.

 

 

Vahid Əhmədovun fikrincə, 2023-cü ildə də prioritet sahələrə daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Bu, müdafiə, təhlükəsizlik məsələləri, sosial və kənd təsərrüfatı sahələridir:

 

“2022-ci ildə əməkhaqqı 20 faizə qədər artırıldı. Amma müavinətlər və pensiyalarda, təqaüdlərdə  problemlər var. Qiymət artımının yüksək olduğunu nəzərə alaraq, sosial müavinətlərə yenidən baxmaq lazımdır.

 

Kənd təsərrüfatı bizim üçün çox əhəmiyyətli sahədir. Dövlət bura böyük subsidiyalar, dotasiya ayırır. Amma hesab edirəm, bu sahəyə vəsait ayrılması prioritet olaraq qalmalıdır.

 

Qazilərimizin və şəhid ailələrinin problemləri 2023-cü ildə həlsiz qalmamalıdır. Siyahıya 80 şəhidimiz daha əlavə olunub. Onların ailələrinə də xüsusi diqqət göstərilməlidir. Milli Məclisdə bununla əlaqədar dinləmələr keçiriləcək ki, problemlər araşdırılsın.

 

2023-cü ildə öndə olacaq məsələlərdən biri də ərzaq təhlükəsizliyidir. Bununla əlaqədar ölkə başçısı tapşırıqlar verir. Əhalinin ərzaq təminatı normal həyata keçirilməlidir. Aztəminatlı ailələrə yardımlar edilməlidir”.

 

 

2023-cü il üzrə təqdim edilən makroiqtisadi göstəricilərə əsasən idxalın həcmi 21,2 milyard manat nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən idxalından 4,7 faiz çoxdur. İdxalın artmasının səbəbinə toxunan iqtisadçı-deputat bunun qiymət artımı ilə əlaqədar olduğunu söyləyib:

 

“Bizim xaricdən idxal etdiyimiz məhsulların qiyməti yüksəlib. Nəzərə almalıyıq ki, xarici ölkələrdən qiymət artımını da idxal edirik. Bu bütün dünyanın problemidir.

 

Hazırda ən aktual məsələlərdən biri məhz ərzaq təhlükəsizliyidir. Bununla əlaqədar danışan iqtisadiyyat naziri Mikayıl Cabbarov qıtlıq gözlənildiyini demişdi. Amma mən o dərəcədə qıtlığın olacağını düşünmürəm. Çünki Azərbaycan hökuməti, İqtisadiyyat Nazirliyi, digər qurumlar kifayət qədər tədbir görürlər. Çalışırlar, Azərbaycana taxıl, un, ərzaq buğdası artıqlaması ilə idxal edilsin və problem olmasın. Azərbaycanın kifayət qədər vəsaiti - 55 milyard dollardan çox ehtiyatı var. Dünyanın istənilən bölgəsindən istənilən məhsulu alıb, ölkəyə gətirə bilərik. Ona görə, ərzaq qıtlığının yüksək səviyyədə yaşanacağını zənn etmirəm”.

 

 

 

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması planlaşdırılır. Bununla əlaqədar məsələyə toxunan Vahid Əhmədov bildirib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının dirçəlməsinə də diqqət artırılır:

 

“Qarabağda artıq buğda istehsalına başlanıb, kənd təsərrüfatının canlanması üçün işlər görüləcək. Əsas məsələ əhalinin torpaqlara qaytarılmasıdır. Bundan sonra hər şey öz həllini tapacaq.

 

Hesab edirəm ki, 2023-cü ildə əsas hədəflərimizlə bərabər qazilərlə işin gücləndirilməsinə, şəhid ailələri və müharibə iştirakçılarına diqqətin artırılmasına önəm verilməlidir. Hər bir Vətən müharibəsi iştirakçısı ilə təkbətək məşğul olmaq lazımdır ki, onların heç bir psixoloji problemləri qalmasın. Biz bu şəxslərə minnətdar olmalıyıq. Qazilərlə əlaqədar müəyyən hadisələr baş verib, bu olmamalıdır. Milli Məclisdə də məsələnin müzakirəyə çıxarılmasını dəfələrlə tələb etmişəm. Problem nədir? Ölkə başçısı həmişə şəhid ailələrini və qaziləri diqqətdə saxlayır. Birinci vitse-prezident Mehriban Əliyevanın sosial sahəyə diqqəti böyükdür. Qaziləri xarici ölkələrə müalicəyə göndərirlər. Görünür ki, bəzi məqamlarda çatışmazlıq var və biz bunu aradan qaldırmalıyıq”.



Bizi sosial şəbəkəl