Şəfəqə Doğru » Manşet » “Tanınmışam deyə kiməsə yuxarıdan aşağı baxa bilmərəm, Allah o insanlara insaf versin..."

“Tanınmışam deyə kiməsə yuxarıdan aşağı baxa bilmərəm, Allah o insanlara insaf versin..."

“Tanınmışam deyə kiməsə yuxarıdan aşağı baxa bilmərəm, Allah o insanlara insaf versin..."
“Danışıb, gülən insanam. Xarakterimi dəyişə bilmərəm. Anam məni belə doğub. Biri var sən anadan belə doğulasan, biri də var ki, yapmacıq olasan. Belə deyil axı! Yalandan özünü pozitiv göstərən insanlar kənardan çox pis, süni görünür. Borçalıdan şəhərə gələndə ləhcəmi belə dəyişmədim. Mənə belə rahatdır. Ləhcəsiz danışıq mənə yaraşmır. Məni belə qəbul ediblər”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Telli Borçalı deyib. O daha sonra əlavə edib.
“İndi kimin əlində saz olur özünə aşıq deyir. Tamaşaçı yaxşını pisdən seçə bilir. Adam var ki, televizorda kimisə görür, deyir ki, “nə gözəl aşıqdır, mən də istəyirəm onun kimi aşıq olum”. Başlayır saz çalmağa, aşıqlıq etməyə. Mənim nəslimdə, canımda, qanımda bu sənət var. Birdən-birə, efirdə kiməsə baxıb bu sənəti seçməmişəm. Dayım, əmim, əmim oğlanları aşıq olub. Quyuya su tökməklə su dolmaz. O çox getməyəcək. Tanınmağımı Narınc Xatuna borcluyam. O biz qadınları yığmasaydı, toplamasaydı kim bizi tanıyacaqdı? Mən heç vaxt onun etdiklərini unutmaram. Bəzən görürsən ki, sənətdə olan insanlara qara yaxmaq istəyirlər. Allah o insanlara insaf versin, qəlblərini təmiz tutsunlar, hər şeyi yaxşı görməyi bacarsınlar” deyə aşıq bildirib.
 
Tanınmış aşıq insanlar arasında heç bir kompleks yaşamadığını bildirib.
 
“Bəzi məşhurlar deyir ki, “allah amandır, məni bazarda görməsinlər”. Mən heç vaxt belə şeyləri düşünməmişəm. Bazarlığa da gedirəm, küçəyə də çıxıram. Xoşum gəlir, bazarlığa özüm edim, insanların içində olum. Çünki özüm bilirəm ki, nədən, nə qədər lazımdır. Heç vaxt kompleks yaşamamışam. Bizi biz edən elə o insanlardır. Mən tanınmışam deyə kiməsə yuxarıdan aşağı baxa bilmərəm. Bunu edən məşhurlara da yaxşı baxmıram” deyə aşıq bildirib.