Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 827,4 manat olub.
Shafaqadogru.com -un məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki dövr ilə (yanvar-avqust) müqayisədə 1 manat 60 qəpik azalıb. Belə ki, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 829 manat olub.
Məlumat üçün bildirək ki, Azərbaycanda orta aylıq nominal əmək haqqı ənənəvi olaraq ilin əvvəlindən başlayaraq artmağa, ilin ikinci yarısından etibarən isə azalmağa başlayır. Dövlət Statistika Komitəsinin məlumatları əsasında hazırladığımız cədvəldən bunu görə bilərsiniz.
Ötən illərdə olduğu kimi, bu il də orta aylıq nominal əmək haqqında azalma müşahidə olunur. Artıq son 2 aydır (avqust, sentyabr) əmək haqqında azalma olub.
Onu da qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun tələblərinə əsasən Azərbaycanda hər ilin əvvəlindən etibarən əmək pensiyalarının məbləğinə yenidən baxılır. 2018-ci ildən etibarən əmək pensiyaları Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əməkhaqqının artım tempinə görə indeksləşdirilir.
Bildiyiniz kimi, 2006-2017-ci illər ərzində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi (artıb-azalması) inflyasiya səviyyəsinə görə hesablanırdı. 2016-2017-ci illərdə ölkədə yüksək inflyasiya qeydə alındı. 2016-cı ildə inflyasiya 12,4%, 2017-ci ildə isə 12,9%-ə yüksəldi. Xatırladaq ki, əvvəlki illərdə - 2014-cü ildə 1,4%, 2015-ci ildə isə 4% səviyyəsində inflyasiya olub.
2018-ci ildən etibarən isə əmək pensiyaları Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əmək haqqının artım tempinə görə indeksləşdirilir. 2017-ci il ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7% artdığı üçün 2018-ci ilin əvvəlində əmək pensiyaları da 5,7% artırılıb. Göründüyü kimi, inflyasiya aşağı olanda pensiyalar inflyasiyaya görə hesablanırdı. İnflyasiya yüksəldikdən sonra pensiyalar əmək haqqına görə hesablanmağa başladı.
Qeyd edək ki, pensiyalar əmək haqqının ilin sonundakı (yanvar-dekabr) artım tempinə görə artırılır.
Ötən illərin təcrübəsindən belə nəticə çıxarmaq olar ki, ilin sonuna kimi orta aylıq nominal əmək haqqında ciddi dəyişiklik olmayacaq.