Tovuzlu azarkeş Sahib Musayev zəlzələdən əziyyət çəkən Türkiyəyə yardım məqsədilə başladılan aksiyaya 500 manatlıq bilet alaraq dəstək verib.
Bu barədə “Report”a “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.
O bildirib ki, adıçəkilən fanat Premyer Liqanın XXII turunda “Kəpəz”lə keçiriləcək ev oyununa bir ədəd simvolik bilet alaraq 500 manat ianə edib.
“Turan Tovuz” klubunun rəhbərliyi qarşılaşmanın bilet satışından əldə ediləcək gəlirin hamısını Türkiyəyə göndərmək qərarına gəlib. Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, aksiyaya maraq böyükdür və hətta görüşə gələ bilməyəcək azarkeşlər də bilet alaraq, dəstəklərini göstərirlər.
Qeyd edək ki, fevralın 11-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Kəpəz” oyunu saat 14:00-da başlayacaq.