Bunu Kremlin mətbuat katibi Dmitri Peskov “İzvestiya” nəşrinə müsahibəsində bildirib.
Jurnalistin “Vladimir Putin artıq seçkilərdə iştirak etmək qərarına gəlibmi? Əgər hələ də məlum deyilsə, bu qərarını nə vaxt açıqlayacaq?” sualına Peskovun cavabı bu cür olub:
“Biz ondan indiyədək namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı hər hansı açıqlama eşitməmişik. Yəni, hələ bir az tezdir. Sadəcə səbirli olmalıyıq. Sona doğru, bu ilin ikinci yarısının ortalarına qədər biz seçki mövsümünə qədəm qoyacağıq. Hələlik seçki əhval-ruhiyyəsi yoxdur. O, şübhəsiz ki, indi buna uyğun deyil”.
Vladimir Putinin gələn il prezident seçkilərində namizəd olacağına şübhə ilə yanaşan Peskov, “Putin indi buna uyğun deyil” açıqlamasıyla nəyi nəzərdə tutduğunu ətraflı izah etməyib.
Qeyd edək ki, təxminən bir ildən sonra Rusiyada keçiriləcək prezident seçkilərində Putinin namizədliyi ilə bağlı müxtəlif iddialar səsləndirilir.
Bir sıra iddialara görə, Kreml lideri xərçəng də daxil olmaqla, digər ağır xəstəliklərdən əziyyət çəkir və bu səbəbdən də növbəti seçkilərdə iştirak etməyi düşünmür.
Başqa bir iddiada isə bildirilir ki, Ukraynada məğlubiyyətə uğrayan Putin, seçkilərdən istifadə edərək hakimiyyətdən gedəcək. O, namizədliyini irəli sürəcək və özünü məğlub olmuş kimi göstərərək hakimiyyətdən uzaqlaşacaq.
Amma bununla belə, əksər insanlar Putinin könüllü şəkildə hakimiyyətdən əl çəkəcəyinə şübhə ilə yanaşırlar.
Xatırladaq ki, Rusiyada növbəti prezident seçkilərinin 2024-cü ilin martında keçirilməsi planlaşdırılır. / Azpolitika.info