ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenə iddialı açıqlamaları ilə gündəmə gəlib.
O, Şon Hannitinin radio verilişində Ukrayna-Rusiya müharibəsindən danışıb.
“Hələ də hakimiyyətdə olsaydım, Rusiya “heç vaxt” işğalçılıq edə bilməzdi, lazım gələrsə, “sövdələşmə” də edə bilərdim”, - sabiq prezident deyib.
O qeyd edib ki, işğal zamanı prezident olsaydı, müharibəni dayandırmaq üçün Rusiyanın Ukraynanın bəzi hissələrini ələ keçirməsinə icazə verən “sövdələşmə” bağlayardı. Onun sözlərinə görə, bu, “ən pis halda” baş tutacaq ssenari olardı və yəqin ki, baş verməzdi, çünki o, Ağ Evdə olsaydı, Putin ümumiyyətlə, Ukraynanı işğal etməyə cəsarət etməzdi.
Tramp Buş və Bayden hakimiyyətini tənqid edib:
“Unutmayın, Buşun dövründə Gürcüstanı, Obamanın dövründə Krımı ələ keçirdilər. Və Baydenin dövründə onlar hər şeyi təhvil alırlar. Mənə elə gəlir ki, onlar hər şeyi ələ keçirəcəklər. Bəs Trampın dövründə nəyi ələ keçirmişdilər? Heç nəyi”.
Keçmiş prezident əlavə edib ki, ən azından danışıqlar yolu ilə vəziyyəti normallaşdırmaq olardı:
“Ən pis halda mən nəyisə ələ keçirmək üçün sövdələşə bilərdim. Bilirsiniz, elə ərazilər var ki, rusdillidir. Hərhalda razılaşma əldə etmək olardı. İndi isə Ukrayna sadəcə olaraq külə dönür. Qeyd ediləndən çox insan ölür”.
Tramp daha öncə də dəfələrlə bildirib ki, 2020-ci ildə yenidən prezident seçilsəydi, Ukrayna işğalı heç vaxt baş verməyəcəkdi. O, bunun qarşısını özünün “zoraki sülh” siyasəti ilə ala biləcəyini söyləyib. O, həmçinin Ağ Evdə olsaydı, hazırkı müharibəni “bir gündən artıq olmayan müddətdə” bitirə biləcəyini də iddia edir.
Qeyd edək ki, Trampın son açıqlaması Nümayəndələr Palatasının Respublikaçı spikeri Kevin Makkartinin prezident Vladimir Zelenskinin Kiyevə səfər dəvətindən imtina etməsi ilə əlaqədardır. Zelenski deyib ki, səfər cənab Makkartinin ABŞ-ın Ukraynaya hərbi yardımı ilə bağlı “fərziyyələrini” dəyişə bilər. MakKarti isə Zelenskiyə belə cavab verib:
“Mən məlumatları almağa davam edəcəyəm, lakin vəziyyəti görmək üçün Ukraynaya və ya Kiyevə getməli deyiləm. Fikrim həmişə belə olub, heç nə üçün açıq çek təqdim etməyəcəyəm".