Şəfəqə Doğru » Manşet » “ƏLİYEV SAAKAŞVİLİ KİMİ HƏRƏKƏT ETMƏYƏCƏK...” - Bakını bombalamağı tələb edən “politoloq” yenə Azərbaycana dil uzatdı

“ƏLİYEV SAAKAŞVİLİ KİMİ HƏRƏKƏT ETMƏYƏCƏK...” - Bakını bombalamağı tələb edən “politoloq” yenə Azərbaycana dil uzatdı

“ƏLİYEV SAAKAŞVİLİ KİMİ HƏRƏKƏT ETMƏYƏCƏK...” - Bakını bombalamağı tələb edən “politoloq” yenə Azərbaycana dil uzatdı

Azərbaycanın Laçın yolu istiqamətində, öz suveren sərhədlərində nəzarət-buraxılış məntəqəsi quraşdırması az qala Ermənistandan daha çox Rusiyadakı imperiyaçı, şovinist və ermənipərəst qüvvələri hərəkətə gətirib.

“AzPolitika.info” xəbər verir ki, Rusiya hakimiyyətinə yaxın olan ən iyrənc “ekspertlər”dən biri - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin sabiq aparıcı eksperti Mixail Aleksandrov növbəti dəfə Azərbaycana dil uzadaraq, ölkəmizi guya “Qarabağda etnik təmizləmə” aparmaqda ittiham edib. 

Ermənistan mətbuatına açıqlama verən M.Aleksandrov deyib ki, Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratmaqla Qarabağın erməni əhalisini, eləcə də 2025-ci ildə Rusiya hərbi kontingentini bölgədən sıxışdırıb çıxarmağı hədəfləyir.

“Ekspert” deyib ki, Azərbaycan Prezidenti bir zamanlar Gürcüstan Prezidenti Mixail Saakaşvilinin buraxdığı səhvlərə yol verməyəcək: “Bu nəzarət-buraxılış məntəqəsi gediş-gəlişi və ticarəti məhdudlaşdıracaq. Nəticədə insanlar yavaş-yavaş gedəcklər(Qarabağdan-red.), “dağlıq Qarabağ” yaşamaq üçün cəlbedici olmayacaq. 2025-ci ildə Azərbaycan Rusiya sülhməramlılarının çıxarılmasını tələb edəcək və oraya öz qoşunlarını yeridəcək... Bax, o zaman eskalasiya mümkündür. Əliyev Saakaşvili kimi hərəkət etməyəcək. Rusiya sülhməramlılarına birbaşa hücum Rusiyanın reaksiyasına səbəb ola bilər. Bakı “kiçik addımlar” taktikası ilə hərəkət edəcək və öz postlarını “dağlıq Qarabağ”ın içərilərinə doğru yeridəcək...”




M.Aleksandrov iddia edib ki, Ukraynadakı müharibə olmasaydı, Rysiya Azərbaycanın indiki addımları atmasına maneə olardı. Onun fikrincə, rəsmi Bakı Moskvanın indiki situasiyada Qafqazda münaqişəyə cəlb olunmaq istəmədiyini anlayır: “Ukrayna münaqişəsi olmasaydı, Azərbaycan özünü bu cür aparmağa risk etməzdi”.

Xatırladaq ki, M.Aleksandrov ötən il Rusiya efirlərində səslənən müraciətində “Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanmalı və tamamilə məhv edilməli olduğunu” demişdi. O, həmin vaxt Azərbaycan tərəfindən rəsmən beynəlxalq axtarışa verilib. Təəssüf ki, Aleksandrov Kremlin himayə etdiyi və tez-tez Azərbaycanın üstünə hürdürülən yeganə “politoloq” deyil və belələrinin sayı kifayət qədər çoxdur.

M.Aleksandrovun “acizliyin və riyakarlığın iniltisi” təsiri bağışlayan bu son açıqlaması Rusiyadakı imperiyaçı və şovinist qüvvələrin hansı mənəvi sarsıntılar keçirdiyinin və necə ağır psixoloji durumda olduqlarının bariz nümunəsidir. Azərbaycan isə artıq çoxdandır belə zingiltilərə əhəmiyyət vermir və öz haqqını sökə-sökə almaqda davam edir...

C.Məmmədov

“AzPolitika.info”