Azərbaycan böyük humanitar böhranla üzləşə, həmçinin işğaldan azad edilən ərazilərimizdə tikinti və məskunlaşma işlərində böyük problemlər meydana gələ bilər İsrail mediası mümkün ABŞ-İran müharibəsi ilə bağlı maraqlı yazı dərc edib. İranı məhv etmək planını ehtiva edən təhlildə ABŞ-ın Tehranı nüvə silahı ilə vurmalı olduğu bildirilib. "Jerusalem Post" qəzetində dərc olunan “ABŞ İranı nüvə bombası ilə vurmalıdır” başlıqlı məqalədə 21-ci əsrdə müharibələrin “proksi” (vəkalət) vasitəsilə aparıldığı, İranın Yəməndəki Husilər və HƏMAS-la yanaşı İsraili təhdid etdiyi bildirilir. İsrail Xarici İşlər Nazirliyinin 2021-ci ildə dərc etdiyi hesabata istinadən İranın xaricdəki silahlı qruplara son illərdə daha çox dəstək verməyə başladığı qeyd edilir. İranın on illərdir İsrailə qarşı bir növ müharibə apardığını bildirən müəllif 7 oktyabr hücumlarını “İsrailin Pearl Harboru” kimi qiymətləndirib. ABŞ-ın 2024-cü ildə keçiriləcək prezident seçkilərindən sonra oxlarını İrana çevirəcəyini iddia edən qəzet İranın mümkün müharibə ilə üzləşəcəyini bildirir. Müəllif yazıb ki, İrana aid neft və limanları dağıtmaqla yeni müharibə başlamalıdır. Bu hücumla İranın 72 saat ərzində iflasa uğrayacağını bildirən “Jerusalem Post” hücumun eyni zamanda İranda üsyana səbəb olacağını və xalqın hökuməti devirəcəyini iddia edib. İsrailli jurnalist Tehranın nüvə bombası ilə vurulmasını da variant kimi göstərib. Qeyd edilir ki, İran neftinin 80 faizinin istehsal olunduğu Xarq adasına nüvə bombası atılacağı təqdirdə ölkənin gündəlik 2,2 milyon barellik ixracatı sona çatacaq. İsrailin nüfuzlu qəzetinin bu iddiaları irəli sürməsinin arxasında Amerika və İsrailin İran planlarının xəbərçisi ola bilər? Deyilənlər baş verərsə, nə olar? Bu zaman bizim vəziyyətimiz necə ola bilər? Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..." Elxan Şahinoğlu Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın və İsrailin indiki şərtlər altında İrana zərbə endirəcəkləri inandırıcı deyil. O zaman İrana hərbi zərbələr endirilməsi məsələsi aktuallaşardı ki, Yaxın Şərqdəki son müharibəyə İran aktiv şəkildə qoşulardı. Amma İran bu toqquşmalara qarışmır: “İran əl altdan HƏMAS-a və "Hizbullah"a dəstək versə də, birbaşa iştirak etmir. Çünki İsrail və ABŞ-ın hücumundan ehtiyatlanır. Amerika Yaxın Şərqdə müharibəni lokallaşdırmağa çalışır. Belə bir şəraitdə Amerikanın İrana zərbələr endirəcəyi barədə deyilənlər inandırıcı deyil. Əlbəttə, ABŞ və İsrailin İranda hakimiyyət dəyişikliyi və xaosun yaranmasında maraqlı olması mümkündür. Amma bu maraqlarını hərbi zərbələrlə, hətta atom silahı ilə həyata keçirmələri çətindir. Çünki belə bir vəziyyətdə İran cəmiyyəti vahid düşmənə qarşı hakimiyyət ətrafında sıx birləşə bilər. Nəticədə, ABŞ və İsrailin rejim dəyişikliyi marağını güc yolu ilə reallaşdırmaq cəhdi əks-effekt verər, İranda hakimiyyətinin daha da güclənməsinə səbəb olar. Bunu isə nə ABŞ, nə İsrail istəməz. Ona görə də düşünürəm ki, İsrail qəzetindəki həmin məqalə bir nəbz yoxlamasıdır". E.Şahinoğlu düşünür ki, İsrailin İrana qarşı başqa istiqamətdə addımları ola bilər: “İsrail HƏMAS-la mübarizəni bitirə bilərsə - hərçənd bunun özü də böyük sual altındadır - İranın HƏMAS-a və "Hizbullah"a dəstək kanallarını kəsməyə çalışacaq. Çünki İsrail kəşfiyyatı illərdir xəfiyyələri vasitəsilə İranda nüvə mərkəzlərində çalışan alimləri neytrallaşdırırdı. Mümkündür ki, “Hizbullah” və HƏMAS-a silah çatdırılan istiqamətləri gələcəkdə hədəfə alsınlar. Amma indiki vəziyyətdə bu mümkün deyil. İsrail HƏMAS-la məsələni bitirməyincə, İranla məsələnin həllinə girişməyəcək. İsraildə müəyyən dairələr, əlbəttə, istəyərdi ki, ABŞ İrana qarşı daha qətiyyətli addımlar atsın. Gələn il ABŞ-da prezident seçkisidir. Əgər Tramp prezident seçilərsə, ABŞ-ın İran siyasəti daha da sərtləşə bilər. Lakin bu, o demək deyil ki, Tramp Pentaqonun rəyini nəzərə almadan İrana hərbi hücum qərarı verə bilər. Bu, indiki şərtlər altında mümkün deyil". Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə təzyiqləri artırmalıdır” Əli Orucov Siyasi şərhçi Əli Orucov isə bildirdi ki, HƏMAS-ın İsrailə qəfil hücumundan sonra başlanan müharibə zamanı analitikləri və siyasiləri narahat edən məsələlərdən ən aktualı müharibənin arealının genişlənməsi, digər ölkələrin, xüsusən də İranın buna cəlb oluna biləcəyi ilə bağlı idi. Lakin Tehran nə qədər sərt bəyanatlar versə də, hədələyici tonda danışsa da, bundan uzağa gedə bilmədi: “İran anlayır ki, bu tələdir və əsas məqsədlərdən biri də İranı birbaşa müharibəyə cəlb etməkdir. Son zamanlar İranın HƏMAS-a fəal siyasi dəstəyinin səngiməsi də hiss olunur. Ərəb dövlətləri, xüsusən də region dövlətləri bu qanlı toqquşmada ehtiyatlı mövqe tutduğundan İran da xarici siyasətinə bununla bağlı redaktələr etməyə məcbur oldu. Ona görə də zənn etmirəm ki, ABŞ və İsrail İrana ciddi hərbi zərbə, nüvə zərbəsi endirəcək. Bunun çox böyük fəsadları olar və İsrailin özü də bunun acı nəticələrini yaşayar. Çağdaş dünyamızda kütləvi qırğın silahlarının hər an tətbiqi təhlükəsi qalsa da, buna çox ciddi zərurət olmasa tətbiqi ağlabatan görünmür. İsrailin qatı millətçi kəsimi bəlkə də İrana nüvə zərbəsinin endirilməsini arzulayırdı, lakin nüvə zərbəsinin riskləri də hesablanmalı, nəzərə alınmalıdır və alınır. İran İsrailin və Birləşmiş Ştatların region maraqlarına mane olsa da, bu əngəlin aradan qaldırılması nüvə silahının məhdud istifadəsinə bağlı deyil”. Ə.Orucov dedi ki, İranın müharibəyə cəlb edilməsinə gəlincə, əgər bu ehtimal özünü doğrultsa, o zaman bölgə dövlətləri, həmçinin Azərbaycan böyük humanitar böhranla üzləşə bilər. Həmçinin indiki işğaldan azad olunmuş ərazilərimizdə tikinti və məskunlaşma işlərində böyük problemlər meydana gələr. Etibar SEYİDAĞA, “Yeni Müsavat”