Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqillik Bəyannaməsinin dəyişilməli olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycanla sülh müqaviəlsi imzalamaq üçün Bəyannamədə yer alan Qarabağla Ermənistanın birləşdirilməsi müddəasından imtina etmək lazımdır.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Ermənistanda sadəcə Müstəqillik Bəyannaməsinin deyil, bir sıra qanunların da dəyişilməsi gərəkdiyini vurğuladı:
“Ermənistan təkcə Müstəqillik Bəyannaməsini dəyişməməlidir. Konstitusiyasını, bir çox qanunları dəyişməlidir. Yalnız ölkə daxilində münasib hüquqi baza yaradandan sorna Paşinyan sülh müqaviəlsi imzalaya bilər.
Biz Paşinyanın imzası lazım deyil. Bizə Ermənistan dövlətinin ümumi mövqeyinin dəyişməsi lazımdır. Paşinyan bu gün var, sabah yoxdur. Paşinyandan sonra digər bir şəxs hakimiyyətə gələndə bəyan edə bilər ki, Paşinyan qanunları pozmuşdu, qanunsuz olaraq müqavilə imzalamışdı.
Yəni sülh müqaviləsinin imzalanması üçün Ermənistan daxilində konstitusiya və qanunlarda ciddi dəyişikliklər olmalıdır. Bunsuz etibarlı sülhə nail olmaq mümkün deyil”.