"Ötən il 5 mln. türk lirəsi həcmində manat/lirə cütlüyü üzrə mübadilə əməliyyatları aparmışıq. Bu il bunu daha da artırmaq niyyətindəyik, nə qədər tələbat olacaqsa, təmin etməyə hazırıq”. "Report” xəbər verir ki, bunu Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) "İş dünyamız” jurnalına müsahibəsində "Ziraat Bank Azerbaijan" ASC-nin İdarə Heyətinin sədri Avni Demirçi deyib. A.Demirçinin sözlərinə görə, təmsil etdiyi Bank Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsində dollardan imtina edilməsi ilə bağlı konkret addımlar atır: "Manatla Türkiyə lirəsi arasında üçüncü valyutaya ehtiyac olmadan ticarəti maliyyələşdiririk. İnsanlar bizə manatı gətirdikləri zaman onlara TL sataraq və TL gətirdikləri zaman manat sataraq bu işləri aparırıq. "Ziraat Bank"ın baş ofisi də bu işdə bizə dəstək verir. İndi isə iki ölkənin mərkəzi banklarının bu prosesə qoşulub "svop” anlaşmaları həyata keçirərək qarşılıqlı mübadiləyə başlaması lazımdır”. |