Şahin Cəfərli: "Türkiyə-ABŞ münasibətlərindəki hazırkı problemlərin kökünü çox dərinə getmədən yaxın keçmişdə - 2003-cü ildə baş vermiş hadisələrdə axtarmaq lazımdır”.
"Türkiyə artıq ABŞ üçün "soyuq müharibə” dövründə olduğu qədər vazkeçilməz müttəfiq deyil”.
Bu sözləri Şahin Cəfərli Ərdoğanın ABŞ səfərindən sonra Vaşinqtonla Ankara arasında gərginliyin artmasının səbəbini PİA.AZ-a şərh edərkən deyib.
Xəbər verdiyimiz kimi mayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Donald Tramp ilə görüşdü. Ərdoğan Trampın görüş gözlənilənlərin əksinə olaraq, iki lider arasında görüş 20 dəqiqə davam etdi və görüşün çox sönük keçməsi ilk baxışdan diqqəti cəlb elədi. Görüşün 20 dəqiqə davam etməsi, tərəflərin Suriya məsələsi ilə bağlı konkret açıqlamalar verməməsi əslində, Ərdoğanın ABŞ səfərinin göründüyü kimi uğurlu olmadığının göstəricisidir. Görüşdə ABŞ prezidenti İŞİD və PKK ilə mübarizədə Ankaraya dəstək verəcəklərini söyləsə də, YPG-nin adını çəkmədi. Amma Trampın PKK-nı terror təşkilatı adlandırmasını Ankaranın könlünü almaq üçün atılmış diplomatik addım saymaq olar. Yəni göründüyü kimi Ərdoğanın ABŞ səfərindən sonra Vaşinqtonla Ankara arasında gərginlik ortadan qalxmadı. Əksinə hiss olunur ki, gərginlik daha da böyüyür.
Həmçinin Tramp-Ərdoğan görüşündə Fətullah Gülən məsələsinə qətiyyən toxunulmaması da diqqət çəkici idi. Çünki daha əvvəldən də məlum idi ki, Ərdoğanın ABŞ-la münasibətləri yüksək səviyyəyə qaldırmağın əsas şərtlərindən biri olaraq məhz Fətullah Gülənin Türkiyəyə verilməsi məsələsidir.
Ərdoğan Türliyəyə döndükdən sonra ABŞ-ın Türkiyədəki səfiri Türkiyə Xarici İşlər Nazirliyinə dəvət olundu və səfirə Türkiyə dövləti adından Ərdoğanın ABŞ-da olduğu zaman Ağ Evin mühafizəçiləri ilə yaşanan protokol qalmaqalına görə nota təqdim olundu. Daha sonra isə mətbuatda yayılan məlumata görə məlum oldu ki, mayın 15-dən 20-dək, yəni Ərdoğan-Tramp görüşməsi Ağ Evdə reallaşarkən ABŞ terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD”yə 100 TIR ağır silah göndərib. Məlumata əsasən bu silah-sursat İraq-Suriya sərhədindən keçirilərək, Suriyanın Hasek şəhərində terrorçu PYD-yə təhvil verilib. "PYD” və "YPG”-yə verilən silah və texnika arasında 80 və 120 mm-lik minaatan, "MK19” bombaatan, "M4” "Gabrine” və "M16” tipli avtomat silahlar, "Humwee” hərbi avtomobili, "Cougar” tipli Piyadaların Zirehli Maşınlar da olub. ABŞ rəsmiləri həmin silahların terrorçu İŞİD qruplaşmasının nəzarətində olan Suriyanın Rakka şəhərinin azad edilməsində istifadə ediləcəyini bildirib.
Bir qədər sonra isə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ABŞ-ı teroristlərlə əməkdaşlıqda ittiham edərək, Rakkanı Türkiyə ordusunun da azad edə biləcəyini və Rakkanın İŞİD-dən azad olunması üçün Vaşinqtonun terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD”yə ehtiyacının olmadığını bildirdi. Yəni faktiki olaraq Ərdoğanın ABŞ səfərindən sonra Ankara-Vaşinqton münasibətləri olduğundan qat-qat gerilədi və hazırda iki ölkə arasında gərginlik pik həddə çatmaqdadır.
Tramp və Ərdoğanın anlaşa bilməməsinin səbəbini nədir və hesab etmək olarmı ki, gərginlik sırf ABŞ tərəfindən "PYD” və "YPG”-yə verilən silah və texnika ilə bağlıdır, yoxsa iki ölkənin regiondakı strateji maraqları artıq tamamilə ayrılıb və bu maraqları artıq bir araya gətirmək mümkün deyil? Ümumiyyətlə ABŞ-ın regionda yürütdüyü siyasətin Türkiyə üçün təhlükəli olan tərfini yalnız kürd problemi ilə əlaqələndirmək mümkündürmü, yoxsa Vaşinqtonun Yaxın və Orta Şərq siyasəti Türkiyə üçün daha böyük və qlobal təhlükələr təşkil edir?
Bu suallarla PİA.AZ-ın əməkdaşı politoloq Şahin Cəfərliyə müraciət edib.
Şahin Cəfərli: "Alternativlər səbəbindən Vaşinqton Türkiyə ilə münasibətlərdə rahat davranır”.
Mövzu ilə bağlı politoloq Şahin Cəfərli qeyd edib ki, Tramp Ərdoğanla görüşü gözləmədən, səfərdən çox qısa müddət öncə YPG-yə ağır silahların verilməsi barədə rəsmi qərar imzalayaraq bu siyasətin dəyişməyəcəyini çox aydın şəkildə ortaya qoymuş oldu:
"Açığı Ərdoğanın ABŞ-a səfəri ərəfəsində Türkiyə tərəfinin iki ölkə münasibətlərini niyə PYD-YPG məsələsinə indekslədiyini anlamaqda çətinlik çəkirəm. Çünki məlum idi ki, ABŞ-ın bu məsələdə mövqeyi dəyişməyəcək. Obama dövründə başlayan Suriya kürdlərinə dəstək siyasətinin Tramp üçün yeganə alternativi bu idi ki, Suriyaya ABŞ hərbi kontingent göndərsin və Rakka əməliyyatını məhz ABŞ ordusu həyata keçirsin. Lakin Trampın buna getməyəcəyi və Obama dövründəki siyasəti müəyyən korrektələrlə davam etdirəcəyi öncədən bəlli idi.
Tramp Ərdoğanla görüşü gözləmədən, səfərdən çox qısa müddət öncə YPG-yə ağır silahların verilməsi barədə rəsmi qərar imzalayaraq bu siyasətin dəyişməyəcəyini çox aydın şəkildə ortaya qoymuş oldu. Özü də bu qərar Ərdoğanın müşaviri və sözçüsü İbrahim Kalın, Baş Qərargah rəisi Hulusi Akar və kəşfiyyat (MİT) başçısı Hakan Fidan ABŞ-da olduğu an verildi. Yəni, YPG məsələsi Türkiyə tərəfindən münasibətlərdə 1 saylı məsələ halına gətirildiyi üçün səfərin uğursuz bitəcəyi səfərdən öncə məlum olmuşdu.
Səfərin 2 saylı mövzusu olan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsində irəliləyiş olmayacağını öncədən təxmin etmək də çətin deyildi. Çünki bu, hüquqi məsələdir və bu barədə qərarı administrasiya yox, məhkəmə verməlidir. Lakin administrasiya Türkiyə ilə münasibətlərin daha da soyumaması üçün F.Gülənin ABŞ-ı tərk etməsinə nail ola bilər. Bu barədə tərəflər arasında hər hansı müzakirə aparılıb-aparılmadığı haqda məlumat yoxdur. Növbəti problemli mövzu ABŞ-da həbsdə saxlanılan Türkiyə vətəndaşları – iş adamı Rza Zərrab və "Halkbank”ın müdir müavini Hakan Atillanın taleyi ilə bağlı idi. Bu məsələ də danışıqlarda gündəmə gəlib, lakin bu da hüquqi məsələdir və necə həllini tapacağı hələ ki aydın deyil.
Şahin Cəfərli: "ABŞ-ın bölgə siyasətində Pentaqon mühüm rol oynayır və Suriya siyasətində, YPG-nin müttəfiq kimi seçilməsində məhz generalitetin sözü həlledicidir”.
Bütün bunlar azmış kimi, səfər zamanı Ağ Evin qarşısında etiraz aksiyası keçirən PKK tərəfdarı kürdlərlə Türkiyə prezidentinin mühafizəçiləri arasında kütləvi dava-dalaşın baş verməsi münasibətlərdə növbəti problemin yaranmasına səbəb olub. ABŞ tərəfi Ərdoğanın mühafizəçilərinin hərəkətlərinə sərt etirazını bildirib. Artıq faktla bağlı təhqiqat aparılır və ola bilsin ki, Ərdoğanın mühafizəçiləri barədə qiyabi həbs qərarı verilsin. Türkiyə tərəfi isə öz növbəsində hadisədə ABŞ tərəfini günahlandırıb.
Türkiyə-ABŞ münasibətlərindəki hazırkı problemlərin kökünü çox dərinə getmədən yaxın keçmişdə - 2003-cü ildə baş vermiş hadisələrdə axtarmaq lazımdır. Bilirsiniz ki, ABŞ o zaman İraqa hərbi müdaxiləyə hazırlaşarkən əsas platsdarm kimi Türkiyə ərazisini nəzərdə tutmuşdu. Yəni, ABŞ ordusunun Türkiyə ərazisindən İraqa daxil olması planlaşdırılmışdı. Əslində AKP hökuməti buna razı idi və "1 mart tezkeresi” adı ilə məşhur olan müvafiq qərar layihəsi hazırlayaraq Türkiyə Böyük Millət Məclisinə təqdim etmişdi. Lakin TBMM bu layihəni rədd etdi. Nəticədə ABŞ İraqa girmək üçün başqa – daha uzun marşrutdan istifadə etməyə məcbur oldu və gözləniləndən daha çox itki verdi.
Bu fakt ABŞ-Türkiyə münasibətlərində bir qırılma nöqtəsidir. Xüsusən Pentaqon bu hadisəni unutmadı və məşhur "çuval olayı”ndan başlayaraq Türkiyəyə olan kinini zaman-zaman büruzə verir. ABŞ-ın bölgə siyasətində Pentaqon mühüm rol oynayır və Suriya siyasətində, YPG-nin müttəfiq kimi seçilməsində məhz generalitetin sözü həlledicidir.
Şahin Cəfərli: "ABŞ Türkiyə ilə münasibətlərin korlanmasında maraqlı deyil”.
Bir vacib məqamı da qeyd etmək zəruridir ki, Türkiyə artıq ABŞ üçün "soyuq müharibə” dövründə olduğu qədər vazkeçilməz müttəfiq deyil. O dövrdə SSRİ ilə qarşıdurmada "İncirlik” hərbi bazasının ABŞ üçün önəmi çox böyük idi. Türkiyə ABŞ-la münasibətlərdə bu amildən "kozır kartı” kimi istifadə edirdi. Lakin artıq bu kart bir "kozır” kimi əhəmiyyətini itirməkdədir. Çünki ABŞ-ın əlində alternativlər var. ABŞ istədiyi zaman həmin coğrafiyada – məsələn, İraqın şimalında yeni aviabaza yarada bilər. Suriyanın şimalında da belə imkan mövcuddur.
Məhz bu alternativlər səbəbindən Vaşinqton Türkiyə ilə münasibətlərdə rahat davranır. Lakin əlbəttə, bu, o demək deyil ki, Türkiyə ABŞ üçün əhəmiyyətini itirib. Türkiyə Yaxın Şərq regionu və Qara dənizin ən önəmli ölkələrindən biridir. Bu səbəblə, ABŞ Türkiyə ilə münasibətlərin korlanmasında maraqlı deyil. Türkiyə də ABŞ-la bağlı bütün narazılıqlarına baxmayaraq, Vaşinqtonla münasibətləri davam etdirmək istəyindədir. Ona görə də, düşünürəm ki, qarşıdakı dövrdə münasibətlər zaman-zaman istiləşərək, zaman-zaman isə soyuyaraq, ziqzaqlı şəkildə davam edəcək.
Nərminə UMUDLU