Son 3 ayda Azərbaycanda mal-qaranın sayı 23,3 min baş azalaraq yanvar ayının sonunda 2 milyon 679 min 300 başa qədər geriləyib. Dövlət Statistika Komitəsinin məlumatına görə ötən ilin oktyabr ayının sonunda mal-qaranın sayı 2 milyon 702 min 600 baş təşkil etmişdi.Qoyun və keçilərin sayı daha çox azalıb. Belə ki, son 3 ayda qoyun və keçilərin sayı 202 min baş azalaraq 8 milyon 466 min başa düşüb. Bu say, son 5 ildə ən aşağı göstəricidir. 2014-cü ilin aprelində qoyun və keçilərin sayı 8 milyon 853 min başa çatmışdı.
Ölkədə mal-qara sayının azalması ət qıtlığına, eləcə də süd və süd məhsullarına da ciddi təsir edəcək.Ekspertlər hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyi bu məsələ ilə bağlı çıxış yolu tapmalı və konkret addımlar atmalıdır.Əks təqdirdə, ölkənin ət bazarında ciddi ət qıtlığı yaranacaq.Bu da ətin və südün bahalaşmasına gətirib çıxaracaq.
"Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı "Cümhuriyət” qəzetinə şərhində bildirib ki, son bir ayda bazarlarda süd və süd məhsullarının, eləcə də ətin qiymətində artım var:
"Adi kənd südü adı ilə mağazalarda südün litri 2 manata satılır.Halbuki əvvəllər 1 litr südün qiyməti 1 manat idi.Ətin qiyməti isə 20 faiz qalxıb.Burada əsas məqam mal-qaranın azalması ilə bağlıdır. Hər il təbii olaraq heyvandarlıqda say artırdı. Nəzərə alsaq ki, son bahalaşmadan, böhrandan sonra da əhalinin ət istehlakı nisbətən azalıb.Əslində heyvanların sayı azalmalı deyil, daha artıq olmalı idi. Çünki kəsimə az heyvan çıxarılır. Belə çıxır ki, Azərbaycandan xarici ölkələrə ət satılır.Ola bilər ki, bu ixrac yaxın ölkələr üçün həyata keçirilir.Məsələn, Türkiyədə ətin qiyməti Azərbaycandan iki dəfə bahadı.Çox güman ki, bu ölkəyə Azərbaycandan ət ixrac olunur”.
Ekspertin sözlərinə görə artırılan pambıq əkinlərinin çoxu da heyvandarlıq, örüş sahələrinin hesabına genişləndirildi:
"Bu da müəyyən qədər təsir göstərə bilər. Artıq Azərbaycanda örüş, otlaq sahələrinin sayı ilə heyvanların sayı adyekvat deyil.Sovet dövründə ən çox örüş, otlaq sahələri kimi Qarabağ zonasındakı ərazilərdən istifadə olunurdu.Onlar da işğal altındadır.Bu tərəflərdə isə heyvandarlığı qarşılayacaq elə də sahələr yoxdur.Daha çox pambıq əkinlərinin artması örüş sahələrini azaltdı.Nəticədə heyvanlara yem, otarma imkanları azaldığına görə heyvan saxlayanların faizi də aşağı düşür.Azalma mütləq şəkildə bazarda ət və süd məhsullarının müəyyən qədər bahalaşmasına səbəb olacaq.Bu bazarın qanunudur, yəni tələb, təklif məsələsidir.Hökümət idxal, ixrac məsələlərini gömrükdə tənzimləyə bilər.Ölkədən nə qədər heyvan xaricə çıxarılır, yaxud xaricdən nə qədər gətirilir.Bütün bunların statistikası aparılmır.Qəssabların kəsib satdığı heyvanlar, eləcə də şəxsi həyətlərdə kəsib satılan heyvanlar, bunların hamısı hesabata düşmür.Bu məsələlər tam statistikanı göstərməyə imkan vermir”.
Elçin Bayramlı qeyd edib ki, heyvandarlıq çox vacib, inkişaf etdirilməli bir sahədir:
"Azərbaycanda hazırda mövcud olan örüş sahələrinin çoxu əlverişli deyil. O sahələrin bəziləri qoruq yerlərdir, bəziləri isə özəl sahələrdir. Onsuz da heyvanların otarılma imkanları azalır.
Əhali heyvan saxlamağı azaldır, çünki bu baha başa gəlir.Burada yalnız böyük iri təsərrüfatlar, fermerlər qazana bilər.Yaxşı olar ki, əkin sahələri artırılarkən örüş sahələrinə toxunulmasın.Məsələn, meliorasiya işləri aparıb şoranlaşmış torpaqları bərpa etmək olar.Azərbaycanda torpaq fondu çoxdu, amma yararlı torpaq yoxdur.Torpaq Fondunun müəyyən bir əhəmiyyətli hissəsi şoranlaşmış, sıradan çıxmış torpaq sahələridir.Xüsusən də Mərkəzi Aran bölgəsində əkilməyən, istifadəyə yararlı olmayan torpaq sahələri var. Bu torpaqları pambıq, tütün əkmək üçün yararlı hala gətirmək daha məqsədəuyğundur. Orada heyvandarlıq üçün ot yetişdirmək bir qədər çətindir. Normal sahələrdən əkinləri azaltmaqla heyvandarlığa yönəltmək lazımdır.Texniki bitkiləri inkişaf etdirmək üçün isə yeni sahələri yararlı hala gətirmək yaxşı olar.Bu halda həm heyvandarlıq öz ehtiyatlarını qoruyub saxlayacaq, həm də yeni texniki bitkilər yeni Torpaq Fondu hesabına artacaq.Sahənin birində inkişaf, digərində geriləmə gedirsə, bu normal deyil.Elə tənzimləmək lazımdır ki, bir-birinin payından aparmasınlar”.