Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin ilkin nəticələri açıqlanıb.
Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib ki, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb:
"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev səslərin 3,04 faizini; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,11%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,02%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,39%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev isə səslərin 0,75% faizini toplayıb".
M.Pənahov bildirib ki, indiyə qədər hesabat vermiş seçki məntəqələrinin sayı 5201 təşkil edir, sayılmış bülletenlərin sayı isə 3 milyon 723 min 278-dir.
MSK sədri deyib ki, bəzi seçki məntəqələrindən bülletenlərin gəlməsində müəyyən ləngimələr var. Onlar da daxil olduqdan sonra tam nəticələr gün ərzində ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.