Şəfəqə Doğru » Manşet » “Devalvasiyanın “terapiyasız şok” formasının bütün ağırlığını xalq çəkməlidir?!”

“Devalvasiyanın “terapiyasız şok” formasının bütün ağırlığını xalq çəkməlidir?!”

“Devalvasiyanın “terapiyasız şok” formasının bütün ağırlığını xalq çəkməlidir?!”
"Problemli kreditlər "qırmızı xətt”ə çatıb”
"Vergi və gömrük orqanlarından daxilolmalar artıb, büdcə profisiti yaranıb”
Azərbaycanda sosial-iqtisadi vəziyyət, Prezident seçkilərindən sonra yeni tərkibdə formalaşacaq hökumətin qarşısında durması vacib olan məsələlər, həlini gözləyən problemlər, iqtisadi islahatların bundan sonrakı gedişi və mümkün nəticələri ilə bağlı "Bizim Yol”un həmsöhbəti Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, iqtisad elmləri namizədi Əli Məsimlidir.
Shafaqadogru.com  Moderator.az-a istinadən  həmin müsahibəni təqdim edir:
 
– Hökumətin qarşısında həllini gözləyən bir çox məsələlər var. Onlardan biri problemli kreditlərdir. Bununla bağlı nə deyərdiniz?
 
– Problemli kreditlətin ümumi məbləği təhlükəli hesab olunan "qırmızı xəttə” çatıb. Hazırkı şəraitdə problemli kreditlər, xüsusən də, dollarla olan kreditlər məsələsini optimal həll etmədən bank sistemini sağlamlaşdırmaq, bank sistemini sağlaşlaşdırmadan isə əhalini borc tələsindən qurtarıb milyonlarla insanın güzəranını yaxşılaşdırmaq və iqtisadiyyatı yüksək səviyyədə inkişaf etdirmk mümkün olmayacaq. Ona görə də bu problemlə qarşılaşan Rusiya da, başqa ölkələr də xarici valyutada olan kreditlər probleminin çözülməsi istiqamətində real addımlar atıblar. Hətta problemli kreditlərin bir qısminin silinməsi barədə qərarlar da qəbul ediblər. Azərbaycanda bu məsələyə məsul olan qurumlar xarici valyutada olan problemli kreditlərlə bağlı real nəticəsi görünən heç bir iş görmədiyindən vəziyyət getdikcə pisləşir. Çox təəssüf ki, indiyədək devalvasiyanın bütün ağırlığının xalqın üstünə atılmasının ağır fəsadlrını heç bir dövlət adamı etiraf belə etməyib. Sanki bu, belə də olmalıdır. Devalvasiyanın, həm də kobud səhvlər ucbatından törədilən "terapiyasız şok” formasının bütün ağırlığını axıracan xalq çəkməlidir?!
 
– Bu, belə davam etsə, hansı nəticələr verə bilər?
 
– Hökumət dollarla olan kreditlər problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər həftə, hər ay özünün də bu problemi həll etmək şansını da itirməkdədir. Vəziyyətin yaxşılaşdırılması üçün real nəticələri olan addımlar atılmasa, maliyyə bazarları və bank sisteminin problemləri daha da qəlizləşəcək. Bu isə iqtisadiyatımızda əlavə ciddi problemlər yaradacaq. Belə vəziyyət əhaliyə və banklara da çox mənfi təsir göstərir. Bu, ölkədə iqtisadi fəallığın artmasının qarşısında maneyə çevrilib. Artlq ikinci ildir ki, kredit qoyuluşları azalır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci il 1 fevral vəziyyətinə kredit qoyuluşları 30 faiz azalıb. Ona görə də bank sistemini çətin vəziyyətdən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də, dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir. Bu işə məsul qurumlar problemli kreditlərlə bağlı hər hansı addım atacağı barədə qaneedici bir fikir söyləmir.
 
– Problemli kreditlər təkcə vətəndaşınmı problemidir? Yəni təkcə vətəndaşmı həll etməlidir?
 
– Məsələ də elə ondadır. Problemli kreditlər təkcə vətəndaşın problemi deyil, eyni zamanda bankların fəaliyyətinə və dolayısı ilə ölkə iqtisadiyyatına mənfi təsirlərini göstərməkdədir.
 
– Bəs necə həll olunmalıdır bu məsələ? Sizin də bununla bağlı həll formulunuz vardı. O düsturun mahiyyəti nə idi və NK-nin yeni tərkibi formalaşdırıldıqdan sonra bu məsələni gündəmə gətirəcəksinizmi?
 
-Deputat həmkarım Vahid Əhmədovla birlikdə biz xarici valyutada olan kreditlər probleminin çözülməsinə dair hökumətə "Təkliflət Paketi” göndərmişik. Təəssüf ki, 2 ildir bir xəbər yoxdur. Təklif etmişik ki, devalvasiyaya qədər borcunu rahatca ödəyən, amma devalvasiya nəticəsində borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilsin. "Məsələn, 5 min, imkan varsa 10 min dollara qədər olan kreditlər 1,05 manat kursu ilə qaytarılsın. Daha iri məbləğli borclar üçün isə 1,2-1,3 manat kursu götürmək olar Aparılan sorğular göstərirdi ki, bu variant kredit borcu olan insanları təmin edir və xeyli hissəsi borclarını örtə bilərlər. Problemin həlli uzadıldıqca, insanların bu variantlarla da borcunu ödəmək imkanları tükənir. Eyni zamanda araşdırma aparılaraq borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları silinsin. Burda kredit borclarını ödəmək imkanı olub, yayınanlardan söhbət getmir. Bundan ötrü fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul edilməli və buna əsasən şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlər isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın. Yəni dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin. Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparılsın. Ölkə üçün perspektivli biznes layihələri həyat keçirən, amma manatın devalvasiyası nəticəsində maliyyə çatışmazlığı ilə üzləşən iş adamlarına öz yarımçıq işlərini tamamlayıb fəaliyyətə başlamaqdan ötrü müvafiq maliyyə dəstəyin göstərilməsi də məqsədəuyğun olardı… Biz bu yöndə təkliflər hazirlayarkən 5 min dollara qədər olan kreditlərlə bağlı problemi 1dollar=1,05 manat nisbəti ilə çözməkdən ötrü cəmi 250 milyon dollar vəsait lazım idi ki, bizim risklərin bölüşdürülməsi ilə bağlı irəli sürdüyümüz prinsipi tətbiq etdikdə dövlətə cəmi 62,5 milyon dollar səviyyəsində simvolik bir maliyyə yükü düşürdü. Təəssüf ki, buna gedilmədi.
 
– Öz təkliflərinizdə israr edəcəksiniz yəni?
 
– Dollarla olan kreditlər məsələsini biz həm Milli Məclisdə, həm də mətbuatda tez-tez qaldırırıq və əlbəttə, problem həll olanadək bundan sonra da qaldırmaqda davam edəcəyik. Bu işə məsul orqanlar əhalinin bu probleminə biganəlik göstərməkdən yorulmursa, biz niyə xalqın haqqını müdafiə etməkdən yorulmalıyıq?!
 
– İsrarlı təkliflərinizə nə reaksiya verilir?
 
– Bir müddət öncə Milli Məclisin iclasında parlamentin spikeri bildirdi ki, problemli kreditlərlə bağlı məsələ diqqət mərkəzindədir və bu istiqamətdə iş aparılır. Mərkəzi Bankın sədri də bu yaxınlarda buna bənzər ümidverici bir məlumat verib ki, problemli kreditlər məsələsinə baxıla bilər. Əgər Milli Məclisin sədri və Mərkəzi Bankın sədri səviyyəsində belə bir fikir bildirilibsə, deməli, problemli kreditlərlə bağlı əhalinin çoxdan gözlədiyi addımların atılması mümkündür. Amma birinci şok devalvasiyalardan 3 ildən artıq bir müddət keçdikdən sonra da bu problemin həllinə münasibətdə "baxıla bilər” ifadəsi yetərli deyil. Bu məsələnin həlli istiqamətində real addımın atılması üçün mütləq siyasi qərarın olması çox zəruridir.
 
– Büdcə ilə bağlı nə baş verir? Büdcədə profisit yarandığı deyilir. Bu, nə dərəcədə əsaslı məlumatdır və nəyin hesabına yaranır? Hansı maddələr üzrəsə xərclər artırılacaqmı? Sizcə, hökumətin yeni tərkibi daha çox hansı sahələrin inkişafına yönəlməlidir? Sosial proqramlarla bağlı diqqət artacaqmı?
 
– Düşünürük ki, bu il büdcə ilə bağlı elə bir ciddi problem gözlənilmir. Maliyyə Nazirliyinin operativ məlumatına görə, 2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4563 mln. manat, xərcləri 4408 mln. manat olub, 155 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı, yəni profisit yaranıb. Mənbələrə gəldikdə isə, rəsmi məlumata görə, vəziyyət belədir: Vergilər Nazirliyi xəttilə dövlət büdcəsinə 1437 mln. manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 16 mln. manat və ya 1,1 faiz çoxdur. Həmin vəsaitin 68 faizi və yaxud 970 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Gömrük Komitəsi xəttilə dövlət büdcəsinə 727 mln. manat vəsait təmin edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz və yaxud 156 mln. manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 79 mln. manat təşkil edib. Neft Fondundan dövlət büdcəsinə 2299 mln. manat vəsait transfert edilib. 2018-ci ilin büdcəsində neftin 1 barrelinin qiymət proqnozu 45 dollardan götütürüb. Amma 2018-ci ilin birinci rübündə neftin qiyməti proqnoz göstəricilərindən xeyli yükəsk olub.Hazirda 70 dollardan yüksəyə qalxıb.Amma büdcə haqqında operativ məlumatda birinci rübdə neftin qiymətinin profisitə necə təsir etdiyi göstərilmyib. 2018-ci ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 109 faiz və yaxud 4408 mln. manat icra olunmuşdur. İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 40 faizi və ya 1761 mln. manatı sosialyönümlü xərclərin,yəni əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və ya 126 mln. manat çoxdur.
 
– Büdcəyə yenidən baxılması haqda fikirlər burdan yaranıb?
 
– Bəli. Birinci rübün nəticələri müsbət olduğundan, son vaxtlar 2018-ci ilin büdcəsinə yenidən baxılacağı məsələsi gündəmə gəlib. Bununla bağlı hər şeydən əvvəl onu qeyd edək ki, dövlət büdcəsinə yenidən baxılması və xərclərə sekvestr tətbiq olunması qaydası "Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsinin tələbləri əsasında ola bilər. Həmin maddədə deyilir ki, "dövlət büdcəsinin icrası prosesində onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda müvafiq icra hakimiyyəti orqanının təklifi ilə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında dövlət büdcəsinə yenidən baxılması barədə məsələ qaldırıla bilər. Bu zaman dövlət büdcəsinin icrasının vəziyyəti barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi olmalıdır. Dövlət büdcəsinin icrası prosesində gəlirlər təsdiq olunmuş məbləğdən az daxil olduqda funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə olunan xərc maddələri istisna olmaqla) mütənasib şəkildə, təşkilati təsnifat üzrə xərclər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada azaldılır. Dövlət büdcəsinin icrası barədə rüblük hesabatlarda büdcənin gəlirləri üzrə faktiki daxilolmalar həmin dövr üçün təsdiq edilmiş göstəricilərdən 20 faiz az olduqda həmin hesabatlar Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsində müzakirə edilir. Dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri üzrə faktiki daxilolmalar ilin birinci yarısı üzrə nəzərdə tutulan göstəricilərdən 30 faiz az olduğu halda, müdafiə olunmuş xərc maddələrinin maliyyələşdirilməsi üçün vəsait çatmadıqda, büdcə kəsirinin nisbi göstəricisi təsdiq olunmuş səviyyəni keçdikdə və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırmaq barədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmış təklif olmadıqda müvafiq icra hakimiyyəti orqanı Milli Məclis qarşısında büdcədə dəqiqləşdirmə aparılması barədə oktyabr ayının 1-dən gec olmayaraq məsələ qaldırır. Cari ilin dəqiqləşdirilmiş dövlət büdcəsi haqqında qanun layihəsini Milli Məclis oktyabr ayının 15-dən gec olmayaraq təsdiq edir. 2018-ci ilin dövlət büdcəsində "Büdcə sistemi haqqında qanunun” 23-cü maddəsin tələbləri səviyyəsində çatışmazlıq və kənarlaşma yoxdur. 2018-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 45 dollardan götürülüb və hazırda dünya bazarında Azərbaycan nefti 70 dollardan baha satılır, onda büdcəyə əlavə gəlir daxil olacaq. Büdcəyə daxil olacaq əlavə gəlir əhəmiyyətli rəqəmlərlə ifadə olunsa, onda həmin əlavə gəlirin bölgüsü ilə bağlı büdcəyə yenidən baxıla bilər.
 
– Bu halda büdcədən maliyyələşənlərin əməkhaqları artırılacaqmı?
 
– 2018-ci ilin dövlət büdcəsində görünən o idi ki, diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı artırılacaq. Hələ 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ildə artırıldı. Bundan əlavə Prezidentin xüsusi sərəncamları ilə 3 milyon nəfərdən artıq insanın əmək haqqı, pensiyası, müavinəti və digər ödənişlər də artırıldı. İlin sonuna qədər həmin artımları örtmək üçün aşağı-yuxarı 600 milyon manat pul lazımdır. 2018-ci ilin dövlət büdcəsində həmin istiqamətdə tələb olunan xərclər də konkret təyinatı üzrə göstərilməklə öz əksini tapmalıdır. Birinci rübünün nəticələrindən görümdüyü kimi cəmi 3 faiz artıq olub. Həmin nəticənin nə qədər dəyişəcəyindən asılı olaraq, qanunvericilikdə müəyyən olunmuş və qeyd etdiyimiz qaydada 2018-ci ilin büdcəsinə yenidən baxıla da bilər. Amma birinci rübün hazırkı nəticələri qanunvericilikdə müəyyən edilmiş qaydalara görə Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada onun özü tərəfindən korrektələr etməyə hüquqi baxiımdan imkan verir.