Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavini, onkourologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyevin "Report”a müsahibəsi.
- Onkouroloq adlanan mütəxəssis nəişlə məşğul olur və bu ixtisasın formalaşması hansı zərurətdən yarandı?
- Bu suala cavab verməzdən öncə onkourologiya anlayışının nə olduğunu, onun əsas istiqamət və məsələlərini ayırd etməliyik. İlk növbədə, onkourologiya tibbin onkologiya və urologiya kimi sahələrinin sərhədində qərarlaşan, sidik-cinsiyyət sistemində, yəni böyrək, prostat vəzi, sidik kisəsində yaranan xoşxassəli və bədxassəli törəmələri, onların etimologiyası və patogenezini, profilaktika yollarını araşdıran sahədir. Bu sahədə çalışan mütəxəssislərin əsas səyi xəstəliyin və onkouroloji problemlərdən ölənlərin say göstəricilərinin azaldılmasına yönəlib. Bu gün dünyanın bütün aparıcı onkoloji xəstəxanalarında onkourologiya şöbəsi fəaliyyət göstərir.
- Azərbaycanda bu problemlə bağlıvəziyyət nə yerdədir? Əvvəlki dövrlərə nisbətdə xəstəlikdə artım müşahidə olunurmu?
- Bu suala bir-iki kəlmə ilə cavab vermək çətin olar. Hər halda buna cəhd edərəm. Onkoloji xəstəliklərin artımı dünyanın bir çox ölkələrində nəzərə çarpır. Azərbaycanda istisna deyil. Xəstəliyin geniş yayılmasının səbəbləri bəllidir. Bu, ilk növbədə, passiv həyat tərzi, ziyanlı adətlərin olması, stress, piylənmə və bir sıra başqa amillərə bağlıdır. Məsələn, 30-50 faiz xərçəng xəstəliklərindən yaxa qurtarmağın yolu sağlam həyat tərzi sürməkdə, tütün məmulatlarından imtina etməkdədir.
Bizi xəstəliyin artım tendensiyası yox, daha çox ölüm göstəricilərinin yüksək olması narahat etməlidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada onkoloji xəstəliklərdən 8,8 milyon insan ölür, xüsusən də bu, əhalinin gəlirlərinin orta və aşağı həddə olduğu ölkələrdə baş verir. Əsas problem xərçəngin bir çox halda vaxtından çox gec diaqnostika olunmasıdır. Düşünürəm ki, hətta inkişaf etmiş səhiyyə sistemi olan ölkələrdə belə onkoloji xəstəliklərin çox gec aşkarlandığı hallara rast gəlinir, deməli, müalicədə uğur qazanmaq da olduqca çətinləşir.
Əvvəlki dövrlərlə müqayisə məsələsinə gəldikdə isə, xeyli dəyişiklik nəzərə çarpır. Belə ki, son illər müalicə və diaqnostika sahəsində bir çox yenilik əmələ gəlib. Onkologiya bu sahədə aparılan molekulyar-genetik tədqiqatlara, yeni texniki imkanlara, müasir diaqnostik, şüalandırıcı cərrahiyə avadanlığına görə çox geniş inkişaf edir.
- Bu gün hansı əsas problemlərlə rastlaşırsınız?
- Məncə, əsas problem uzun illər boyu bu xəstəliyə qarşı formalaşmış neqativ stereotiplər və ilkin diaqnostikanın üstünlükləri barədə faydalı məlumatın olmaması ilə bağlıdır. Bu barədə daim bildirilməlidir ki, xəstəliyin ilkin mərhələdə aşkarlanması onu tam müalicə etməyə imkan yaradır.
Əhalinin onkoloji savadsızlığının aradan qaldırılması və tibb işçilərinin onkoloji həssaslığını artırmaq yönündə iki əhəmiyyətli istiqamətdə çalışmaq gərəkdir. Bu istiqamətlər üzrə vəziyyət xeyli yaxşılaşsa da, hər halda bundan da yaxşı nəticəyə ehtiyac duyulur.
Son illərdə onkoloji xəstəliklərin aşkarlanması artıq insanın gənc və əmək qabiliyyətli dövründə baş verir. Bu səbəbdən sağlam həyat tərzi daha geniş təbliğ olunmalıdır. Əhali ilə daim maarifləndirici tədbirlər keçirilməli və onkoloji həssaslıq prinsipi tətbiq edilməlidir. Xəstəlikdən qorxmaq lazım deyil, o sizin biliyinizin gücü qarşısında acizdir.
- Həkimin məsuliyyəti və peşəkarlığıpasiyentlərin müalicəsi işində nə qədər əhəmiyyətlidir?
- Onkouroloji profilli pasiyentlərin diaqnostika və müalicəsindəki standartlar vaxtaşırı beynəlxalq təcrübə və şəxsi praktika nəzərə alınmaqla yenidən baxılmalıdır.
Onkoloji xəstəliyi müalicə etməyi boynuna götürən həkim öz çiyninə düşən məsuliyyəti dərk etməlidir. O bilməlidir ki, pasiyent ona ən qiymətli bir nəsnəni, yəni həyatını etibar edib. Çox hallarda müvafiq patologiyanın müalicəsi çoxşaxəli yanaşmanı tələb edir və qəbul edilmiş beynəlxalq standartlara uyğun reallaşmalıdır. Müəyyən hallarda mütəxəssislər xüsusi yanaşmaya əl ata bilərlər, amma bunun özü də bütün digər mütəxəssislərin rəyinə əsaslanmalıdır.
Onkoloji xəstəliklərlə mübarizənin kökündə ilkin diaqnostika və peşəkar yanaşma dayanır.
Urologiya sahəsində 20 illik təcrübəsi olan uzman həkim Fuad Quliyev dünyanın bir sıra aparıcı tibb mərkəzlərində çalışmış və Avropa Urologiya Assosiasiyanın mütəxəssisi adına layiq görülmüş cərrahdır. O, həmçinin, tibb elmi üzrə fəlsəfə doktoru və 100-dən çox elmi məqalənin müəllifidir.