Şəfəqə Doğru » Manşet » ABŞ-dan Ermənistana zərbə: işğalçı ölkə “odla od” arasında - TƏHLİL

ABŞ-dan Ermənistana zərbə: işğalçı ölkə “odla od” arasında - TƏHLİL

ABŞ-dan Ermənistana zərbə: işğalçı ölkə “odla od” arasında - TƏHLİL
Rusiya ilə münasibətləri getdikcə gərginləşən Ermənistan rəhbərliyi özünü "qərbyönümlü” kimi göstərməyə çalışdığı bir vaxtda ABŞ-dan da sərt şapalaq alıb.

Mətbuatda yayılan məlumata görə, bu günlərdə ABŞ administrasiyası Ermənistan hakimiyyəti qarşısında hərbi kontingentin Suriyadan geri çəkilməsi haqda tələb qoyub. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən "168 jam” qəzeti öz mənbələrinə istinadən bildirir. Qəzet xatırladır ki, bir neçə gün əvvəl mətbuatda müdafiə nazirinin, xarici işlər nazirinin və bir neçə səfirin iştirakı ilə bu məsələ ilə əlaqəli qapalı toplantı keçirildiyi haqda KİV-lərdə xəbər yayılıb. Lakin XİN toplantı xəbərini təzib edib.

XİN təkzib etsə də, mənbələr deyiblər ki, həmin mesaj Ermənistan hakimiyyətinə 2019-cu il avqustun 12-13-də, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfərindən dərhal sonra çatdırılıb. Deyilənlərə görə, Patruşev Ermənistan hakimiyyətindən bunun əksini-Suriyadakı erməni hərbi kontingentinin sayının artırılmasını tələb etmişdi. Məlumatda o da deyilir ki, ABŞ Ermənistanın Suriyaya hərbi kontingent göndərməsi ilə bağlı narazılığını bu ölkənin BMT-dəki səfiri Mqer Marqaryan vasitəsilə çatdırıb. Bildirilib ki, bu məsələ Ermənistan-ABŞ münasibətlərinə zərbə vurur. Həmin mənbənin bildirdiyinə görə, əgər kontingent çıxarılmasa, bunun ikitərəfli münasibətlərə təsiri olacaq, üstəlik, ABŞ Ermənistana verdiyi minatəmizləyən avadanlığın Suriyada istifadə edilməsinə qadağa qoyacaq.

"Bu mesajı BMT-dəki səfir müdafiə naziri David Tonoyana və xarici işlər naziri Zöhrab Mnatsakanyana çatdırıb. Mnatsakanyan ABŞ-a necə cavab veriləcəyi barədə narahatlıq ifadə edib, nazirlər vəziyyətdən çıxış yolu axtarıblar. Çünki hər iki variantda Ermənistan üçün problem yaranacağı qaçılmazdır. Həmin mənbələr təsdiq edir ki, sonda Tonoyan kontingentin çıxarılmasına qarşı çıxıb”,-qəzet yazır.

Qeyd olunur ki, baş nazir Paşinyanın Rusiya və ABŞ-ın tələblərinə necə cavab verəcəyi məlum deyil. Ermənistan Rusiyanın tələbi ilə Suriyaya azsaylı hərbi kontingent göndərib və ABŞ dəfələrlə buna qarşı öz mövqeyini bildirib.

Politoloq Məhəmməd Əsədullazadə "Yeni Müsavat”a bildirdi ki, belə bir durum gözlənilən idi: "Ermənistan baş naziri Nikol Paşinyanın ”iki stolda" oturmağı ona baha başa gəlməkdədir. Məhz Paşinyanın ABŞ-ın siyasətinə qarşı Moskvanın istəyi ilə Suriyaya hərbi birləşmə göndərməsi Vaşinqtonda İrəvana qarşı sərt siyasətə səbəb oldu. Moskva bununla Paşinyanı Vaşinqtonda arzuolunmaz şəxsə çevirdi. Halbuki ABŞ Paşinyan vasitəsilə Ermənistan da Rusiyanın mövqeyini zəiflətməli idi. Əksinə olaraq Paşinyan ölkəsində ABŞ-ın təsirini zəiflədir və Suriya məsələsində Moskvanın yanında yer alır". Siyasi şərhçi bunun Ermənistan üçün ciddi nəticələrə səbəb olacağını istisna etmir: "Çünki ABŞ Paşinyana regional kontekstində müəyyən müsbət ümidlər gözləyirdi. Amma Paşinyan tərsinə siyasət ortaya qoyur, işğalı və ABŞ-ın maraqlarına qarşı siyasəti davam etdirir. Məhz Vaşinqtonun Ermənistanın iki şirkətini qara siyahıya alması bunun nəticəsidir. Hesab edirəm ki, Paşinyanın ABŞ-a işgüzar səfəri öncəsi ABŞ-dan sərt tələbin irəliyə sürülməsi onun bu səfərini fiaskoya gətirəcək. ABŞ bundan sonra Ermənistan siyasətində korrektlər edəcək, bu ölkəyə maddi yardımları daha da azaldacaq. Ümumiyyətlə, Paşinyan regional siyasətində Vaşinqtonun çağırışlarını qulaqardı edir. Bu, onun Rusiya tərəfindən sıxışdırılarsa, Vaşinqton tərəfindən dəstəklənməyəcəyini deməyə əsas yaradır”. M.Əsədullazadə qeyd etdi ki, artıq ABŞ üçün regionda strateji önəm kəsb edən Azərbaycandır: "Ölkəmiz Vaşinqtonun siyasətinə qarşı addımlar atmır. Ermənistan ABŞ-ın hədəfindədir. İranla əlaqələri inkişaf etdirməsi, Moskvanın siyasətini həyata keçirməsi Paşinyanın Vaşinqton tərəfindən qəbul edilməməsinə gətirir”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə dedi ki, Paşinyanın ABŞ-a səfəri ərəfəsində Ermənistanın azsaylı hərbi kontingentinin Suriyadan çıxarılması tələbi gözlənilməz haldır: "Ermənistanda bu hadisə şok effekti yaradıb. ABŞ-da dövlət səviyyəsində Paşinyana diqqət edilməyəcəyi narahatlığı da var. Paşinyanın hakimiyyətinin son günlər aldığı zərbələrə diaspordan dəstək olacaqmı? Bu da ciddi suallar doğurur. Amerika Rusiyanın tələbi ilə Suriyada xidmət keçən Ermənistanın hansı məqsədlərlə burada olduğunu aydınlaşdırıb. Belə çıxır ki, Ermənistan kontingenti Rusiyanın tapşırıqlarını yerinə yetirir. Amerikanın əlində tutarlı dəlillər olmasa, belə bir tələb irəli sürməzdi. Üstəlik, Amerikanın İranla bağlı verdiyi sanksiyalara Ermənistan əhəmiyyət vermədən bu ölkə ilə əməkdaşlığı davam etdirir. Bu da Amerikanı Ermənistanla bağlı verdiyi qərarda önəmli faktordur”. Q.Çaxmaqlı qeyd etdi ki, məsələnin bu şəkil alması Paşinyan hakimiyyətini çətin vəziyyətə salıb: "Bir neçə gün öncə Putinin həbsdə olan Köçəryanı təbrik etməsi ona Rusiyanın mesajı idi: ”İndi ABŞ-ın bu addımı Paşinyana münasibətin ifadəsidir. ABŞ-da çox yaxşı bilirlər ki, Paşinyan yalançı demokratdır, Qərbə inteqrasiya mümkün deyil. Onu öz tərəflərinə çəkmək cəhdləri heç bir nəticə verməz. Bütün bu gəlişmələr Amerikanın yaxın aylarda Ermənistanın üzərinə gedəcəyindən xəbər verir. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktı da bu olayların mərkəzinə daşınsa çox yaxşı olardı. Diplomatiyamız bu günlərdə daha çevik olmalıdır".

Ermənistan hakimiyyəti isə israrla yayılmış məlumatı təkzib etməyə çalışır. Ermənistan XİN başçısı ABŞ-dan belə bir tələb səslənmədiyini iddia edib. Təbii ki, indiki situasiyada rəsmi İrəvan Vaşinqtonun tələblərini təsdiqləyə bilməz, bu, ABŞ səfərinə hazırlaşan və 2050-ci illə bağlı xəyallar quran Paşinyan hakimiyyəti üçün intihara bərabər hadisə olar. Amma fakt budur ki, ABŞ ilk gündən Ermənistan hərbçilərinin Rusiya ordusu ilə birlikdə Suriyaya getməsinə qarşı çıxıb. Hətta buna görə Ermənistan rəsmilərinin ABŞ-a planlaşdırılan səfəri son anda ləğv edilib. Eyni zamanda İrəvanın İran prezidenti Ruhaninin səfərinə hazırlaşması da ABŞ-da qıcıq yaradır. Üstəlik, Ermənistanın bir sıra şirkətləri elə bu günlərdə sanksiya qərarlarına baxmayaraq, İranla əməkdaşlıq etməsinə görə "qara siyahı”ya salınıb. Bütün bunlar isə cavabsız qala bilməzdi. N.Paşinyan çox arzulayır ki, ABŞ səfəri zamanı, BMT Baş Assambleyası çərçivəsində prezident Trampla görüşsün. Ancaq bu xəbərlər onun arzularını alt-üst edir. Beləliklə, işğalçı ölkə "odla su arasında” qalıb. Rusiya ona "mənimlə Surayada qal” deyir, ABŞ isə əksinə, "hərbçilərini bu ölkədən çıxart” tələsini qoyur. Bundan sonra nələr baş verəcək, demək çətindir.

**** 

"Bu günlərdə ”Plan 2050" barədə açıqlama verən Ermənistanın baş naziri Nikol Paşinyan da qarşıya qoyduğu məqsədlərin heç vaxt baş tutmayacağına tam əmindir".

Bunu "Report”a Moskva Dövlət Universitetinin (MDU) Dünya siyasəti fakültəsinin dosenti Aleksey Fenenko bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun əvvəllərində işğal etdikləri Azərbaycan ərazisindəki mitinqdə nitqi zamanı 2050-ci ilədək qarşıya qoyduqları "strateji hədəflər”dən söhbət açaraq ölkə əhalisinin 5 milyona çatdırılmasının, 1,5 milyon iş yeri yaradılmasının, yoxsulluğa son qoyulmasının, habelə Ermənistanın sənaye ölkəsinə çevrilməsinin, ÜDM-in 15 dəfə, orta əməkhaqqının 7 dəfə artırılmasının, ölkəyə gələn turist sayının 15 milyona çatdırılmasının və s. vacibliyini diqqətə çatdırmışdı.

Bu "hədəf”ləri şərh edən rusiyalı ekspert onların "ağlabatan”lıq dərəcəsinin göz qabağında olduğunu qeyd edib: "Dənizlərə çıxışı olmayan, heç bir iri sənaye müəssisəssi olmayan bir ölkə ÜDM-ni 15 dəfə artırmaqdan dəm vurur? Bunun nə qədər ”ağlabatan" olduğunu yəqin siz də anlayırsınız".

Ekspertin fikrincə, Ermənistanın baş naziri bu kimi aşıqlamalar verərək həmin hədəflərin heç vaxt baş tutmayacağını gözəl bilir və deməli, bunu müəyyən məqsədlə söyləyir: "Fikrimcə, Qarabağ klanını şirnikləndirməyə çalışır. Qarabağ klanı ilə indi münasibətləri gərgin olduğuna görə həmin qrupun, heç olmasa, bir hissəsini öz tərəfinə çəkmək üçün bu kimi açıqlamalar verir. Yəni ”mən də sizdən biriyəm, mənimlə də iş görmək olar" deyə işarə vurur".

Ermənistanın hazırkı rəhbərlərinin Avropa istiqamətli xarici siyasətinə toxunan rusiyalı ekspert Avropa İttifaqına həmsərhəd olmayan, Avropadan tam tədric olunan, dənizə yalnız Gürcüstan vasitəsilə çıxan bir ölkənin Avropaya hər hansı inteqrasiyası barədə bəhs etməyin yersiz olduğunu diqqətə çatdırıb: "Bu ölkənin, əslində, Avropa İttifaqına bir neçə növ bəzək daşdan başqa təklif etməyə heç nəyi yoxdur. Onun üçün də inteqrasiyaya ehtiyac yoxdur, elə həmin daşların tədarükünə dair İtaliya şirkətlərilə müqavilə bağlasalar kifayətdir”.

Rusiyanın Ermənistandakı mövcud vəziyyətdən narahat olduğunu deyən Moskva Dövlət Universitetinin əməkdaşı səbəb kimi Ermənistanın Avrasiya İqtisadi İttifaqını tərk etməsi ilə bu təşkilata problemlər yarada biləcəyini qeyd edib: "Ermənistanın üzvlükdən çıxması Aİİ-də böhran olduğu barədə səs-küyə rəvac verəcək”.

Bu da Rusiyadan Ermənistanın siyasətinə verilən reaksiyadır. Rəsmi İrəvan özünə sahib çıxacaq qüvvə axtarır, amma, hələ ki, tapa bilmir. Deyəsən, daha heç kəs ermənilərə inanmır...