"Hökumətin bir tərəfdən əhali qrupları üçün tələbi məhdudlaşdırması, digər tərfdən isə dövlət şirkətləri üçün borclanmanı artırması başadüşülən deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın xarici dövlət borcu ilə bağlı yaranmış vəziyyəti dəyərləndirən iqtisadçı Məhəmməd Talıblı deyib.
İqtisadçının sözlərinə görə, dünya yeni borclanma mərhələsinə daxil olub və bu, dövlətlərin iqtisadiyyatlarının maliyyə resurslarına artan tələbi ilə deyil, iqtisadiyyatların işləməməsi ilə bağlıdır:
"Oxford Economics”in hesabatında dövlətlərin sürətli borclanma ilə bağlı proqozlarında qeyd edilir ki, dərin durğunluq iqtisadi böhranı ciddi sürətdə dərinləşdirir. Ona görə də belə bir şəraitdə bazarların iqtisadi baxımdan kiçilməsi davam edəcək. Çünki məhdud kredit təklifi özəl sektordakı borclanmanı artırdıqca, cəmiyyətdə "kəmərsıxma” tədbirlərinin görülməsi qaçılmaz olacaq.
Rəsmi məlumatlara istinad etsək, ilin əvvəlinə birbaşa xarici dövlət borcumuz 8,32 milyard ABŞ dolları, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771 milyon ABŞ dollarıdır. Yəni Azərbaycanın xarici dövlət borcu ümumilikdə 9,1 milyard ABŞ dolları səviyyəsində qeyd olunur. Bu isə xarici borcların ÜDM-nin 17 faiz civarında olduğunu göstərir.
Azərbaycan hökuməti pandemiya zamanı beynəlxalq maliyyə qurumlarından borclanmalar həyata keçirib. Bu məbləğ milyardla ölçülməsə də, fakt olaraq, borc mövcuddur”.
Məhəmməd Talıblı hesab edir ki, sürətli borclanmaya təsir edən iki amil var. Birincisi, strateji valyuta ehtiyatlarının fiskal dayanıqlılığı təmin etmə dərəcəsi ilə bağlıdır. Buna görə neft gəlirlərinə və təbiətin "hədiyyə”sinə borcluyuq. Digər səbəb isə pandemiya zamanı "daha az xərcləmək, daha az borca düşmək” fəlsəfəsi ilə əlaqədardır:
"Tələbatı şişən balontək artırmaq bir ifrat yoldursa, tələbatı süni surətdə məhdudlaşdırmaq da başqa bir ifrat yoldur. Biz ikinci yolla gedirik. Daim komfort zonasında qalmaq böyük xərclər tələb edir. Keyfiyyətli yaşamaq daha çox pul sərf etmək anlamına gəlir. Bizim hökumət bir tərəfdən əhali qrupları üçün tələbi məhdudlaşdırır, digər tərəfdən isə dövlət şirkətləri üçün borclanmanı artırır. Bu, ümumiyyətlə anlaşılmazdır”.