...1918-ci ildən bu yana 102 il ərzində torpaqlarını itirmiş, qələbəyə tamarzı qalmış, taleyində qələbə ilə sevinə bilməyən Azərbaycan bu gün rəşadətli Ordusu ilə hər saat tarixin şanlı səhifələrini yazmaqdadır.
Ordumuz sentyabrın 27-dən başlayaraq Qarabağda həyata keçirdiyi antiterror və əks-hücum əməliyyatları ilə indiyə qədər 3 şəhəri, xeyli sayda kəndləri azad edib.
Təxminən bir aya yaxın müddətdə Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri 27 illik işğaldan azad edilib, bu rayonlarla yanaşı Ağdərə, Xocavəndin də kəndləri düşmən qüvvələrindən təmizlənib.
Artıq Xudafərin körpüsündə bayrağımız dalğalanır, cənub sərhədlərimiz tam bərpa edilib.
Ordumuz indi daha da içərilərə irəliləyir və heç bir şübhə doğurmur ki, tezliklə Kəlbəcər, Laçın, Qubadlı, Xocavənd, Ağdərə, Ağdamın azad olunduğunu eşidəcəyik.
Ən nəhayət, müzəffər Ordumuz Xocalı, Əsgəranı terrorçuların tapdağından qurtaracaq, üçrəngli bayrağı qürur və namus simvolumuz olan Şuşaya, Xankəndinə sancacaqlar....
Bütün dünya bizə baxır, hamını mat qoymuşuq, dost-düşmənimizi də yaxşı tanıyırıq, dəstəyi də, əleyhimizə görülən işləri də görürük.
Ölkə ayaq üstədir, yeddidən yetmişə hər kəs əsgərə yardım edir. Hətta şou-biznes manısları Vətən müharibəsinə öz töhfəsini əsirgəmir.
Anaxeber.info bildirir ki, bu möhtəşəm milli birlikdə ölkənin sabiq nazirlərinin, məmurlarının iştirakını müşahidə etmək olmur.
Vaxtilə bu ölkəyə, onun vətəndaşlarına hər cür pisliyi etmiş, dövlətin büdcəsini dədə malı kimi çırpışdırmış, vəzifədə olanda hər növ lüksü təmi etmiş, özlərinə və övladlarına sərvətlər qoymuş, bank hesablarında milyonlar saxlamış, Azərbaycanın ən əsrarəngiz güşələrində, dünyanın kurort yerlərində malikanələr almış, korrupsiya ilə dövlətə zərbələr vurmuş eks-çinovniklər yoxa çıxıblar.
Bu gün onlar villalarından satmalı, restoranlarından, bizneslərindən əldə etdikləri kapitalı Silahlı Qüvvələr Fonduna köçürməli, Qarabağ üçün sinəsini güllə qabağına verən igidlərə dəstək olmalıdırlar.
Uşaqlarına Avropa dövlətlərinin vətəndaşlığını alanlar, övladlarını hərbi xidmətdən yayındıranlar, onlara xaricdə komfort yaradanlar hesab verməlidir. Məhz bu gün tarix yazılır və həmin keçmiş nazirlər yediklərini qaytarmalıdırlar.
Bu millətin, dövlətin çörəyini yeyənlər, prezidentin etimad göstərib vəzifə verdiyi keçmiş nazirlər, icra başçıları, komitə sədrləri üzə çıxmalıdırlar.
Amma biz nə onların Orduya dəstəyini, nə də uzun illər vəzifə tutmuş, idarəçilikdə olmuş biri kimi mənəvi borc naminə açıqlamalarını görürük.
Doğurdan da maraqlıdır - Cocuq Mərcanlıdan olan, indi doğma əhəri düşməndən azad edilən, özü vaxtilə "Qaçqınkom”u talamış, nəvəsi "Galenvagen”lə harınlıqdan iki nəfəri öldürmüş Əli Həsənov haradadır?
Vəzifədə olduğu dövrdə orduda rüşvətin tüğyan etməsinə səbəb olmuş, heç bir hərbi uğuru olmayan, qeyri-döyüş şəraitində əsgər ölümləri baş alıb getmiş, onun vaxtında nizam-intizamsızlıq hökm sürmüş, işgəncə, dedovşina kütləvi hal almış milyonçu sabiq müdafiə naziri Səfər Əbiyevin səsi niyə çıxmır?
Ölkədə traybalizmin, tayfa-qəbilə şüurunun banisi, intriqaların, klançılığın memarı, bütün demokratik təsisatların qənimi, iqtidar-müxalifət münasibətlərini hər zaman qurduğu hiyləgər kombinasiyalarla süni şəkildə gərginləşdirmiş, ölkəyə nifrət, qəzəb, qisas toxumu səpmiş, bürokratiya gətirmiş, sonuncu dəfə karantin vaxtı nəvəsinə toy etməklə qanunlara tüpürmüş, dövlət rəhbərliyinə hörmətsizlik etmiş, qarşılığında layiqli cavabını almış, illərlə qalaq-qalaq, cild-cild Ermənistanın təcavüzkar siyasətindən kitablar yazmış sabiq PA rəhbəri Ramiz Mehdiyevin cınqırı niyə çıxmır?
Haradadır onun avanürüst, bütün çirkin oyunlarının baş personajı, siyasi rəhbərliyə qarşı xəyanətlər etmiş, medianı bərbad günə salmış, milyonlar mənimsəmiş eks-köməkçi Əli Həsənov?
Bu adamlar vəzifədən çıxanda məgər Azərbaycan vətəndaşlığından da çıxırlar? Sabiq dövlət xadimləri kimi Orduya, prezidentə, xalqa dəstək vermək olmur?
Haradadır içməkdən ciyəri sıradan çıxmış, ölkənin vergi sistemində milyardlar mənimsəmiş, oliqarx Fazil Məmmədov?
Büdcəni yağmalamış, özünə və ailəsinə biznes kəhkəşanı qurmuş sabiq nəqliyyat naziri Ziya Məmmədov, rüşvətxor keçmiş sosial müdafiə naziri Səlim Müslümov, danışıqlarda heç bir diplomatik uğuru olmayan, səfirlik və konsulluqlarda, o cümlədən XİN-də korrupsiya yuvası qurmuş, DTX tərəfindən həmin cinayətkar əməllər ifşa edilmiş eks-nazir Elmar Məmmədyarov qəhətə çıxıblar. Bu adamlar üçün Vətən, dövlət anlayışı kresloda olana qədər, millətin, dövlətin pulunu yeyənə qədər imiş...
Eyni sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimova, sabiq baş nazir Artur Rasi-zadəyə, müavinləri Hacıbala Abutalıbova, Abid Şərifova, kənd təsərrüfatı naziri olmuş Heydər Əsədova, sabiq baş prokuror Zakir Qaralov, müavini Rüstəm Usubova da şamil etmək olar.
Haradadır Qara Qarayevin qohumu, DTX-nın keçirdiyi antikorrupsiya əməliyyatından sonra işindən azad edilmiş mədə niyyətli Əbülfəs Qarayev?
Monopoliya kralı, sabiq gömrük şefi Aydın Əliyev, sağ əli olmuş Vüsal Novruzov Ordumuza nə kimi dəstək olublar?
Ləğv edilmiş MTN-nin şefi, şirkətləri, milyardları olan Eldar Mahmudov və milyonları talamış generalitet bandası, eks-rabitə naziri Əli Abbasov, "yeraltı dünya kralı” Tağı Əhmədov kimi məmurların bu xalqa, dövlətə ömürlük borcu var.
Bu siyahını çox uzatmaq olar - Etibar Pirverdiyevlə, İsmət Abbasovla, Heydər Babayevlə, Misir Mərdanovla, Hüseynqulu Bağırovla...
Xalqın pullarını haram yolla yeyənlər, dövlətə, onun rəhbərliyinə dönük çıxanlar, sədaqətsiz, gözü pulda olan bivec məmurların yerini millət özü göstərir, qiymətini verir.
Anaxeber.info