İşğalçı və terrorçu Ermənistandakı hazırkı Paşinyan hakimiyyətinin "rəngli inqilablar” müəllifi, Amerika milyarderi Corc Sorosun maliyyəsi hesabına baş vermiş inqilab vasitəsilə qurulması artıq rəsmi səviyyələrdə də vurğulanır. Sorosun özünün də daha böyük güc mərkəzlərinə bağlı olması barədə fikirlər var. Onun ABŞ Demokratlar partiyasıyla bağlılığı bəllidir. Eyni zamanda Sorosun Rokfellerlər sülaləsinin, yaxud əksinə, onların rəqibi Rotşildlərin təsiri altında olduğu haqda versiyalar da mövcuddur. Bəs görəsən, adı tez-tez hallanan Sorosun hazırda Ermənistanda gedən proseslərə və konkret olaraq Paşinyan hökumətinin Azərbaycanın Qarabağda torpaqlarının azadlığı uğrunda apardığı savaşa müqavimət göstərməsinə təsiri nə dərəcədədir?
Mövzu ilə bağlı Moderator.az əməkdaşıyla söhbətində Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti, Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər maraqlı cavablar səsləndirib.
-Sülhəddin bəy, artıq rəsmi çıxışlarda da təcavüzkar Ermənistan baş naziri Paşinyanın Corc Sorosun adamı olduğu ifadə edilir. Və o, hakimiyyətə gəldiyi ilk günlərdən belə bir fikir səslənirdi ki, guya Paşinyan ölkəsini Qarabağ yükündən qurtararaq onu birdəfəlik Amerika təsiri altına salmağa çalışır. Əgər həmin versiyaya dayansaq, belə çıxır ki, əslində dünən də, indiki müharibə dövründə də Nikolun etdikləri sadəcə, şoudur və o ağalarının tapşırığına uyğun olaraq Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasına dolayısıyla şərait yaradır... Siz nə düşünürsüz bu barədə?
-Bilirsiniz, Paşinyanın irrasional davranışı, yəni reallıqları nəzərə almadan hərəkət etməsi həm erməni, həm Azərbaycan cəmiyyətində və ümumiyyətlə, beynəlxalq aləmdə, siz dediyiniz kimi, müxtəlif fikirlərə səbəb olub. Çünki hökumət başçısı olmasına baxmayaraq irrasional davranır və bu da insanları onun çıxış və davranışlanın səbəblərini axtarmağa sövq edir. Və nəticədə onun haqqdında müxtəlif versiya və variantlar ortalığa çıxır. Onu nəzərə almaq lazımıdır ki, Paşinyan faktiki inqilab nətcəsində hakimiyyətə gəlib və seçki nəticəsində də hakimiyyətini gerçəkləşdirib. Yəni gəlin, özümüzü aldatmayaq, Paşinyan digər keçmiş Ermənistan liderlərindən fərqli olaraq erməni xalqının, erməni cəmiyyətinin iradəsini ifadə edir. Və bununla da ifrat millətçi, dindar, şovinist dairələrin maraqlarına xidmət etmiş olar. Odur ki, onun davranışı da bu məqsədlərə hesablanıb. Burada eyni zamanda erməni kilsəsinin və erməni diasporunun da rolunu nəzərə almaq lazımdır. Burada daha radikal mövqedə olan ABŞ və Fransadakı erməni lobbi və diasporlarının təsirini xüsusi qeyd etmək gərəkdir. Yəni 1980-ci illərin sonundan başlayaraq hadisə və proseslərin Ermənistanın və erməniçiliyin xeyrinə inkişaf etməsi, eləcə də onların terrorçu və işğalçı əməllərinin cəzasız qalması erməni cəmiyyəti, erməni diaspor və kilsəsini hədsiz radikallaşdırıb. Onlar hazırda maksimalist mövqelərdən çıxış etməyə başlayıb. Paşinyan da məhz həmin dairələrin maraqlarını ifadə edir. Sadəcə olaraq Paşinyan və arxasında duranlar üçün də Azərbaycan ordusunun müzəffər yürüşü gözlənilməz bir sürpriz olduğu üçün hələlik reallığı qavrayaraq buna uyğun davrana bilmirlər. Bu cür davrananların da başında Paşinyan gəlir və dediyim kimi, irrasional davranır. Və əslində göründüyü kimi, bunun səbəbləri bir qədər dərindədir...
-Sizcə, bu gün Soros Azərbaycanın Qarabağdakı müzəffər azadlıq savaşı ilə bağlı məğlub,miskin və çaşqın duruma düşmüş Paşinyana nəsə diqtə edirmi, konkret tapşırıqlar verirmi?
-Yəqin, siz də razılaşarsız ki, Sorosu tamam başqa məsələlər maraqlandırır. Hesab edirəm ki, Onu Qarabağda yalnız ermənilərin, yaxud azərbaycanlıların və ya hər ikisinin birgə yaşayıb-yaşaması narahat etmir. Burada başlıca məsələ odur ki, nə Ermənistan, nə onun arxasında duran qüvvələr, nə Rusiya, nə Fransa, nə ABŞ, nə erməni diasporu, nə də kilsə Azərbaycan dövlətinin, xalqının və ordusunun belə güc, potensial, mübarizlik və birlik nümayiş etdirəcəyini gözləmirdilər. Onlar elə düşünürdülər ki, bu dəfə də köhnə siyasətləri ilə hər şeyi öz bildikləri kimi həll edəcəklər. Əslində reallıq budur ki, Ermənistan və havadarları köhnə qayda ilə müharibəyə hazırlaşmışdılar. Azərbaycan isə ortaya müasir strateji savaş konsepti qoydu. Və nə Ermənistan, nə də havadarları buna hazır idilər. Odur ki, məhz bu səbəbdən onların mövqelərində bir çaşqınlıq müşahidə olunmağa başlanıb. Və Azərbaycan ordusu uğurla irəlilədikcə onlar da öz mövqelərinə korrektə etməyə məcbur olurlar. Ancaq hesab edirəm ki, artıq bir neçə gündən sonra Ermənistanın, Paşinyanın özü olmasa da, ətrafı və havadarları situasiyanı daha real qiymətləndirməyə başlayacaqlar. Yəqin ki, Şuşanın və Laçın "dəhlizi”nin nəzarətə götürülməsi və Kəlbəcər istiqamətində ordumuzun irəliləməsi onlara əməlli-başlı "soyuq duş” effekti təsiri göstərəcək...
-Bəs elə isə Sorosun Paşinyanı hakimiyyətə gətirməkdə məqsədi nə olub? Sadəcə, regionda xaos yaratmaq?..
-Soros adi bir milyarderdir. Və nə qədər zəngin olsa da, o, dünya siyasətinə o qədər də təsir edən şəxs deyil. Sorosun özündən də dünya gücləri istifadə edirlər... Yəni o, müstəqil bir güc mərkəzi deyil ki, ona bu dərəcədə diqqət yetirək. Sadəcə, Soros göstərilən yöndə pul, vəsait buraxan bir adamdır... Kütləvi oxucu anlasın deyə bu ifadələri işlədirəm. Yəni Soros xüsusi xidmət orqanlarıyla, Amerika dərin dövləti ilə bağlı olan bir şəxsdir... Və regiona yönəlik ABŞ siyasətində, təbii ki, ona da bəlli bir seqment, istiqamət ayrılıb... Bir sözlə, Soros Amerika dərin dövlətinin görünən sifətlərindən, sadəcə, biridir...
-Yəni belə çıxır ki, ABŞ dərin dövləti də Qarabağda Ermənistanın uğurunda maraqlıdır?..
-Heç, şübhəsiz... Bildiyiniz kimi, bu məsələnin təməlləri hələ 1828-ci ildən- Çar Rusiyası tərəfindən ermənilərin Güney Qafqaza köçürülməsi prosesi start götürdükdən sonra atılmağa başlanıb. Həmin vaxt erməni vilayətinin yaradılması, 1918-ci ildə isə Ermənistan dövlətinin qondarılması baş verib. Və erməni dövləti peyda olandan bəri də onun genişlənməsi prosesi də başlanıb. Məqsəd ön cəbhədə xristian forpostu yaratmaqdır. Düzdü, bu günədək buradakı erməni məsələsi Rusiyanın nəzarətində olubdur. Lakin hazırda, bildiyiniz kimi, dünyada, o cümlədən bizim regionda Yeni Dünya Düzəni və geo-siyasi qarşıdurma həlledici mərhələyə qədəm qoyub. Və burada da rəqabət güclənibdir. Həmin rəqabətin qonşu Gürcüstanda da, təcavüzkar Ermənistanda da necə kəskin formada getdiyini görürük. Təbii ki, bu proses Azərbaycandan da yan ötmür... Amma indi nə yaxşı ki, qardaş Türkiyənin çox açıq şəkildə və qətiyyətlə, qərarlı şəkildə regiona nüfuz etdiyini görürük. Və bu da bizim milli maraqlarımıza tam cavab verir. Bunun daha uğurlu nəticələrini də biz, inşallah, tezliklə həm döyüş meydanı, həm də diplomatik masada görəcəyik...