Şəfəqə Doğru » Manşet » AMEA-da yeni vəzifə təyinatları olub

AMEA-da yeni vəzifə təyinatları olub

AMEA-da yeni vəzifə təyinatları olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunub.

Bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında qərar qəbul edilib.

Qərara uyğun olaraq yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub.

Belə ki, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər. AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə isə akademik Dilqəm Tağıyev seçilib.

D.Tağıyev daha əvvəl AMEA-nın vitse prezidenti vəzifəsini icra edib.

Beləliklə, AMEA-da yalnız bir birinci vitse-prezidenti vəzifəsi yaradılıb və vitse-prezidentlərin sayı artırılıb.

Hazırda AMEA-nın vitse-prezidentləri aşağıdakılardır:

- Akademik İsa Həbibbəyli
- Akademik İbrahim Quliyev
- Akademik Nərgiz Paşayeva
- Akademik Tofiq Nağıyev,
- Akademik İradə Hüseynova
- Akademik Rasim Əliquliyev

Bundan başqa, AMEA-nın Fizika İnstitutunun rəhbər heyəti də işdən çıxarılıb.

İclasda qeyd olunub ki, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.

Qərara əsasən, institutun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.

Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib.

Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.

Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb//mia.az