Sentyabrın əvvəlinədək Dollar Manat qarşısında güclənirdi. Sentyabr ayının 9-da rəsmi USD/AZN məzənnəsi 1.6403 manatadək qalxmışdı. Lakin Mərkəzi Bank və Neft Fondu birlikdə hərraca 300 milyon dollar çıxardaraq məzənnənin artmasını dayandırdı. Növbəti hərraclarda da böyük təkliflər davam etdirildi və məzənə aşağı düşməyə başladı. Təxminən 1 ay ərzində dollar ucuzlaşdı və rəsmi USD/AZN məzənnəsi 1.5969 manata səviyyəsinədək gerilədi. Oktyabrın 19-dan isə Dollar yenidən bahalaşır. Artıq 24.10.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6151 manat səviyyəsində müəyyən olunub.
Digər diqqəti çəkən məqam, Dolların rəsmi məzənnəsinin hər gün 0,0060 manat (hər 100 dollarda 60 qəpik) bahalaşmasıdır. Halbuki, dollar ən yaxşı halda 0,0020 manat ucuzlaşırdı.
Çoxları Doların yenidən 1.50-1.55 manat səviyyələrinədək düşəcəyini gözləyirdilər. Amma bu baş vermədi.Bəs, nə baş verdi ki, dollar bahalaşmağa başaladı? Çünki, neftin qiyməti kəskin düşməyib, idxalımız da artmayıb, əksinə aybay azalır.
Dolların bahalaşması "Bank Standard”ın əmanətçilərinə kompensasiyanın qaytarılması ilə bağlı ola bilər.
Xəbər verildiyi kimi, "Bank Standard” QSC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 603 milyon manat, qorunan əmanətlərin cəmi 568 milyon manat, kompensasiya olunan əmanətlər 460 milyon manat təşkil edir. Əmanətlərin 62%-i və ya 285 milyonu manatı dollardadır. Bu da təxminən 180 milyon dollar deməkdir.
"Bank Standard”ın lisenziyası ləğv edilən zaman Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bəyan etmişdi ki, Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna krediti dollarda verəcək. Məqsəd Fondun bazardan dollar almasının qarşısına keçməkdir. Əks halda bu Dollar/manat məzənnəsinə təsir edə bilər.
Lakin Mərkəzi Bank valyuta ehtiyatlarını qorumağı üstün tutaraq Əmanətlərin Sığortalanması Fonduna vəsaiti manatla ayırıdı. Maliyyə Nazirliyinin yaydığı rəsmi press-relizdə qeyd olunur ki, Oktyabrın 4-də Maliyyə Nazirliyinin Kollegiya iclası keçirilmiş və Kollegiya əmanətçilərin hüquqlarının qorunmasının, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsinin, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 460 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul etmişdir. Məlum oldu ki, Mərkəzi Bank Fonda borcu manatda verir və Əmanətlərin Sığortalanması Fondu dollardakı əmanətləri kompensasiya etmək üçün bazardan Dollar almalı olacaqdır.
11 oktyabr 2016-cı il tarixdən etibarən "Bank Standard”ın qorunan əmanətçilərinə kompensasiya ödənilməsinə başlanılıb. 20 oktyabr 2016-cı il tarixdə QSC "Bank Standard” KB-nin qorunan əmanətçilərinə 261 milyon 624 min manat kompensasiya ödənilmişdir. Bu məbləğin nə qədərinin dollar əmanətləri üzrə verildiyi məlum deyil. Fondun "Bank Standard”ın əmanətçilərinə ödəyəcəyi təxminən 200 milyon manat kompensasiya qalıb.
Oktyabrın 21-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisdə bildirib ki, "Bank Standard”da həm dollarda, həm də Manatda əmanəti olan əmanətçilərə kompensasiya manatla həyata keçirilir:
"Qanunvericilikdə öz əksini tapıb ki, əgər insanın əmanəti həm xarici valyutada, həm də manatdadırsa, bu əmanətlər birləşdirilir və ona kompensasiya manatda verilir. Bu gün hökumətdə də bir daha müzakirə etdik. Cənab prezidentlə də müəyyən məsləhətləşmələr aparılıb. Çox güman ki, mən bunu hələ vəd edə bilmərəm, amma çox güman ki, biz bir həll tapacağıq və bu insanlara kompensasiyaları manatla ödənildiyi kimi, valyutaya konvertasiya edək. Bunun yollarını araşdırırıq, bu bizim diqqətimizdədir”.
Qeyd edək ki, "Bank Standard”da yalnız əmanəti Dollarda olan əmanətçilər də çoxdur. Belə əmanətçilərə kompensasiya dollarda ödənilir.
Qısası, ehtimal ki, Dolların birdən bahalaşmağının səbəbi Əmanətlərin Sığortalanması Fondunun dollar alışına başlamasıdır. Fond tələb edilən məbləği bazardan aldıqdan sonra Manata təzyiq bir qədər azala bilər.