"Darıxsaydım, həyatımdakı ən ağır anları adlaya bilməzdim. Mən ən çətin anlarımda belə araşdırmaçı - alim mövqeyimdə oluram”.
Shafaqadogru.com yazır ki, bunu Lent.az-a müsahibəsində keçmiş millət vəkili Gülər Əhmədova aktiv ictimai-siyasi fəaliyyət üçün darıxıb – darıxmaması haqda suala cavab verərkən deyib. G. Əhmədova bildirib ki, nəsə baş verirsə, onun səbəblərini araşdırmaq və doğru nəticələr çıxarmağı bacarmaq lazımdır: "Eyni zamanda, mən bu dövrü islam fəlsəfəsi və tarixinin öyrənilməsinə sərf etdim. İndi isə, əksinə daha çox motivasiyalıyam. İşlədiyim, rəhbərlik etdiyim bütün kollektivlərdə motivator olmuşam. Sizə, bir fakt deyim. Vaxtıyla rəhbərlik etdiyim həm "Mərkəz” qəzeti və ya Respublika Uşaq Təşkilatında həyatla üz-üzə qalan insanlara mootivator olmağa çalışmışam. İndi şükür Allaha, onların çoxu ən yüksək yerlərdə təmsil olunurlar. Ad çəkməyəcəm, bilirsiniz onların hansı dönəmləri olub?!”.
"Aktiv ictimai-siaysi fəaliyyətə qayıtmaq fikriniz varmı?” sualına G. əhmədova belə cavab verib: "Ümumiyyətlə plan qurmaq mümkün deyil, düzgün deyil. Bir məsəl var, deyir, Allahı güldürmək istəyirsənsə, öz planlarından danış. İnsanın planları təkcə onun özündən asılı deyil axı. Plan qurmaq olar, amma əminliklə desin ki, mən bunu edəcəm, mümkün deyil. İnsan başa düşməlidir ki, o, nəinki dünyanın, hətta kainatın bir zərrəsidir. Həm də qüvvəsidir. Fizikanın qanunu var, enerji itmir. Sizin ətrafınızda olan enerji də itmir. Əgər hansısa xeyir işlərlə məşğul olursansa, heç vaxt bəddua etmə. İnsan çalışıb qarğış etməməlidir. Mən bacardığım qədər bu hallardan qaçıram. Mənə qarşı haqsızlıq, şər-böhtan olubsa, onu Allaha həvalə edirəm. Və yaşadıqca görürəm ki, Allahın intiqamı çox güclüdür. İnsanın danışdığı hər şey maddiləşir. Bir də görürsən, ana uşağına qarğış edir: "Səni görüm ciyərin yansın”. Ana başa düşmür ki, onun enerjisi uşaq üçün həyatını müəyyənləşdirən bir şeydir. Bilirsiniz, bioloji cəhətdən kim bizi doğubsa, bu dünyada da, o dünyada da biz onunla bağlıyıq.
Qadınla həssas davranmaq lazımdır. Çünki qadın enerjisi çox güclüdür. O, həm yaradıcı, həm də dağıdıcı ola bilir. Ağıllı insanlar heç vaxt qadınların bədduasını özünə qarşı yönəltməz. "Qadınla mübarizə aparma” deyən aqillərin sözünü primitiv başa düşmək olmaz. Bu zaman söhbət təkcə qadının fiziki zəifliyindən getmir. Bunun metafizikası var. Tarixi diqqətlə oxuyun. Ailədə belə qadın xoşbəxtdirsə, həmin ailə həm maddi, həm də mənəvi cəhətdən xoşbəxtdir. Cəmiyyət elə qurulmalıdır ki, qadın xoşbəxt ola bilsin. Ən gözəl orta təhsili olan Finlandiya kimi ölkədə qadınların mövqeyi prioritetdir. Bu, ümumiyyətlə, bütün Skandinaviya ölkələrinə aiddir”.