Şəfəqə Doğru » Manşet » "Vağzalda qatıq, pendir satırdım, mənə Səyavuş Aslan kömək etdi" - Alim Qasımov haqqında maraqlı faktlar

"Vağzalda qatıq, pendir satırdım, mənə Səyavuş Aslan kömək etdi" - Alim Qasımov haqqında maraqlı faktlar

"Vağzalda qatıq, pendir satırdım, mənə Səyavuş Aslan kömək etdi" - Alim Qasımov haqqında maraqlı faktlar
Bu gün Xalq artsiti Alim Qasımovun doğum günüdür. Shafaqadogru.com  kulis.az-a istinadən dünyaca məşhur xanəndəmiz haqqında maraqlı faktları təqdim edir.
 
Alim Həmzə oğlu Qasımov 1957-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olub. Atası Həmzə ona Pənah adını verir, ancaq sısqa, daim xəstə olan uşağın adını anası bir qadının məsləhətilə dəyişir. Körpəyə Alim adını qoyandan sonra o, sağalır.
 
***
 
Ata-anası Alimin uşaqlıqdan musiqiyə, xüsusilə muğama qarşı olan marağını bilsələr də, ona musiqi təhsili verməyə imkanları olmayıb. Atası keçi dərisindən dəf düzəldir. Bu dəf onun birinci musiqi alətiydi.
 

Gallery
 

Sürücü kimi "Karamel" fabrikinə işə düzəlir, ancaq yaxşı maşın sürə bilmədiyinə görə elə həmin gün yük maşınını fabrikin divarına çırpır. Beləliklə, bu, fabrikdə ilk, həm də son iş günü olur. Sonra dəmiryol deposunda vaqon təmiri üzrə usta, tikintidə elektrik işləyir. Xanəndə həmin günləri belə xatırlayır: "Həmişə ata-anama kömək etmişəm. Təsərrüfatımız, mal-qaramız çox olub. Yadımdadır ki, uşaq olanda ata-anamla Sabunçu vağzalında qatıq, pendir satırdıq. Bir az böyüyəndən sonra fəhlə işlədim. Sonra isə sürücü işlədim. Əsgərlikdə də sürücü olmuşam. Axırda gördüm ki, heç nə əmələ gəlmir, muğama üz tutdum".
 
***
 
Çox gənc yaşda Tamilla adlı xanımla ailə quran xanəndənin həyatında mərhum aktyor Səyavuş Aslanın ciddi rolu olub: "Mən hər işlə məşğul olmuşam. Evləndim, pul qazanmağa çalışdım, çox işlər gördüm, olmadı, alınmadı. Musiqi məktəbinə girməliydim, ancaq pulum yox idi. Qaynanam qohumu Səyavuş Aslanın yanına getdi. O da məni havayı məktəbə düzəltdi. İlk gündən səsimə heyran oldular. Onda bildim ki, məndə nəsə var".
 

Gallery
 

Qəbul imtahanına atasının köynəyini geyinib gedir. Yolda quş köynəyini batırır. Ona deyirlər ki, narahat olma, xoşbəxtlik əlamətidir. Belə də olur. O, imtahandan 5 alır.
 
***
 
Xanəndənin sözlərinə görə, ciddi pəhriz saxlayır. Xarici dillərdən yalnız rus dilini orta səviyyədə bilir. Ən çox xoşladığı qərb ifaçısı isə Pavarotti olub. Uzun illərdir rəsmi geyimlərdən, qalstukdan imtina edib. Araqçını imic üçün yox, üşüdüyü üçün qoyduğunu etiraf edir: “Başım üşüyür, konsertlərdə kondisioner işləyir, qrip oluram. Ona görə araqçın qoyuram”.


Gallery
 

İlk dəfə toy məclisinə Kürdəxanıya - tarzən Vamiq Abdullayevlə birgə gedir. Bərk həyəcanlı imiş. Yolun yarısında “Moskviç”ini saxlayıb deyir, görəsən, məni orda bəyənəcəklər? Vamiq müəllim cavab verir ki, mən bəyənmişəm səni, onlar da bəyənəcəklər.
 
***
 
İlk dueti müğənni Almaz Ələsgərova ilə oxuyub. Əvvəl duetdən imtina etsə də, sonradan Vaqif Gərayzadənin "Səni axtara-axtara" mahnısını birlikdə ifa ediblər.


Gallery
 

Xalq artisti Ağaxan Abdullayevin sinfinə qəbul olunsa da, həmişə Hacıbaba Hüseynovun dərslərində oturur. Onun dərslərinə girmək üçün dəridən qabıqdan çıxan Alim xəlvəti, gizlicə otağa girib küncə qısılırmış ki, Hacıbaba müəllim onu görməsin. Çünki xanəndə onu görsə, dərhal sinifdən qovar, hirslənərdi: "Hacıbabanın tələbələrindən, musiqiçilərdən əvvəl gəlib sinifdə oturardım. Nəhayət, bir gün məni yanına çağırıb dedi ki, bir dəfə oxu, xoşum gəlsə, dərslərdə oturmağa icazə verəcəm, xoşum gəlməsə, bir də səni buralarda görməyim. Oxudum, bəyəndi. Dedi, həə, gəl, gəl”.
 
Oxuyur, öyrənir və Hacıbaba Hüseynovla toylara gedir.
 
***
 
Alim Hacıbaba müəllimdən yaxşı mənada “oğurluqlar” edib. Hacıbaba müəllimin maşınına əyləşəndə maqnitofonun səsini alır, muğamın dərinliklərindən sual verir, müəllimi də izah edir. Hacıbaba müəllim özü də bilmədən hər şeyi danışır, Alim isə qeyd edirdi.
 

Gallery

Xanəndə 6-7 saat fasiləsiz, qüsursuz oxuya bilir:
 
“Mənim səsim ilahi səsdir. Bəzən öz səsimi yazırdım. Yolda qoyurdum, evə gələnə qədər qulaq asırdım, ağlayırdım. Sonra evə gəlirdim, evdəkiləri yuxudan oyadırdım, onlara da qulaq asdırırdım, onlar da ağlayırdılar. Elə vaxt olub ağlaya-ağlaya oxumuşam. Öz oxumağıma ağlamışam. Toylarda oxuduğum dövrü "qaydasız döyüş" dövrü adlandırıram. Kim haradan gəldi vururdu. İndi oxumağa nə var ki? Hamı əlcək geyinir, özünü qoruyur, mikrofonu götürüb oxuyur".
 
***
 
Alim Qasımov 2012-ci il mayın 26-da Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb. 2015 Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb. Alim Qasımov uçan xalça üzərində muğam oxuyub.