Şəfəqə Doğru » Mədəniyyət » Manaf Ağayev kriminal avtoritetdirmi...

Manaf Ağayev kriminal avtoritetdirmi...

Manaf Ağayev kriminal avtoritetdirmi...
Artıq bir neçə gündür ki, müğənni Manaf Ağayevin adı müxtəlif qalmaqallarda hallanmaqdadır. Hadisələri xatırladaraq qeyd edək ki, müğənninin öncə intihara cəhd edən şəxsi xilas etməsi, bunun ardınca xanım həmkarı Mətanət Əsədovanın içkili videosunu yayanları taparaq diz çökdürməsi, daha sonra isə Azərbaycanın şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysteri Şəhriyar Məmmədyarova sponsorluq eləmək istəyi barədə verdiyi açıqlama şou-biznes gündəmini zəbt etdi.
Son olaraq, müğənnini tənqid edən, özünü jurnalist kimi təqdim edən Mirismayıl Xələfovun videogörüntü yayaraq müğənnidən üzr istəməsi böyük rezonans doğurdu.
Müğənninin adının bu cür qalmaqallarda tez-tez hallanması onun haqqında yarızarafat, yarıciddi "kriminal avtoritet” obrazı yaradır. Buradaca onu da qeyd edək ki, müğənni intihara cəhd edən məcburi köçkünü xilas etməsindən danışarkən demişdi ki, onun füzulililər arasında çox böyük nüfuzu var, füzulililərin ağsaqqalı hesab olunur. Bəzi şayiələrə görə, müğənnin çox məşhur kriminal avtoritetin əmisi oğlu ilə yaxın dostluğu, "oğru aləmi” ilə əlaqələri var. Bu həqiqətdirmi, Manaf Ağayev avtoritetdirmi?
Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan Manaf Ağayev əvvəlcə sonuncu qalmaqala aydınlıq gətirdi:  "Həmin jurnalistin kirvəsi mənim də dostumdur. Kirvəsi mənə zəng edib dedi ki, ”o səni tanımır, görüşün və barışın". Görüşümüz zamanı dedim ki, "ay qardaş, axı mən belə söz deməmişəm, niyə mənim barəmdə bu cür fikirlər səsləndirmisən?” O da dedi ki, "bağışla, yazılanlara reaksiya vermişəm”. Mən də cavab verdim ki, "gərək mənə zəng edib, mənim özümdən soruşardın”. Yəni heç kim heç kəsi nəyəsə məcbur etməyib. Beləliklə, onunla öpüşüb-barışdıq. Həqiqətən də mən şəhid anasını diz çökdürməmişəm, mən bu işin sahibi deyiləm. İstəyirəm ki, xalq məni olduğum kimi tanısın. Mənim özüm iki şəhid vermişəm. Bəyəm Qarabağda şəhid olanlar mənim əzizlərim deyil? Camaat bir himə bənddir. Məlumat yayılanda yazının yalnız başlığını oxuyur, içinə diqqət etmək istəmir".
Müğənni kriminal avtoritetlərlə bağlı olan şayiələrə isə bu cür açıqlama verdi: "Mənim heç bir avtoritetlə bağlılığım yoxdur. Nəslimdə də heç kəs həbsxanada yatmayıb, hamısı ziyalıdır. Baxın, bu günə qədər kimi vurmuşam, kiminlə dalaşmışam? Sadəcə, ”dəymə xətrimə, dəyməyim xətrinə" məsəlidir".

Özünü jurnalist kimi təqdim edən, videogrüntü yayaraq həm müğənnidən, həm də qarabağlılardan üzr istəyən Mirismayıl Xələfov isə qalmaqala bu cür aydınlıq gətirdi: "Dövlətimizin qanunları var, bu gün heç kəs kimisə ”razborka"ya çağıra bilməz. Əgər mənə təzyiq olsaydı, Manaf müəllimdən üzr istəyib, bu haqda aidiyyəti orqanlara müraciət edərdim. Lakin sadəcə olaraq mənim onunla heç bir ədavətim yoxdur. Mətbuatda qeyd olunurdu ki, o, canlı yayımlanan verilişə zəng edərək bildirib ki, "Mətanət Əsədovanın məlum qalmaqallı videosunu çəkən adamı diz çökdürmüşəm”. Sözün düzü, mən də xanım müğənninin videosunu çəkən adama pis baxıram, həmin şəxs düzgün hərəkət etməyib. Lakin mən orada qeyd etmişdim ki, "Manaf Ağayev Füzuli rayonundandır, o necə şəhid ailəsindən olan şəxsi diz çökdürə bilər?” Bundan sonra böyük qalmaqal yaşandı, mətbuat bu haqda çox yazdı. Manaf Ağayev də şəxsən mənə zəng edərək bildirdi ki, "qardaş, sənin yazdıqların mənim sənətimə, özümə xələl gətirən bir şeydir. Xalq qalxıb ayağa, məni tənqid edir”. Mən də görüşməyi təklif etdim, o da qəbul etdi. Beləliklə görüşdük. Bu zaman ortaq dostlarımız ortaya çıxdı. Görüşəndə də mənə heç bir təzyiq olunmayıb. Məni heç kəs diz çökdürə bilməz. Lakin mən videoda demişəm ki, mənim statusumu səhv başa düşən Qarabağın ağsaqqallarından üzr istəyirəm. Çünki camaat arasında narazılıq yaranmışdı. Hər kəs sosial şəbəkələrə girə bilmir. Buna görə də bəzi ağsaqqallara səhv məlumat çatdırılaraq bildirilmişdi ki, guya mən qarabağlıları təhqir etmişəm. Beləliklə, Manaf Ağayevlə kişi kimi oturub söhbət edib, məsələyə aydınlıq gətirmişik. Şəhid ailəsi birbaşa efirə bağlanaraq Manaf Ağayevlə dost olduğunu bildirdi. Mən də gördüm ki, bunlar dostlaşıb, məcbur idim ki, danışıqlara gedim və Manaf müəllimlə görüşüm".
Mirismayıl Xələfov müğənninin özünü kriminal avtoritet aparması deyimlərinə isə bu cür mövqe bildirdi: "Manaf Ağayevin kriminal avtoritet olub-olmaması, kimlərlə oturub-durması, əlaqə saxlaması və sairə haqda heç nə bilmirəm, bu onun şəxsi işidir. Sadəcə, onu deyə bilərəm ki, Manaf müəllim həm ziyalı kimi söhbət etməyi bacarır, həm də ”özünü tanıyan" insan, hörmətli oğlandır".
Maraqlıdır, bəs əslən Füzulidən olan tanınmışlar Manaf Ağayevlə bağlı qalmaqallara necə münasibət bəsləyir? Onun davranışlarını təqdir edir, yoxsa?

Zamin Hacı: "Biz onunla fəxr edirik, fəxrimizdir”

Tanınmış köşə yazarı Zamin Hacı: "Füzulililər Manaf Ağayevin sənətini çox sevir. Nəinki füzulililər, onun çoxsaylı dinləyiciləri var. O, ”Toylar kralı" seçiləndə də bütün rayon səviyyəsində böyük sevincə səbəb olmuşdu. Sanki Füzulinin işğaldan azad olunubmuş kimi bizə təsir etmişdi. O, böyük sənətkardır. Məcburi köçkün olduğu üçün bəzən ona yetərincə dəyər verilmir. Halbuki şahid oluruq ki, bəzilərinin səsi, sənəti olmadığı halda onu önə çəkirlər. Ümid edirəm ki, yaxın vaxtlarda Manaf Ağayevə xalq artisti adı verilər. Manaf Ağayev həm gözəl sənətkar, həm də gözəl insandır. Hətta şahidi oluruq ki, intihar etmək istəyən insanların yanına o, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından da tez gəlir. Bunun özü də bir hikmətdir. O, insanları xilas etmək üçün daim çalışır, halbuki bu onun vəzifəsi deyil. Həm də gördük ki, Manaf Ağayev təkcə füzulililərə deyil, digər bölgələrdən olan insanlara da yardım etməyə çalışır. Məsələn, bu günlərdə məşhur şahmatçı Şəhriyar Məmmədyarova yardım etmək istədiyi barədə açıqlama vermişdi. Məlum olduğu kimi, Şəhriyar əslən Zəngilan rayonundandır. İnanıram ki, sabah Gəncədən, Lənkərandan, Qubadan və digər bölgələrdən olan idmançılar yardım üçün Manaf Ağayevə müraciət etsə, o, bu istəkləri geri qaytarmaz. Biz füzulili kimi Manaf Ağayevlə fəxr edirik, o bizim fəxrimizdir".

Xalid Kazımlı: "Öz sənəti ilə məşğul olsa, daha yaxşı olar”

Musavat.com saytının baş redaktoru Xalid Kazımlı da müğənninin böyük hörmət sahibi olduğunu bildirdi: "Manaf Ağayevlə şəxsi tanışlığımız yoxdur. Yalnız 18 il bundan əvvəl bir dostumla əlaqədar onunla danışmışıq. Lakin qeyd edim ki, o, hörmətli insandır. Çünki sayğılı, böyük-kiçik yeri bilən, mərd, əliaçıq adamdır. Lakin son vaxtlarda onun məlum şou-qalmaqallarında adının hallanmasını istəməzdim. Müğənninin müğənni, ictimai-siyasi fəalların öz işi var. Gərək Manaf öz müstəvisindən digər müstəviyə transfer etməzdi. Yəni sənəti ilə məşğul olsa daha yaxşı olar”.