"Bu gün ayrı-ayrı rayonlarda yaradılan təsərrüfatların sahibləri hökumətdə işləyən yüksək çinli məmurlardır”.
Bu sözləri Modern.az saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.
Məmur 30 min hektarda nə əkib-becərir?...
V.Məhərrəmov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məmurların torpaq sahələrini zəbt etməsilə bağlı fikirlərinə dəstək olaraq deyib ki, hətta 30 min hektar əkin sahəsi olan məmurlar var:
"Axı bu məmurların təsərrüfatlara nəzarət etmək, biznesin yaxşılaşdırılması, məhsulun keyfiyyətinin artırılması istiqamətində hər hansı addım ata bilmələri üçün vaxtları yoxdur.
Onlar nazir, yaxud nazir müavini kimi verilən vəzifənin öhdəsindən gəlmək üçün bütün günlərini paytaxt Bakıda keçirirlər. Həmin təsərrüfatlarda hər an situasiya dəyişir. Yəni, hər an lazımi qərarlar verməyə ehtiyac yaranır, məmurlar isə sahədə olmur...
Xüsusilə iqlim dəyişikliyi müşahidə edilən bir dövrdə buna uyğun olaraq, da tez-tez dəyişik qərar vermək lazım gəlir.
Riskləri azaltmaq, suvarma suyuna olan ehtiyacı ödəmək üçün addımlar atılmalıdır”.
"Azərbaycanın da elə geniş ərazisi yoxdur ki...”
Mütəxəssis bildirib ki, hansısa ehtiyacın ödənilməsi 1-2 gün gecikəndə məhsuldarlıq həmin an aşağı düşür:
"Bitki gözləyə bilmir. Bu sahə çox böyük diqqət tələb etdiyi halda bizim məmurlar həmin əraziləri pulla alır, yaxud zəbt edərək özləri üçün təsərrüfat yaradırlar. Hətta onların yaratdığı təsərrüfatlarda məhsuldarlıq ürəkaçan deyil. Dövlət büdcəsi hesabına nə isə etsələr belə, istehsal edilən məhsullar rəqabətqabliyyətli, xarici bazara çıxarılası deyil.
Azərbaycanın da elə geniş ərazisi yoxdur ki, həm məmurlar zəbt etsin, həm də kəndlilər mal-məhsul istehsal edib ölkənin ərzaq məhsullarına olan təminatını həyata keçirsinlər və bundan başqa məhsul ixrac edib ölkəyə valyuta gətirsinlər.
Biz torpaqlardan səmərəli istifadə etməliyik. İntensiv yolla əkinçiliyi inkişaf etdirib özümüzün ərzaq mallarına olan tələbatını ödəməliyik. Digər tərəfdən də nəzərə almalıyıq ki, neft gəlirlər kəskin azalıb. Yəni, bizim aqrar ölkə kimi kənd təsərrüfatını inkişaf etdirib ölkəyə valyuta gətirməkdən başqa çıxış yolumuz yoxdur. Bizim ölkəmiz Avropa ölkələri ilə rəqabətə girəcək səviyyədə deyil ki, sənaye məhsulu istehsal edib ölkəyə valyuta gətirək”.
"Bu, ərzaq təhlükəsizliyinə təhdiddir”
Ekspertin sözlərinə görə, bu gün əkinə yararlı torpaqlardan səmərəli istifadə olunmur:
"Pullu məmurlar, imkanlı oliqarxlar dövlətdə tutduqları vəzifələrdən sui-istifadə edib kəndlilərin əlindən torpağını dəyər-dəyməzinə alır, güclə zəbt edirlər. Qol gücünə alınmış torpaqlardan isə lazımınca istifadə etmirlər. Bu da Azərbaycanın gələcəyi üçün çox ciddi təhlükə yaradır. Bu, bizim ərzaq təhlükəsizliyimizə birbaşa təhdiddir”.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında xüsusilə aqrar sahə ilə bağlı məsələlərə böyük diqqət ayırıb. Dövlət başçısı bildirib ki, bəzi hallarda torpaqlar zəbt edilib. O qeyd edib ki, minlərlə torpaq sahələri hasarlanıb, orada heç bir fəaliyyət göstərilmir. Ölkə başçısı zəbt edilmiş torpaqların sahibləri arasında məmurların da olduğunu vurğulayıb.