Şəfəqə Doğru » Gündəm » Ukrayna üçün “Qarabağ variantı” - iki şəhəri itirə bilər xəbərdarlığı

Ukrayna üçün “Qarabağ variantı” - iki şəhəri itirə bilər xəbərdarlığı

Ukrayna üçün “Qarabağ variantı” - iki şəhəri itirə bilər xəbərdarlığı
Son günlər Ukraynanın Donbasda müharibəyə hazırlaşdığı haqda ən müxtəlif səviyyələrdə iddialar var. Donbasdakı qondarma qurumların vaxtilə birləşdiyi "Novorossiya parlamenti”nin sabiq spikeri Rusiya KİV-lərinə gözlənilən müharibə təhlükəsini Qarabağ müharibəsi ilə müqayisə edib.

O deyib ki, Ukraynada "Qarabağ variantı” getdikcə daha aydın görünür. Xüsusilə Türkiyənin Ukraynaya tədarük etdiyi pilotsuz uçaqlara işarə edib. Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna telekanalının efirində bildirib ki, ölkənin bəzi ərazilərini itirmək təhlükəsi var. Saakaşvili işarə edib ki, müharibə olacağı təqdirdə, Mariupol və Xerson kimi şəhərlər də Rusiyanın nəzarətinə keçəcək. Çünki Rusiyanın platsdarm yaratmaq və Krımı su ilə təmin etmək üçün bu şəhərləri ələ keçirməyə ehtiyacı var.

Xatırladaq ki, bundan əvvəl də Ukrayna siyasətçiləri ölkənin bəzi ərazilərinin itirilməsi təhlükəsi haqda xəbərdarlıq ediblər. Bunlar həm ənənəvi olaraq Rusiya ilə münasibətlərə bağlı olan şərq bölgələri, həm də rumın və macar icmalarının üstünlük təşkil etdiyi qərb bölgələrinin bir hissəsi də ola bilər.

Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra ərazi problemi olan Ukraynanın müharibə variantını nəzərdən keçirdiyi haqda daha çox danışılır.

Bütün bunlardan sonra haqlı olaraq çoxsaylı suallar yaranıb. Saakaşvilinin xəbərdarlığı nə qədər ciddidir? Rusiya Ukrayna ilə müharibəyə gedərmi? "Qarabağ variantı” Ukraynada alına bilərmi?

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu "Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın etnik separatçılıq üzərində əldə etdiyi tarixi qələbə bu sindromdan əziyyət çəkən bəzi ölkələr üçün ilham qaynağına, yaxud arzu edilən hərbi-siyasi modelə çevrilib: "Nəzərə almaq lazımdır ki, postsovet məkanında xeyli sayda bənzər problemlər var və onların həll olunmamış qalması bütövlükdə qarşılıqlı inteqrasiya və əməkdaşlığa ciddi zərbə vurur. Ancaq eyni zamanda bir xüsusü də diqqətə almaq lazımdır ki, postsovet məkanında hələ də mövcud olan problemlər hər nə qədər bənzər olsalar da, bir o qədər də fərqlidirlər. Bunun üzərinə ayrı-ayrı ölkələr arasında fərqli münasibətlər sisteminin olduğunu da gəlsək, o zaman aydın olar ki, Azərbaycan təcrübəsini standart olaraq digər münaqişələrə tətbiq etmək elə də asan məsələ deyil. Ukrayna məsələsinə gəldikdə isə burada mənzərə bir qədər daha mürəkkəb və çətindir. Çünki Ukrayna Şərqi Avropanın mühüm ölkələrindən biridir və onun mövqeyi geostrateji rəqabətdə bəzən həlledici rol oynaya bilir. Ona görə də bu regionda hadisələrin gələcək inkişafı ən azı iki istiqamət üzrə fərqli strateji kombinasiyalar tələb edir. Bunlar Krım və Donbass məsələlərinə fərqli yanaşmaların və baxışların olması ilə əlaqədardır. Ona görə də Rusiya-Ukrayna münasibətlərinin gələcək perspektivlərini də bu kontekstdə qiymətləndirmək lazımdır”.

Politoloq Əhəd Məmmədli isə qeyd etdi ki, II Qarabağ savaşı bir çox ilklərlə tarixə keçib: "Bu müharibə postsovet məkanının separatçı bölgələrinin birinin məğlub edilməsi ilə nəticələndi. Bununla Azərbaycan separatçı rejimlərdən əziyyət çəkən ölkələrə bir nümunə göstərdi. Müharibə gedən zaman Türkiyə-Ukrayna münasibətləri çox sıx oldu. Siyasi və hərbi əlaqələr daha da sıxlaşdı. Ukrayna bu və ya digər üstünlüklərindən çıxış edərək Donbass hazırlıqlarına başladı. Rusiya təbii ki, bundan narahatlığını gizlədə bilmədi. Düzdür, Ukraynanın vəziyyəti Azərbaycandan fərqlidir. Ukrayna Rusiya ilə üzbəüzdür. Bilirsiniz ki, Putinin əsas niyyəti, siyasəti rus dünyasına sahiblənməkdir. Rusiya digər ölkələrə təcavüz etməklə öz mənafeyini qorumağa çalışır. Təəssüflər olsun ki, buna da çox zaman nail olur. Təcavüzə uğrayan ölkələrdən biri də Ukrayna oldu. Türkiyə-Ukrayna münasibətlərinin daha da yaxşılaşması və Rusiya daxilində narazılıqların durmadan dərinləşməsi rəsmi Kiyevin Donbasda əməliyyatlara başlamasını istisna etmir. Rusların ən çox narahatlığı bununla əlaqədardır. Eyni zamanda Rusiya daxildə baş qatmaq üçün əks-hücumla Ukraynanın növbəti şəhərlərini işğal edə bilər. Bu təhlükə də var və Ukrayna buna da hazır olmalıdır. Əgər Qərb yenə Ukraynanı Rusiya ilə təkbətək qoysa, o zaman yeni ərazilərin itirilməsinin şahidi ola bilərik. Əksi olarsa, yəni Ukraynaya siyasi və hərbi dəstək verilsə, Türkiyə ilə yaxınlaşma davam etsə, o zaman rəsmi Kiyev Donbasda antiterror əməliyyatları keçirə bilər”.
"Yeni Müsavat”