Şəfəqə Doğru » Gündəm » Virus haradan çıxdı ?

Virus haradan çıxdı ?

Virus haradan çıxdı ?
Dünya Səhiyyə Təşkilatı Covid19 pandemiyasının səbəbkarı olan Sars-COV-2 virusunun insana haradan keçməsi ilə bağlı Çində rəsmi missiya həyata keçirir. Bu missiyanı aparan bir qrup elm adamının məqsədi həm də bir ildən artıqdır şayiələrə, şübhələrə və qorxulu bir çox iddialara yeni bir cavab gətirməkdir. 
 
Amerikanın keçmiş prezidenti Donal Trampın komandası bunun Çində bir laboratoriyadan sızdığı ya da sızdırıldığını ortaya atdıqdan sonra virusun kökü barədə dünya səviyyəli debatlar daha da genişləndi. Çin dövləti bunu bir başa özünə qarşı hücum kimi dəyərləndirirdi. Trampın özü virusu "Çin virusu" adlandırırdı. 
 
Fransız mətbuatının əldə etdiyi məlumata görə elm adamlarının hazırda apardığı tədqiqat başa çatmaq üzrədir. Araşdırma yenidən təsdiq edir ki, virusun bilinən ilk mənbəyi yarasalardır. Ancaq, yarasaya haradansa keçibmi bu yenə də qaranlıq qalır. Məlum olur ki, virus insana bir başa yarasadan deyil, başqa bir heyvana, ondan sonra insana ötürülmüşdür. Böyük ehtimalla bu heyvan pişik ya da gəlincikdir. 
 
Analiz budur ki, virusun yarasalarda tapılan halı onillər bundan əvvəl mövcud olmuşdur və virusun insana zərər verə biləcək qədər yetişməsi və insana ötürülməsi prosesi mərhələli olaraq uzun illər ərzində baş vermişdir. Bu dəqiqləşdirmə eyni zamanda neçə vaxtdır günahlandırılan qarışqayeyənləri (panqolinlər) "məsuliyyətdən azad edir". 
Digər "bəraət" Çinin Wuhan şəhərindəki məşhur bazara gətirilir. Qeyd olunur ki, virusun mənbəyi heç də bir ildən bəridir inanıldığı kimi, dəniz məhsulları və heyvan əti satılan həmin şəhərin Hunanan bazarı deyildir. Böyük ehtimalla virus oraya başqa yerdən gəlib (tutaq ki, yoluxmuş bir adam vasitəsilə, ya da oraya dondurulmuş şəkildə başqa yerdən çatdırılmış ət məhsulları vasitəsilə). 
 
Alimlər "Trampçı" amerikalıların dediyi, "laboratoriyadan sızıb" iddiasını isə qətiyyən rədd edirlər. Beləliklə, bu virusun "yaradılmış", "hazırlanmış", süni bir virus olduğu ehtimalını tamamilə inkar edirlər. Doğrudur ki, Wuhan şəhərində böyük laboratoriya fəaliyyət göstərir və onun əsas fəaliyyəti qorxulu xəstəliklər törədən elementlər üzərində tədqiqatlara yönəldilmişdir, ancaq bu o demək deyil ki, məlum virus məhz oradan çıxmış və yayılmışdır. Alimlər həmfikirdirlər ki, virus təbiidir, təbiətdən gəlmişdir və onun laboratoriyada hazırlanmasından söhbət gedə bilməz. 

Bunlarla yanaşı onu da qeyd etmək lazımdır ki, bu tədqiqçıların yalnız Çin hökumətinin imkan verdiyi çərçivədə axtarışlar etməsinə icazəsi vardır və bu da virus ətrafında bütün sirlərin açılmasını ləngidir.