Şəfəqə Doğru » Gündəm » İşğaldan azad olunmuş ərazilərə heyvandarlıq təsərrüfatları mülki əhalidən qabaq necə gedir?

İşğaldan azad olunmuş ərazilərə heyvandarlıq təsərrüfatları mülki əhalidən qabaq necə gedir?

İşğaldan azad olunmuş ərazilərə heyvandarlıq təsərrüfatları mülki əhalidən qabaq necə gedir?

İyun ayının əvvələrindən sosial şəbəkələrin azərbaycan dilli səhifələri işğaldan azad olunmuş Kəlbəcər bölgəsinə köç və arı qutularının daşınmasını göstərən videolar yayır.

Həvəskar videolarda mal-qoyun sürüsünün və arı ailələrinin Kəlbəcərdəki yaylaqlara yollandığı bildirilir. Bu yaxınlarda isə həmin rayonun ərazisində ikisi jurnalist olmaqla 3 azərbaycanlı mülki şəxs mina partlayışı nəticəsində həlak olub, 4 nəfər yaralanıb. Eyni zamanda rəsmi dövlət medialarında hər gün işğaldan azad olunmuş ərazilərə getməmək barədə çağırışlar edilir, həmin yerlərin minalar və partlamamış hərbi sursatlarla zəngin olduğu bildirilir.

Azərbaycanda polis postlarından yayınaraq həmin ərazilərə gedənlər barədə qanuni cəzalar tətbiq edilir. Hökumət isə hələ ki, işğaldan azad olunmuş ərazilərə mülki şəxslərin nə zaman gedəcəyi planını açıqlamayıb.

Kəlbəcərə köç gedən maldarlıq və arıçılıq təsərrüfatları

Sosial şəbəkələrdə Kəlbəcərə gedən köçləri göstərən videolara onlarla adam tənqidi şərh yazıb və mülki əhalinin həmin əraziyə buraxlmamasını, heyandarlıq təsərrüfatlarının oraya daşınmasına icazə verilməsini qınayıb.

Kəlbəcərdə "beş arı, 5-6 maldarlıq təsərrüfatı"

Azərbaycan Arıçılar Assosiasının sədr müavini Sabir Mustafayev BBC News Azərbaycancaya deyib ki, iyunun 7-dən onun arıları Kəlbəcərə gətirilib və onun özü də oradadır.

"Bizim arılar İsmayıllıdaydı və bir günə gəlib Kəlbəcərə çatdıq. Yolumuz uzun və ağır keçdi, amma gəlib çatdıq. Kəlbəcərdə tunel zonası deyilən ərazidəyik", - Sabir Mustafayev deyib.

Sabir Mustafayev bildirib ki, arı təsərrüfatının, 30 il əvvəl buradan çıxandan sonra indi geri qayıda bilməsindən məmnundur.

Təhlükəsizlik və mina məsələsi ilə bağlı o deyib ki, minalanmış ərazilər "döyüş gedən yerlərdə, Murov dağı istiqamətinə olur".

Sabir Mustafayev

Sabir Mustafayev

"Ərazilər yoxlanılıb, biz öz istədiyimiz yerə gəlib düşməmişik - hərbçilərin göstərişi, nəzarətiylə hara təhlükəsizdir, ora gəlmişik. Təsərrüfatlarımızı qurduğumuz ərazi hərbçilərə yaxındır. Onlar təhlükəsizliyi təmin edirlər", - Sabir Mustafayev deyib.

Onun sözlərinə görə, Kəlbəcər ərazisinə getmək üçün arıçılar müraciət edib və Kənd Təsərrüfatı Nazirliyi pilot layihə təşkil edib.

Arıçı bildirib ki, hazırda Kəlbəcərdə "beş arı, beş-altı da maldarlıq təsərrüfatı var".

"Bu pilot layihədir, ola bilsin ki, hər şey normal keçsə, daha çox təsərrüfat gələ bilər. Təhlükəsizlik baxımından təsərrüfatlar yaxın yerlərdə yerləşiblər. Maldarlıq təsərrüfatları da çox uzaqda deyil. Bura müxtəlif vaxtlarda gəlmişik", - cənab Mustafayev bildirib.

"Lokal işlər iqtisadi cəhətdən faydalı deyil"

İqtisadi məsələlər üzrə təhlilçi Natiq Cəfərli hesab edir ki, indiki şəraitdə bu təsərrüfatların Kəlbəcər və digər işğaldan azad olunmuş ərazilərə aparılması bir çox suallar doğurur.

"Ümumi bir məskunlaşma proqramı qəbul edilməyibsə, təhlükəsizliklə bağlı problemlər həllini tapmayıbsa, minalarla bağl məsələ hələ də itkilərə səbəb olursa, bu təhlükəsizliklə bağlı məsələlərin həlli olmadan hansısa formada orada təsərrüfat işlərinin görülməsi həm fiziki təhlükələrə yol açır, həm də böyük bir iqtisadi səmərəsi də yoxdur", - Natiq Cəfərli deyib.

Cənab Cəfərli hesab edir ki, bu ərazilər kiçik sahələrdir və onların "Azərbaycan iqtisadiyyatına hansısa ciddi fayda gətirməsi inandırıcı deyil".

Onun sözlərinə görə, "lokal olaraq bir neçə on və bir neçə yüz hektarın təsərrüfata cəlb olunmasının, çəki olaraq Azərbaycan iqtisadiyyatında payı dəryada bir damlaya bərabərdir".

Şərhçi deyir ki, hökümətin bu addımını "iqtisadi fürsətləri artırmaq kimi izah etmək olmur və çoxlu suallar və anlaşılmazlıq yaradır".

"İşğaldan azad olunmuş ərazilərə səfərlərin məhdudlaşdırlması mərkəzləşdirilmiş qaydada həyata keçirilirsə, o zaman bu kimi təsərrüfat sahələrinin orada yaranmasına səbəb nədir? Bunun arxasında hansı səbəblər və ya hansı insanlar durur ki, rahat şəkildə mülki əhali üçün qadağan olunan yerlərdə fəaliyyət göstərə bilirlər", - Natiq Cəfərli qaranlıq qalan məsələləri sadalayır.

"Xırda və iribuynuzlu mal-qaranın bir qismi dövlətindir"

Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, işğaldan azad edilmiş Kəlbəcər rayonuna aparılan və sosial şəbəkələrdəki videolarda təsvir olunan xırda və iribuynuzlu mal-qaranın bir qismi dövlətin balansındadır, bir hissəsi isə Kəlbəcər rayonundan olan fermerlərə məxsusdur.

DİN Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov deyib ki, həmin fermerlərin sürünü yaylağa aparmaq barədə müvafiq dövlət qurumundan "icazələri olub".

mal- qara, inək, Azərbaycan inəkləri

Kəlbəcər rayonuna aparılan xırda və iribuynuzlu mal-qaranın bir qismi dövlətin balansındadır, DİN deyir.

Onun sözlərinə görə, onların icazəsi olduğundan mal-qara, eləcə də sürünün yanındakı şəxslərin "polis və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə, təhlükəsizlik tədbirləri görülməklə qeyd edilən yaylağa aparılması təmin edilib".

Kənd Təsərrüfatı Nazirliyindən hələ ki, maldarlıq və arıçılıq təsərrüfatlarının işğaldan azad olunmuş bölgələrə aparılması məsələsinə rəsmi münasibət öyrənmək mümkün olmayıb.

Bəs mal-qara, Daxili İşlər Nazirliyinin dediyi kimi dövlətin balansında necə saxlanır? Nə Kənd Təsərrüfatı Nazirliyi, nə də Milli Məclisin Aqrar siyasət komitəsindən bu barədə şərh almaq mümkün olmayıb.

İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq yeddi aya yaxın vaxt keçsə də, münaqişədən miras qalan minalanmış sahələr problemi aradan qaldırılmayıb: azad olunmuş torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir.

İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş əraziləridə minalara düşmə nəticəsində 23 nəfər Azərbaycan vətəndaşı həlak olub, 89 nəfər ağır yaralanıb.

Bu il insanların minaya düşərək ölməsi və yaralanması hadisələri əsasən Gədəbəy və Kəlbəcər rayonlarının ərazisində baş verib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası təşkilatının bildirdiyinə görə, ümumilikdə bu il ərzində Azərbaycanın 59 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.